Mədəniyyət Nazirliyi və British Council (Britaniya Şurası) tərəfindən ölkəmizdə yaradıcı sənayelərin inkişafına dair birgə layihə reallaşdırılır. “Azərbaycanda yaradıcı iqtisadiyyatın institusional quruluşuna dəstək” adlı layihə çərçivəsində britaniyalı ekspertlərlə onlayn görüş keçirilib.
Görüşdə Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelərə dair İşçi Qrupunun rəhbəri Vasif Eyvazzadə, mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, British Council-ın Azərbaycan ofisinin rəhbəri Samr Şah, təşkilatın nümayəndəsi Dilarə İbrahimova və Böyük Britaniyadan yaradıcı sənayelər üzrə ekspertlər Gail Caig, Jon Zeff, John Newbigin iştirak ediblər.
Öncə British Council-ın Azərbaycan ofisinin rəhbəri Samr Şah və nazirliyin Aparat rəhbəri Vasif Eyvazzadə çıxış ediblər.
Samr Şah Mədəniyyət Nazirliyinin Azərbaycanda yaradıcı sənayelərin inkişafı istiqamətində atılan addımları dəstəklədiklərini və bu işdə Böyük Britaniyanın təcrübəsini təşkilat olaraq bölüşməyə hazır olduqlarını qeyd edib. Vasif Eyvazzadə British Council və Mədəniyyət Nazirliyi arasında uzun illərdir davam edən sıx əməkdaşlıq əlaqələrindən bəhs edərək, 2018-2019-cu illərdə yaradıcı sənayelər sahəsində iki qurum arasında görülən işləri yüksək dəyərləndirib.
Sonra yaradıcı sənayelər üzrə mütəxəssis və Creative England təşkilatının həmtəsisçisi John Newbigin Böyük Britaniyanın bu sahədə keçdiyi yol və əldə etdiyi təcrübə barədə təqdimatla çıxış edib. Britaniyalı ekspert yaradıcılığın və yüksək texnologiyaların sıx əlaqəsini təcəssüm etdirən və hər il təşkil olunan “CreaTech” layihəsinin vacibliyini vurğulayıb.
Uzun müddət Creative England təşkilatının islahatlar üzrə rəhbəri olaraq çalışmış Cail Caig Böyük Britaniyanın mədəniyyət sahəsində dövlətin siyasətini həyata keçirən Mədəniyyət, Media və İdman Departamenti barədə iştirakçılara məlumat verib. Xanım Caig ölkəsinin yaradıcı sənayelərə dair sahələrin idarə olunması ilə məşğul olan agentliklərin vəzifələri və strukturu barədə də danışıb.
Dörd ildən çox Creative İndustries Council (Yaradıcı Sənayelər Şurası) təşkilatında çalışan və bu sahədə geniş biliklərə malik Jon Zeff yaradıcı sənayelərin inkişafı üçün dövlət və özəl sektor tərəfindən təqdim olunan fondlar, dövlətin bu sahələrə maliyyə dəstəyi, kiçik biznesin dəstəklənməsi, rəqəmsal mühitdə müəllif hüquqlarının qorunması barədə Böyük Britaniyanın təcrübəsini bölüşüb.
Onlayn görüşdə daha sonra mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, digər iştirakçılar və xarici ekspertlər arasında fikir mübadiləsi aparılıb.