Bu il dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə; 1921-2017) anadan olmasının 100 illiyi qeyd olunur.

Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixdə görkəmli aliminin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizdə yubileylə bağlı müxtəlif layihələr həyata keçirilir, böyük alimin həyat və yaradıcılığına nəzər salınır.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən görkəmli elm xadiminin doğum günü (4 fevral) münasibətilə “Lütfi Zadə – 100” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə alimin həyat və fəaliyyətini əks etdirən materiallar, rəsmi sənəd, fotolar, müəllifi olduğu kitablar, eləcə də haqqında yazılmış kitab və məqalələr nümayiş olunur.

Bakı şəhərində anadan olan Lütfi Zadə ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olub. Onun irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoyub və yeni yanaşma üsulları meydana gətirib. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərib, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb.

Virtual sərgi ilə tanış olmaq istəyənlər

http://anl.az/el/vsb/Lutfi_Zade_100/index.htm linkindən istifadə edə bilərlər.

***

Respublika Gənclər Kitabxanası isə dünya şöhrətli alimin yubileyi ilə bağlı “Müasir elmin korifeyi – Lütfi Zadə 100” adlı videoçarx hazırlayıb.

Kitabxanadan bildirilib ki, videoçarx alimin həyatına, elmi fəaliyyətinə səyahət formasında ərsəyə gətirilib. Videoçarxa baxmaqla istifadəçilər Lütfi Zadənin uşaqlıq illəri, ibtidai və ali təhsil dövrü, Amerikada başladığı uğurlu elmi fəaliyyəti haqqında geniş məlumat əldə etmiş olacaqlar. Burada alimin ona dünya şöhrəti gətirən 6 mühüm nəzəriyyəsi haqqında məlumat verilir, həmçinin Lütfi Zadənin elmdə “Z-çevirmə” kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyəsindən də söhbət açılır.

Azərbaycanın fəxri, professor Lütfi Zadənin öz Vətəninə, millətinə olan bağlılığı və bu sevgiyə cavab olaraq ölkə rəhbərliyinin, elmi dairələrin və bütövlükdə xalqımızın böyük alimə olan dərin hörmətinə dair faktlar videoçarxda yer alıb. Təsadüfi deyil ki, həyatının çox hissəsini Azərbaycandan kənarda yaşayan alim ölümündən sonra doğma Vətənində dəfn olunmasını vəsiyyət etmişdi. ABŞ-da vəfat edən böyük azərbaycanlının vəsiyyəti yerinə yetirilib və 2017-ci il sentyabrın 29-da Bakıda I Fəxri xiyabanda dəfn edilib.