Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva UNESCO üzrə Türkiyə Milli Komissiyası tərəfindən təşkil edilən UNESCO-da Beynəlxalq Türk Dili Gününün elan edilməsi ilə bağlı məsləhət toplantısında iştirak edib.

Fonddan bildirilib ki, tədbirdə digər türk əməkdaşlıq təşkilatlarının – Türk Şurasının, TÜRKPA-nın, TÜRKSOY-un, Beynəlxalq Türk Akademiyasının rəhbər və nümayəndələri, UNESCO-nun Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan üzrə milli komissiyalarının baş katib və təmsilçiləri, eləcə də alimlər və rəsmi şəxslər iştirak ediblər.

Onlayn görüşdə türkdilli ölkələr arasında əməkdaşlığın genişlənməsinə, linqvistik və mədəni müxtəlifliyin qorunmasına diqqət çəkilərək, Beynəlxalq Türk Dili Gününün elan edilməsi haqqında qətnamə layihəsinin UNESCO -ya təqdim edilməsi ilə bağlı məsələlər müzakirə edilib.

İclası giriş sözü ilə açan UNESCO üzrə Türkiyə Milli Komissiyasının baş katibi Öcal Oğuz zəngin türk dilinin mədəni irsə böyük əsərlər qazandırdığını və bu dilin daha geniş sivilizasiyalara yayılmasının vacibliyini vurğulayıb. O, UNESCO tərəfindən Beynəlxalq Türk Dili Gününün elan edilməsi istiqamətində UNESCO üzrə milli komissiyalar və türkdilli beynəlxalq təşkilatlarla birgə tədbirlərin keçirilməsinin vacibliyindən bəhs edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışı zamanı Beynəlxalq Türk Dili Gününün elan edilməsinin türkdilli xalqların çoxəsrlik tarixinin və mədəniyyətinin beynəlxalq miqyasda daha da geniş tanıdılmasına böyük töhfələr verəcəyini bildirib. “Türk dili qədim tarixə, zəngin köklərə sahibdir. Dilin ən mühüm funksiyası insan dünyasını əks etdirməklə yanaşı, ümumilikdə mədəniyyəti qorumaq və onu nəsildən-nəslə ötürməkdir. Məhz buna görə də dil şəxsiyyətin, milli xarakterin, xalqın, millətin formalaşmasında mühüm rol oynayır. Türk dili köklü təmələ və geniş coğrafiyaya malikdir”, – deyə o qeyd edib.

G.Əfəndiyeva əlifbanın hər bir xalqın həyatında, yazılı mədəniyyətinin formalaşmasında xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Azərbaycanın və bütövlükdə türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın latın qrafikalı əlifbaya keçməsinin, eyni zamanda, Qazaxıstan və digər türkdilli dövlətlərin latın qrafikasından istifadə etməklə bağlı alınan qərarların ölkələr arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilib. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin “Yunus Emre və Türk Dili İli” elan edilməsinin bütün türk dünyası üçün əlamətdar hadisə olduğu vurğulanıb.

Fondun fəaliyyətindən də söz açan Günay Əfəndiyeva türk dünyasının qədim və zəngin irsinin öyrənilməsi və təşviqinin əsas prioritetlərindən biri olduğunu bildirib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun türk dünyası mədəni irsinin qorunması ilə bağlı təşəbbüsləri həm UNESCO layihələri çərçivəsində, həm də dünya miqyasında dəstəkləyəcəyi diqqətə çatdırılıb.

Onlayn görüş iştirakçılar Beynəlxalq Türk Dili Gününün elan edilməsinə dair fikir mübadiləsi aparıb və müxtəlif təkliflər veriblər.