Beynəlxalq Türk Akademiyası böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin (1441–1501) anadan olmasının 580-ci ildönümü münasibətilə 2021-ci ili “Əlişir Nəvai İli” elan edib.
Qərargahı Qazaxıstanın paytaxtı Astanada yerləşən Beynəlxalq Türk Akademiyası tərəfindən Əlişir Nəvainin 580 illiyinə həsr olunmuş “Şərqin parlaq ulduzu” adlı tədbir keçirilib.
Akademiyanın prezidenti Darxan Kıdıralı “Əlişir Nəvai İli” çərçivəsində həyata keçiriləcək tədbir və layihələrdən danışıb. O, Beynəlxalq Türk Akademiyasına üzv ölkələrdə şairin həyat və yaradıcılığına dair elmi konfransların təşkil ediləcəyini bildirib. Beynəlxalq Türk Akademiyası tərəfindən şairin irsinin elmi tədqiqinə görə “Əlişir Nəvai” təqaüdü veriləcək.
Bundan başqa, akademiya şairin əsərlərinin qardaş türk xalqlarının dillərinə tərcümə olunması istiqamətində işləri bu il də davam etdirəcək. Ötən il Beynəlxalq Türk Akademiyası Nəvainin “Xəmsə”sindən qazax dilinə tərcümə edilmiş poetik nümunələrdən ibarət kitab nəşr etdirib.