Özbək alimi Rüstəm Cabbarov Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində “Əlişir Nəvainin “Ağqoyunlu divanı” və o dövrün ədəbi mühitində yeri” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Rüstəm Cabbarov bildirib ki, divan Ağqoyunlu hökmdarı Uzun Həsənin oğlu Sultan Xəlilə həsr olunub. Bu əlyazmanı özbək alimi, filologiya elmləri doktoru Aftandil Erkinov 2012-ci ildə Misir kitabxanasından tapıb. Kitabda 223 qəzəl, 3 müxəmməs, 1 müstəzad və 1 tərcibənd yer alıb.
Alim qeyd edib ki, Nəvainin divanının üzü 1471-ci ildə Təbrizdə azərbaycanlı xəttatlar tərəfindən köçürülüb. Diqqətçəkən odur ki, divanda bəzi kəlmələr əski özbək türkcəsində deyil, məhz Azərbaycan türkcəsində yazılıb.
Rüstəm Cabbarov həm də tanınmış tərcüməçidir. Azərbaycan ədəbiyyatından bir neçə kitabı özbək dilinə tərcümə edib.