Hər il 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif sahələrdə uğur qazanmış gənclərimiz dövlət başçısı tərəfindən mükafatlandırılır. Gənclərin fəaliyyətinə verilən yüksək qiymət onları daha səylə çalışmağa, yeni uğurlar qazanmağa sövq edir.

Prezident İlham Əliyev 2 fevral 2021-ci il tarixində “2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfər “Gənclər üçün Prezident mükafatı”na layiq görülüb.

Mükafatçılar sırasında istedadlı vokalçı Atəş Qarayev və gənc yazar, ədəbiyyatşünas Ramil Əhməd də var.

***

Atəş İbrahim oğlu Qarayev 1993-cü ildə Bakı şəhərində anadan olub. Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq incəsənət məktəbində və paytaxtda fəaliyyət göstərən Şuşa Musiqi Kollecində təhsil alıb. 2014-cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. 2017-2019-cu illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı solisti olub. 2015-ci ildə Sankt-Peterburqda keçirilən opera ifaçılarının 7-ci beynəlxalq müsabiqəsinin diplomantı adına layiq görülüb. 2017-ci ildə Musiqili Teatr tərəfindən “Mövsümün debütü” diplomu ilə təltif olunub. 2018-ci ildə Moskvada Yelena Obraztsova Fondu tərəfindən təşkil olunan “Xose Karreras Qran-pri” tenorlar müsabiqəsində finala yüksəlib. 2019-cu ildə Rusiya “Bolşoy Teatr”ının gənclər truppasının solisti olub.

Atəş Qarayev 2020-ci ildə xalqımıza şanlı Qələbə sevinci yaşadan Vətən müharibəsində könüllü olaraq iştirak edib.

***

Ramil Bayram oğlu Əhmədov 1994-cü ildə Bərdədə anadan olub. 2011-ci ildə Şuşa rayon 2 saylı orta məktəbini, 2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Sonra Türkiyədə Memar Sinan Gözəl Sənətlər Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin magistr pilləsində təhsil alıb. 2018-ci ildə İstanbul Universitetinin yeni türk ədəbiyyatı ixtisası üzrə doktorantura pilləsinə qəbul olunub.

Bədii yaradıcılıqla da məşğul olan Ramil Əhməd Azərbaycan Yazıçılar Birliyi (AYB) və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan (2013-2015) “Gənc ədiblər məktəbi”nin məzunudur. 2015-ci ildə “Zaman tuneli” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Kitab 2020-ci ildə Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində Türkiyədə də nəşr olunub. 2018-ci ildə “İki şəhərin yazıları” adlı esselər kitabı çapdan çıxıb. Gənc yazar həmçinin ötən il Mədəniyyət Nazirliyinin Vətən müharibəsi zamanı elan etdiyi vətənvərpərlik mövzusunda ədəbi yaradıcılıq müsabiqəsində qalib olub.  2013-cü ildə gənc şair və yazıçılar üçün Prezident təqaüdünə layiq görülüb, 2015-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər mükafatı” ilə təltif edilib.

Mükafatçıları təbrik edir, yeni uğurlar arzulayırıq.