Dünya İrs Şəhərləri Təşkilatı (OWHC) tərəfindən təşkil edilən “Kvebekə gedən yol” mövzusunda onlayn silsilə seminarın ilk görüşü keçirilib. Seminarda təşkilata üzv olan “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) də təmsil edilib.

“Mədəniyyət və texnologiya” mövzusunda keçirilən ilk görüşdə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin üzvü Cavid Kazımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elsevər Məmmədov və Bakı Xanları İqamətgahının Ekspozisiyası şöbəsinin müdiri Aygül İsmayılova, eləcə də OWHC-yə üzv olan Krakov, Reqensburq, Varşava, Kvebek və digər şəhərlərin nümayəndələri iştirak ediblər.

Görüşdə COVİD-19 böhranının mədəni irs sahəsinə, turizm sənayesinə təsiri və bu vəziyyətdən çıxış yolları və pandemiyanın bu sahəyə neqativ təsirlərinin azaldılması məsələləri OWHC-yə üzv şəhərlərin nümunəsində müzakirə edilib və təcrübə mübadiləsi aparılıb. Bundan başqa, innovativ texnologiyanın turizm, mədəni irs və mədəniyyət sahələrində tətbiqinin əhəmiyyəti vurğulanıb.