“Musiqiçi olaraq taleyimi hərbiyə bağladığım üçün, həyatımın 50 ildən artıq bir dövrünü bu sistemdə keçirdiyim üçün peşman deyiləm. Əksinə, taleyimə minnətdaram”

Biz jurnalistlərin “çətin müsahib” və ya “danışmağı sevməyən həmsöhbət” adlandırdıqları qəhrəmanları da olur, bəzən. Mənim üçün də dirijorlar o kateqoriyadakı müsahiblər sırasındadır. Bu mənadakı az-çox təcrübəmi və söhbət edəcəyim adamın həm də hərbi dirijor və general olduğunu nəzərə alıb xeyli gərildim. 75 yaşının 50 ili  fasiləsiz xidmət və sənətdə keçmiş insanı söhbətə çəkəcəkdim...

Görüşə yüngülvarı yubanmağımın da əlavə elədiyi gərginliklə məkana çatdım. Hərbi  rütbəli şəxslər məni onun otağına qədər müşayiət elədilər. Böyük və işıqlı otaqdakı general-mayor ənənəvi hərbçi şuxluğu ilə ayağa qalxıb mənə tərəf gəldi. Söhbətin ovqatını yumşaltmaq üçün “Sizə hərbi salam verməliyəm də yəqin” deyib sağ əlimi gicgahıma apardım. Yumorumu anında duyub, güldü və “azad” deyib əl verdi. Bayaqkı gərginlik yerini maraqlı söhbətə verdi.

Beləliklə, həmsöhbətim Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Nəfəs və zərb alətləri kafedrasının müdiri, Xalq artisti, professor, general-mayor Yusif Axundzadədir.

 

– Maşallah, sizi və 75 yaşı heç cür yanaşı qoya bilmirəm.

– Hə, bilirəm, axı, bunun üçün xeyli çalışmışam (gülür). Zarafatsız, heç illərin necə gəlib keçdiyini özüm də bilmədim.

 

– Yəqin zamana qarşı vuruşmaqdandır...

– Zamana qarşı vuruşmaq deyəndə ki, yox, sadəcə, mənə verilən ömrü maraqlı, məhsuldar və dolğun yaşamağa çalışmışam. Zamanın mənə nə isə gətirəcəyini gözləmədən, nə isə ummadan, çalışmışam, məqsədyönlü yaşamışam və şükür ki, nəticə də pis alınmayıb.

 

– Fleyta ifaçısı utancaq gənc sənət və həyat yolunda ali rütbələrə çatıb...

– Doğrudur, çətin olub, ağır sınaqlardan keçib qarşınızdakı bu adam. Amma heç vaxt dayanmayıb, yorulmayıb, küsməyib, küsdürməyib. Həmişə deyirəm, qoy elə sizə də deyim: gərək ürəyini daim təmiz saxlayasan. Ora paxıllıq, xof və kin girdisə, səni içindən gəmirəcək və heç nəyə nail olmayacaqsan. Həyatın mənə öyrətdiyi çox böyük mətləblərin ən başında böyük ürəklə yaşamaq və zəhmətinə, ağlına, bacarığına arxalanmaq durur. Daim  gənclərə də deyirəm istedad, zəhmət, bilgi və nikbinlik uğurun açarıdır. Bir də özünəinam. Kiməsə arxayın olub, xumarlandınsa, batdın. Çalışın, durmadan hədəflərinizə doğru gedin.

 

– Müsahibələrinizin birində “Bütün şəxsi arzularıma çatmışam. Ancaq xəyalı ilə yaşadığım ən böyük arzum hələ yerinə yetməyib. O arzum budur ki, düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunsun. Mənim dirijorluğumla hərbi orkestr qələbə paradı səsləndirsin” demişdiniz.

– Bəli, bundan böyük xoşbəxtlik ola da bilməzdi. Müzəffər Ali Baş Komandanımız, şanlı Ordumuz Zəfər çaldı və möhtəşəm zəfər paradı da tarixə yazıldı. Təəssüf ki, mən o paradda dirijorluq edə bilmədim, xəstələndim. Paradda Bakı Qarnizonunun Birləşmiş Hərbi Orkestrinə oğlum, polkovnik-leytenant, Əməkdar incəsənət xadimi Rüfət Axundzadə dirijorluq etdi. Ondan əvvəl hər gün edilən gərgin məşqlər, açıq havada saatlarla dayanmağım soyuqlamağıma səbəb oldu və mən  koronavirusa yoluxdum. Beləcə, hər bir qürurlu vətəndaş kimi mən də sevinc və həyəcanla paradı televiziyadan seyr etdim. 

 

– Sizinlə söhbət etdikcə qarşımda iki obrazın ifaçısını görürəm: azad ruhlu  musiqiçi və intizamlı hərbçi. Siz daha çox hansısınız?

– Maraqlı sualdır. Bilmirəm, siz daha çox hansını görürsünüzsə, o. Daha doğrusu, hansını görmək istəyirlərsə, o. Məsələn, siz mənimlə musiqiçi kimi danışırsınız, deməli, musiqiçi. Ümumiyyətlə, mən hərbi musiqiçiyəm. Dövlətimə və xalqıma xidmət edirəm. Hərbi musiqi Milli Ordumuzun atributudur. Bu gözəl dövrdə, bu  unudulmaz zamanda, bu qalib ordunun,  Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Orkestr Xidmətinə rəhbərlik etməkdən qürur duyuram. Taleyimi hərbiyə bağladığım üçün, həyatımın 50 ildən artıq bir dövrünü bu sistemdə keçirdiyim üçün heç peşman deyiləm. Əksinə, taleyimə minnətdaram.

 

– 50 il kiçik rəqəm deyil. Bu, hələ sırf hərbi musiqiçi kimi fəaliyyət illəridir. Ondan əvvəl də yaradıcılıq işləriniz olub. Gəlin, bir az keçmişə boylanaq. Fleytaçı yeniyetmə və  gənclik dövrünə...

– Məni uzun illər öncəyə aparırsınız. Qayğısız uşaqlıq, keşməkeşli yeniyetməlik və dolğun gənclik... Qoyun, sizə bir tarixçə danışım. Uşaqlıqdan futbolu çox sevirdim. Bütün günü məhəllədə, indiki Şəmsi Bədəlbəyli küçəsindəki həyətimizdə top qovurdum. Günlərin bir günü anam Şərifə xanım  əlimdən tutub məni Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gətirdi. Məşğələ saatı idi. Bir-bir sinif otaqlarını gəzdik. Növbəti sinfin qapısını açdı. 10-12 yaşlarında bir oğlan fleyta çalırdı. Ahəngdar səs məni də, anamı da dayandırdı. O an başımı qaldırıb anama baxdım. O, gülümsünürdü. Bildim ki, qərarını verib. Beləcə, mən fleyta ifaçısı oldum. Anam, ümumiyyətlə çox ciddi, tələbkar, əzmkar qadın idi. Müharibənin ağırlığını yaşamışdı. Çox zəhmli idi. Ona görə də bir sözünü iki eləməzdim. Bu mənada anamın qərarlarına hər zaman hörmət elədim. Qoy bunu da deyim, sonra siz deyən keçmişə səyahətimizi  davam etdirək. Mən daim özümü anama isbat eləmək üçün çalışmışam. İlk fəxri adımı alanda da, ilk mükafatımda da onun yanına tələsib, məmnuniyyətini görmək istəmişəm. O isə hər zaman daha yaxşı nəticəni istəyirmiş kimi üzümə baxıb, sakitcə razılıq edib. Bunu o zamanlar elə də yaxşı başa düşmürdüm, amma indi anama minnətdaram. Məhz o mənə bir uğurla kifayətlənməməyi, daim zirvəyə doğru irəliləməyi təlqin edib.

Hə, indi gələk sənət yoluma. Musiqi məktəbini bitirdikdənsonra, 1964-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına, indiki Bakı Musiqi Akademiyasına daxil oldum. Burda Əməkdar artist, professor Ələkbər İsgəndərovun sinfində fleyta ixtisası üzrə təhsil aldım. O vaxt Bülbül adına məktəb konservatoriyanın  birinci mərtəbəsində yerləşirdi. Yəni 16 il bir binada bu ixtisas üzrə təhsil almışam. Konservatoriyada oxuyarkən mədəni tədbirlərə dəvət alırdım. İlk dəfə mərhum bəstəkar Süleyman Ələsgərov məni indiki Akademik Musiqili Teatra orkestrin solisti kimi dəvət etdi. Sonra 1969-cu ildə Gülarə Əliyeva tərəfindən “Dan ulduzu” ansamblının heyətində çıxış etmək üçün dəvət aldım. O vaxt ansamblda Kamil Cəlilov qaboyda, mən də fleytada ifa edirdik. Dilarə xanım gözəl musiqiçi və bənzərsiz qadın idi. O kollektivdə qısa və maraqlı sənət yolu keçdim. Paralel olaraq Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrində də çalışırdım. Əyani təhsil almağıma baxmayaraq, həm çox çalışır, həm də işlərimi planlı şəkildə həyata keçirirdim. Təsəvvür edin, bir neçə kollektivdə ifa edir, həm də musiqi məktəbində dərs deyirdim. 1970-ci ildə hərbi xidmətə getdim. Tale elə gətirdi ki, Xəzər Dəniz Hərbi Donanmasının tərkibində Mahnı və rəqs ansamblında musiqiçi matros kimi xidmətə başladım. Bu andan etibarən həyatım yeni bir mərhələyə qədəm qoydu. Xidməti başa vurmağa az qalmış Ali Hərbi Dənizçilik Məktəbinin rəisi kontr-admiral G.Stepanov tərəfindən orkestr rəisi vəzifəsinə təklif aldım. Gözlənilməz və çətin təklif idi. Azad ruhlu gənc musiqiçi ciddi nizam-intizamlı hərbi sahədə necə çalışacaqdı? Doğrudur, mən hər zaman özümə qarşı ciddi və tələbkar olmuşam, bu, öz yerində. Amma hərbi sahədə çalışmaq, ona bağlanmaq elə də asan deyildi. Odur ki, bu təklif üzərində düz 3 ay düşündüm və nəhayət, qərar verdim. Həyatımı hərbi musiqi sahəsinə bağladım. Düz 50 il bundan öncə  – 1971-ci ildə mənə leytenant rütbəsi verildi. Bundan sonra Xəzər Dəniz Hərbi Donanmasının Ali Hərbi Dənizçilik Məktəbində hərbi dirijor və orkestr rəisi kimi xidmətə başladım. 21 il Xəzər Hərbi Dəniz Donanmasında xidmət etdim.

 

– Bayaq ilk fəxri adınızın sevincindən danışdınız. Bununla bağlı xatirə oxucularımız üçün də maraqlı olar...

– 1979-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinə təhsil almaq üçün Qvineyadan bir qrup tələbə gəlmişdi. Yeni gəldikləri üçün məktəbin tədris dilini, yəni rus dilini bilmirdilər. Məktəbin siyasi idarəsinin rəisi məni yanına çağırıb sabahadək Qvineyanın himnini öyrənmək tapşırığı verdi. Amma bütün cəhdlərimə baxmayaraq, himnin notlarını əldə edə bilmədim. Yeganə çıxış yolu himnin musiqisini dinləmək idi. İşin tərsliyindən lent yazısı da tapa bilmirdim. Bu zaman qvineyalı tələbələrdən soruşmaq qərarına gəldim. Beləcə, zümzümə əsasında nota köçürdüm və qısa zamanda orkestrləşdirdim. Səhəri gün məktəbdə keçirilən tədbirdə uğurla ifa etdik. Bu tədbirdən qısa müddət sonra mənə Əməkdar mədəniyyət işçisi fəxri adı verildi.

 

– Əlahiddə Nümunəvi Orkestrin yaradılması tarixinə də nəzər salaq. Bu kollektivdə onlarla musiqiçi fəaliyyət göstərir. Amma onu təşkil edəndə, bilirəm ki, siz tək olmusunuz...

– Ölkəmiz yenicə müstəqillik qazanmışdı. Sovet Ordusu artıq yox idi. Onlar çıxıb getdikdən sonra hər şeyi özləri ilə aparmışdılar. Hər bir işi yenidən başlamaq lazım idi. 1992-ci ildə Müdafiə Nazirliyinin Həbi Orkestr Xidmətinin rəisi-baş hərbi dirijor vəzifəsinə təyin olundum. Başladım musiqiçiləri seçməyə. Yaxşı nəfəs alətləri ifaçılarını cəlb elədik. 1993-cü ildə Nümunəvi Hərbi Orkestrə ştat da verildi. O vaxt Milli Orduya aid geyim formamız belə yox idi. Musiqi alətimiz də çatışmırdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu ilə bərabər bu məsələyə də diqqət ayırırdı. Ümummilli liderimiz, eyni zamanda orkestrdə milli kadrların yetişdirilməsi, hərbi musiqi mütəxəssislərinin hazırlanması işini də nəzarətdə saxlayırdı. Onun sayəsində hər şey öz axarına düşdü. Biz hər zaman Heydər Əliyevin qayğısını üzərimizdə hiss edirdik. Bu gün də o qayğını Prezident İlham Əliyevdən görürük. Hazırda orkestr bir neçə istiqamətdə çalışır və ölkəmizdə rəsmi səfərdə olan qonaqların qarşılanma mərasimlərindən tutmuş, xüsusi əhəmiyyətli hərbi təyinatlı rəsmi tədbirlər, eyni zamanda mədəni-kütləvi, ictimai tədbirlərdə hər bir tapşırığı yüksək səviyyədə icra edir.

 

– Orkestrə daxil olmaq istəyən musiqiçilərin seçimini necə aparırsınız?

– Orkestrin heyətinin mütləq əksəriyyəti Bakı Musiqi Akademiyasının yetirmələridir. Bu kollektiv Prezidentlə üzbəüz duran kollektivdir. Burda hər şey yüksək səviyyədə olmalıdır. İxtisaslar üzrə istedadlı ifaçılar müraciət edirlər, onların seçim məsələsinə özüm diqqət edirəm. Əgər istedadı və ifaçılığı ilə yanaşı, bütün uyğunluqlar yerindədirsə, o musiqiçi bizim orkestr ailəsinin üzvü ola bilər.

 

– Pedaqoji fəaliyyət yolunuz da maraqlıdır. Yəqin pedaqoq olmağınız kadr seçimində də əlinizdən tutub?

- Bəli, mənim məzunu olduğum konservatoriyada fəaliyyətə başlamağım, bir az gec olsa da, 9 ilə kafedra müdiri və professor oldum. Bu müddət ərzində, elə indi də orkestrə kadrların cəlbində müəllimlik fəaliyyətim böyük rol oynadı. Onu da deyim ki, gənclərin bu sahəyə marağı ildən-ilə artır. Bir pedaqoq kimi tələbə yetişdirməklə yanaşı, onların hər şeydən öncə şəxsiyyət kimi formalaşmasına çalışırıq. Necə deyərlər, müəllim ilk növbədə öz şəxsiyyəti ilə tərbiyə edir. Mənim yetişdirdiyim tələbələrim indi respublikanın müxtəlif musiqi kollektivlərində çalışırlar. Hətta xarici ölkələrdən də sinfimdə hərbi dirijor ixtisasına yiyələnən tələbələr olub. Tələbələrimin gələcəyinə böyük ümid bəsləyirəm, onlardan gözləntilərim çoxdur. İnanıram ki, onlar həm həyatda, həm də yaradıcılıqda özlərini doğruldacaqlar. Mən də bacardıqca onların əlindən tutmağa, istiqamət verməyə çalışıram. Gənclərin işləmək eşqi məni valeh edir. Hətta son illər qızlarımız da hərbi orkestrlərdə iştiraka maraq göstərirlər və aralarında çox yaxşı, bacarıqlı musiqiçilər var.

 

– İşinizlə əlaqədar bir çox dövlətlərin himnlərini, marş və klassik əsərlərini ifa və müşayiət etmisiniz. Musiqi seçimi və zövqünüzü bilmək maraqlıdır...

– Mənim də özümün şedevr hesab etdiyim bəstəkar və musiqilər var. Musiqi zövqümü yalnız peşəkar işlər oxşayır, sözsüz. Klassik estrada musiqisi mənə daha yaxındı. Onu da deyim ki, orkestrin bazasında kiçik estrada heyətimiz və istedadlı solistlərimiz də var. Biz onlar üçün də zəngin və rəngarəng repertuar təyin etmişik. Öz zövqümə gəlincə, ümumən deyə bilmərəm ki, bütün klassik əsərləri sevirəm və dinləyirəm. Yaxşı musiqi müəllifindən asılı olmayaraq, sevilir. Bu, bir zövq məsələsidir. Mənim üçün Tofiq Quliyev, Emin Sabitoğlunun mahnıları, bundan başqa, Azər Dadaşovun marşları xüsusilə əvəzsizdir.

 

– Söz marşlardan düşmüşkən, vətənpərvərlik ruhunun aşılanmasında bu janr musiqilər xüsusi rol oynayır. Yaxşı, bəs niyə az yazılır?

– Mürəkkəb məsələdir. Hər bəstəkar marş yaza bilmir, heç hər marş adı ilə yazılan musiqi də marş deyil. İnanın, heç marşın nə olduğun bilmədən mars yazdığını düşünüb təqdim edənlər də var. Gərək üslubu, formanı biləsən. Digər tərəfdən, vətənpərvərlik mövzusunda mahnı və marşlardan ibarət kifayət qədər zəngin repertuarımız, lentə alınmış konsertlərimiz var. Niyə vermir televiziyalar? Kütləvi tamaşaçı haradan konsertə baxır? Televiziyadan. Buyursunlar, efirlərində bu əsərlərə də yer versinlər. Kim deyir ki, xalq bu mahnıları sevmir, yanılır.

Söhbətləşdi: Həmidə NİZAMİQIZI