Fevralın 14-də Azərbaycanda televiziyanın yaranmasının 65-ci ildönümüdür. Yubiley münasibətilə “Mehdi Hüseyn küçəsi, 1” (Azərbaycan Televiziyasının yerləşdiyi ünvan – red.) adlı sənədli film çəkilib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, filmdə simvolik olaraq 65 müsahibin fikirlərinə yer verilib. 65 dəqiqəlik sənədli filmdə arxiv kadrlardan geniş istifadə olunub. Filmdə Azərbaycanda televiziyaya qədər radionun yaranması (1926) və fəaliyyəti, televiziyanın ilk inkişaf mərhələləri, kino sahəsi mütəxəssislərinin televiziyada rolu və digər məqamlardan bəhs edilir.

Sənədli filmdə Azərbaycanda 95 illik teleradio tarixinin üç müharibənin şahidi olması da diqqətə çatdırılır: Böyük Vətən müharibəsi (1941-1945), Birinci Qarabağ (1991-1994) və İkinci Qarabağ (2020) müharibələri.

“Mehdi Hüseyn küçəsi, 1” sənədli filminin ssenari müəllifləri Rüfət Həmzəyev və Ülviyyə Heydərova, quruluşçu rejissoru Elnur Məmmədov olan sənədli filmin operatorları Cavid Əliyev və Oqtay Qasımovdur.

Qeyd edək ki, dünyada televiziya ilk olaraq ötən əsrin 30-cu illərində Avropada (Almaniya, Britaniya) və ABŞ-da meydana gəlib. 1938-ci ildə Moskvada televiziya mərkəzi (Şabolovka) müntəzəm yayıma başlayıb. Müharibənin (1941) başlaması ilə bu proses ləngiyib. Keçmiş SSRİ-də televiziyanın inkişafı 50-ci illərdə sürətlənib. 1954-cü ildə üç televiziya mərkəzi (Moskva, Leninqrad, Kiyev) fəaliyyət göstərirdisə,1956-cı ildə onların sayı 19-a çatıb, o cümlədən müttəfiq respublikaların paytaxtlarından Bakı, Tbilisi, Yerevan, Daşkənd, Minsk, Riqa və Vilnüsdə yerli televiziyalar fəaliyyətə başlayıb.

Azərbaycan Televiziyası Cənubi Qafqazda birinci olmaqla bərabər (Ermənistanda televiziya 1956-cı ilin noyabrında, Gürcüstanda isə dekabrda yayıma başlamışdı), həmçinin müsəlman Şərqində ilk televiziya idi. Qonşu İranda televiziya 1958-ci ildə, Türkiyədə isə (TRT) 1964-cü ildə yaranıb.

1956-cı il fevralın 14-də Bakı Televiziya Studiyasında ilk efir günü ekranda aktrisa Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi (1955) nümayiş etdirilib.