Milli Azərbaycan Tarixi Muzeyinə 2020-ci il Vətən müharibəsi şəhidi Rövşən Nurzadənin materialları təhvil verilib.

Bu barədə muzeydən məlumat verilib. Şəhidin şəxsi əşyaları muzeyin əməkdaşları İnarə İsmayılova və Nərmin Bağırovanın vasitəsilə muzeyə daxil olub.

Vətən müharibəsi şəhidi Rövşən Nurzadə 1975-ci il martın 24-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru,  Xalq artisti Əli Nurun oğludur.

Azərbaycan Ordusunun baş leytenantı Rövşən Nurzadə Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Bakıda, II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Rövşən Nurzadə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.