“Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq edilib. Prezident İlham Əliyev fevralın 4-də bununla bağlı fərman imzalayıb. Fərmanda qeyd olunur ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər.

Yanvarın 19-da işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalanıb. Xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında dövlət başçısını təmsil edən vəzifəli şəxsdir.

Əsasnamədə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin fəaliyyət istiqamətləri, vəzifə və hüquqları əksini tapıb. Xüsusi nümayəndəlik işğaldan azad olunmuş ərazilərdə müəyyən edilmiş vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsidir. Xüsusi nümayəndəlik müvafiq ərazidə yerləşir və onun səlahiyyətləri həmin ərazi ilə məhdudlaşır.