Əlişir Nəvainin 580 illiyi Özbəkistan-Azərbaycan mədəni-ədəbi əlaqələrinə də yeni zəmin olacaq

2021-ci ildə Özbəkistanın və türk dünyasının böyük şairi Əlişir Nəvainin (1441–1501) anadan olmasının 580 illiyi tamam olur. Bu münasibətlə Özbəkistanda silsilə tədbirlər nəzərdə tutulub. Prezident Şavkat Mirziyoyevin yubileylə bağlı imzaladığı fərmanda Əlişir Nəvai adına Beynəlxalq İctimai Fondun yaradılması, “Əlişir Nəvai” ordeninin təsis edilməsi, şairin əsərlərinin xarici ölkələrdəki əlyazmalarının faksimile nəşri, elmi konfransların, festival və müsabiqələrin həyata keçirilməsi əksini tapıb.

İlin sonunadək davam edəcək yubiley tədbirlərinə Əlişir Nəvainin doğum günü (9 fevral) ərəfəsində start verilib. Bu günlər Özbəkistanda şairə həsr olunmuş beynəlxalq konfranslar keçirilir və bu tədbirlərdə ölkəmiz də təmsil olunur.

***

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində keçirilən “Əlişir Nəvai və XXI əsr” adlı beynəlxalq konfransa onlayn formatda bir sıra ölkələrdən  alim və tədqiqatçılar qatılıb.

Tədbirdə iştirak edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, konfrans ölkəmiz üçün də çox əlamətdar hadisədir. Azərbaycan və özbək ədəbi əlaqələrinin tarixindən danışan S.Abbasov qeyd edib ki, Əlişir Nəvai bu əlaqələrin fövqündə duran şəxsiyyətlərdən biridir. Özbək ədəbi dilinin yaradıcısı olan Əlişir Nəvai xalqın ehtiramını qazanmışdı.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin onlayn formatda təqdim etdiyi Əlişir Nəvai yaradıcılığının Azərbaycanda öyrənilməsi, əsərlərinin nəşri ilə bağlı məruzəsi maraqla qarşılanıb. Akademik diqqətə çatdırıb ki, Əlişir Nəvai dünya ədəbiyyatı tarixinə türk dilində “Xəmsə” yazan şair kimi düşüb.

Konfransda məlumat verilib ki, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti Elmi şurasının qərarı ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli və institutun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova Azərbaycan-Özbəkistan ədəbi əlaqələri sahəsində xidmətlərinə görə universitetin fəxri professoru adına layiq görülüblər. Universitetin rektoru Şuxrat Siracəddinov fəxri professor diplomlarını çatdırmaq üçün Samir Abbasova təqdim edib.

***

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində keçirilən “Əlişir Nəvai dünya şərqşünaslarının gözü ilə” mövzusunda beynəlxalq konfransda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edib. Səfir ölkəmizdə Əlişir Nəvai irsinə böyük maraq olduğunu, onun kitablarının nəşr edildiyini, haqqında dissertasiyalar yazıldığını bildirib. Vurğulayıb ki, Nəvai böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən sonra tarixdə türk dilində “Xəmsə” yazan ilk şair kimi qalıb.

Konfransa videobağlantı ilə qoşulan TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, Türkiyənin Mərmərə Universitetinin rektoru Erol Ozvar və başqaları Əlişir Nəvainin dünya ədəbiyyatı və mədəniyyətində yerindən söhbət açıblar. Bakı Dövlət Universitetinin professoru Nisbət Mehdiyeva onlayn formatda “Nəvai və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib.

***

Əlişir Nəvainin 580 illik yubileyinə həsr olunmuş daha bir beynəlxalq konfrans Özbəkistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Folklor İnstitutu, bu ölkənin Yazıçılar İttifaqı və Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi tərəfindən təşkil edilib.

Akademiyanın vitse-prezidenti Baxrom Abduxalimov Əlişir Nəvaini dünya şöhrətli  söz ustadı kimi xarakterizə edib. Konfransa onlayn qatılan AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova Nəvai və Azərbaycan mövzusunda məruzə ilə çıxış edib.