Fevralın 3-də İstanbulda dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”in rəsmi açılış mərasimi keçirilib.
Atatürk Hava Limanında təşkil edilən festivala dünyanın 80-dən çox ölkəsindən qurum və şirkətlər qatılacaq. İştirak üçün müraciətlərin qəbulu fevral ayının sonunadək davam edəcək.
Mərhələlərlə bir neçə ay davam edəcək festival çərçivəsində müxtəlif texnoloji mövzularda yarışlar keçiriləcək. Bu yarışlarda dünyanın bir çox ölkəsindən vətəndaşlar da iştirak edəcəklər. Tədbir çərçivəsində, həmçinin universitetlər və liseylər arasında yarışlar təşkil olunacaq. Festivalda 35 fərqli layihə üzrə komanda yarışlarının keçirilməsi nəzərdə tutulur. Ötən il festivalda iştirakçı komandaların sayı 23 olub.
Açılış mərasimində Türkiyənin müxtəlif bölgələrinə onlayn bağlantılar həyata keçirilib.
Tədbirdə Türkiyənin müdafiə sənayesi naziri İsmail Demir, qardaş ölkənin “Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “TEKNOFEST”in idarə heyətinin sədri Selçuk Bayraktar, İstanbul valisi Ali Yerlikaya, başqa rəsmilər iştirak ediblər.
Keçən il yüz mindən çox insanın qatıldığı tədbirdə bu il ziyarətçi sayının daha da artacağı gözlənilir.
Festivalın final hissəsi 21-26 sentyabr tarixində keçiriləcək.