Azərbaycan

 

6 fevral 1924 – Xalq artisti Firəngiz Abbas Mirzə qızı Şərifova (1924 – 20.2.2014) anadan olub. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb. “Qərib cinlər diyarında”, “Ən vacib müsahibə”, “Bayquş gələndə”, “Qətl günü” və s. filmlərdə çəkilib.

6 fevral 1927 – Xalq artisti, rejissor, aktyor Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 – 1.2.2004) Ağdaşda doğulub. 50-dək televiziya tamaşasına quruluş verib. “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.

6 fevral 1950 – Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev (1950 – 25.12.2016) Bakının Əmircan kəndində anadan olub. 1977-ci ildən yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə məşğul olub. Vəfatından sonra (2017) Türkan qəsəbə Mədəniyyət evinə A.Abdullayevin adı verilib.

 

7 fevral 1919 – Xalq artisti, görkəmli kinorejissor Tofiq Mehdiqulu oğlu Tağızadə (1919 – 27.8.1998) anadan olub. “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “O dünyadan salam” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.

7 fevral 1922 – Görkəmli rəssam, qrafika ustası Bəhruz Şirəli bəy oğlu Kəngərli (22.1.1892 – 1922) vəfat edib. Vətənin gözəlliklərini (“Gecə mənzərəsi”, “İlan dağı” və s.) tərənnüm edib. “Qaçqınlar” silsiləsi (1918-1921) ermənilər tərəfindən tarixi yurdlarından qovulan soydaşlarımızın taleyinin bədii inikasıdır.

 

7 fevral 1959 – Azərbaycanın ilk mədəniyyət naziri, filoloq, Əməkdar müəllim Məmməd Həmid oğlu Ələkbərli (1899-1959) vəfat edib. Respublikanın təhsil naziri (1946-1952) işləyib, 1953-cü ildən 1955-ci ilədək yeni yaradılan Mədəniyyət Nazirliyinə rəhbərlik edib.

 

8 fevral 1928 – Əməkdar memar Nazim Məmməd oğlu Hacıbəyov (1928 – 23.3.2020) Bakıda doğulub. “Gülüstan” sarayının layihəsinə görə respublika Dövlət mükafatına (1982) layiq görülüb. Azərbaycan Memarlar İttifaqı sədrinin birinci müavini olub.

8 fevral 1929 – Xalq rəssamı Məmmədağa Hüseynağa oğlu Hüseynov (1929 – 20.1.2002) Bakıda doğulub. Kino rəssamı kimi tanınıb, 20-dən çox filmə (“Səhər”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Bizim Cəbiş müəllim” və s.) bədii tərtibat verib.

8 fevral 1992 – Görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (23.3.1920 – 1992) vəfat edib. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953-1957) olub.

 

9 fevral 1909 – Əməkdar artist, müğənni Cahan Rza qızı Talışinskaya (1909 – 1.3.1967) Lənkəranda anadan olub. Musiqili Komediya Teatrında işləyib.

9 fevral 1924 – Xalq rəssamı, heykəltəraş Mirələsgər Mirəsədulla oğlu Mirqasımov (1924 – 9.11.2003) Bakı şəhərində anadan olub. Cəlil Məmmədquluzadənin (Naxçıvan), Cəfər Cabbarlının (Bakı) monumental abidələrinin müəllifidir.

9 fevral 1925 – Əməkdar artist, müğənni Rəhilə Mirələsgər qızı Həsənova (1925 – 28.2.2004) anadan olub.

9 fevral 1935 – Xalq rəssamı Cabbar Ağadadaş oğlu Qasımov (1935-2006) Bakıda doğulub. Bədii portretlər, plakatlar çəkib. Rəssamlar İttifaqında plakat bölməsinin rəhbəri olub.

9 fevral 1936 – Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936-2001) Göyçayda anadan olub. “Aldanmış kəvakib” satirik operasının müəllifidir.

9 fevral 1937 – Kinorejissor Ramiz Paşa oğlu Əsgərov (1937 – 27.7.1967) anadan olub. “Mən ki gözəl deyildim” filminin rejissorlarından biridir, filmin çəkilişi zamanı həlak olub.  

9 fevral 1946 – Əməkdar artist Əsgər Məmmədoğlu (1946 – 21.12.2015) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

6 fevral 1894 - Gürcü kinorejissoru və ssenaristi, SSRİ Xalq artisti Mixail Edişeroviç Çiaureli (1894-1974) anadan olub.

6 fevral 1932 – Fransız aktyoru və rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri Fransua Trüffo (François Roland Truffaut; 1932-1984) anadan olub.

 

7 fevral 1812 – İngilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 1812-1870) anadan olub. “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Dombi və oğlu” və s. romanların müəllifidir.

7 fevral 1885 – Amerika yazıçısı, ədəbiyyat üzrə ilk amerikalı Nobel mükafatı laureatı (1930) Sinkler Lyuis (Sinclair Lewis, 1885-1951) anadan olub.

 

8 fevral 1828 – Fransız yazıçısı, səyyah Jül Vern (Jules Gabriel Verne; 1828 - 24.3.1905) anadan olub. “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında” və s. əsərlərin müəllifidir.

8 fevral 1928 – Rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (1928 - 4.12.2009) anadan olub. “Baharın on yeddi anı” teleserialında Ştirlis rolu ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq ağ Bim” və s. filmlərdə çəkilib.

 

9 fevral 1441 – Böyük özbək şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvai (Nizaməddin Mir Əlişir oğlu Nəvai; 1441 – 3.1.1501) Heratda doğulub. Nizami Gəncəvinin “Xəmsə”sindən təsirlənərək eyniadlı əsərlər toplusu (beşlik) yaradıb.

9 fevral 1874 – Alman əsilli rus rejissoru, aktyor, teatr xadimi Vsevolod Meyerhold (Karl Kasimir Theodor Meyergold; 1874-1940) anadan olub.

9 fevral 1881 – Böyük rus yazıçısı Fyodor Mixayloviç Dostoyevski (11.11.1821 – 1881) vəfat edib. “Alçaldılmış və təhqir olunmuşlar”, “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” və s. romanların müəllifidir.

Hazırladı:  Vüqar ORXAN