Niderlandın “Diplomat Magazine” jurnalında “Azərbaycanın sehrli xalçaları” sərlövhəli məqalə dərc edilib.

Məqalədə xalçaçılıq sənətimiz haqqında məlumat verilir. Bildirilir ki, beynəlxalq səviyyədə məşhur olan Azərbaycan xalçaları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Nyu-Yorkda Metropoliten, Parisdə Luvr kimi ən tanınmış muzeylərin sərgilərində nümayiş etdirilir. Bu, xalçaçılıq sənətimizin özünəməxsusluğundan xəbər verir. Azərbaycan xalçaçılığının yun seçimi, təbii boyalar, müxtəlif toxuculuq metodlarına görə digər ölkələrdən fərqləndiyi vurğulanır.

Yazıda “Qafqaz xalçalarının əsl doğulduğu yer Azərbaycandır və azərbaycanlı xalça toxucularının bacarıq və ideyaları bütün Qafqazda hiss olunur”, – deyə tarixçi və sənətşünas P.R.J.Fordun fikirləri diqqətə çatdırılıb.

Azərbaycanda xalçaların gündəlik həyatın ayrılmaz hissəsi olmasının vurğulandığı məqalədə Gəncə-Qazax, Quba-Şirvan, Təbriz və Qarabağ xalçaçılıq məktəblərindən, bu bölgələrə xas ənənələrdən söz açılıb. Yazıda Şamaxı, Şirvan xalçalarının fotoşəkilləri də yer alıb.

Məqalədə bükülmüş xalçaya bənzəyən Azərbaycan Milli Xalça Muzeyindən də bəhs olunur, 2010-cu ildə Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edildiyi bildirilir.