Azərbaycan təsviri sənətində öz dəst-xətti ilə seçilən sənətkarlarımızdan biri də Xalq rəssamı Böyükağa Mirzəzadə olub. Görkəmli fırça ustasının yüksək peşəkarlıqla ərsəyə gətirdiyi əsərləri gənc nəslin estetik fikrinin və zövqünün formalaşmasına mühüm təsir göstərib. Bu il rəssamın anadan olmasının 100 illiyidir.

Böyükağa Məşədi oğlu Mirzəzadə 21 fevral 1921-ci ildə Bakının Fatmayı kəndində anadan olub. Valideynləri onu böyüyəndə həkim görmək istəyirlər. Ancaq Böyükağa orta məktəbdə oxuyarkən təsviri sənətə maraq göstərir. Məktəbli yoldaşı – gələcəyin böyük fırça ustası olacaq Mikayıl Abdullayevin də təsiri ilə sənədlərini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə verir. Burada təhsilini uğurla başa vurur. İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olunur. Ancaq 1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar təhsilini yarımçıq qoyub Bakıya dönür.

Öz üzərində səylə çalışan gənc rəssam yaradıcılığını inkişaf etdirir. Sərgilərdə fəal iştirak edir. Ali təhsil almaq arzusunu da reallaşdırır. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) təhsil alır. Məzun olduqdan sonra Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda müəllim kimi əmək fəaliyyətinə başlayır.

Böyükağa Mirzəzadə Çexoslovakiya, Fransa, İtaliya və digər ölkələrdə yaradıcılıq ezamiyyətində olub. Əsərləri yerli və xarici muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Sənətkar bir çox janrlarda yüksək sənət meyarlarına uyğun əsərlər yaradıb. Süjetli tablo, mənzərə, portret, natürmort, teatr-dekorasiya və digər sahələrdə yaratdığı sənət nümunələri onun yaradıcılıq dühasının genişliyi və ecazkar fırçasının  sənətkarlığını göstərir. Müəllifin süjetli tablolarından söz açarkən ilk olaraq “Pambıq tarlasında”, “Pambıq yığımı”, “Çimərlikdə”, “Günorta”, “Bizim Lənkəranda”, “Xəzər neftçiləri”, “Bizim kəndin insanları”, “Səhnə arxasında” və digər əsərləri göz önünə gəlir.

Portret janrı Böyükağa Mirzəzadənin yaradıcılığında əsas yerlərdən birini tutur. O, böyük ustalıqla Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında böyük əməyi olan sənətkarların portretlərini işləyib. Maestro Niyazinin, Səttar Bəhlulzadənin, Şəmsi Bədəlbəylinin, Lətif Kərimovun, Xəyyam Mirzəzadə və başqalarının yağlı boya ilə çəkilmiş portretləri olduqca diqqətçəkəndir. Rəssam bu portretlərdə təsvir etdiyi şəxslərin xarakterik cəhətini və psixoloji xüsusiyyətlərini dəqiqliklə ifadə edib. Bu qalereyada “Səttar Bəhlulzadənin portreti” xüsusi bir yer tutur. Xalq rəssamı emalatxanasında, divanda sərbəst əyləşmiş vəziyyətdə təsvir olunub. Divanın üzərində rəssamlar haqqında kitabların təsvirinə də yer ayırıb. Portretdə rəssamın gözəl rəng duyumu nümayiş olunur. O, oturuşu  və maraqlı baxışları ilə tamaşaçının diqqətini çəkir.

Böyükağa Mirzəzadənin mənzərə rəsmləri də sənətkarlıq keyfiyyətləri ilə maraq doğurur. Abşeron, Xəzər dənizi, Qız qalası, Bakı kəndləri ilə bağlı əsərləri özünəməxsusluğu ilə göz oxşayır.

Rəssam avtoportret janrında da fırçasını sınayıb. Onun bu qəbildən əsərlərində təkcə ömür yolu deyil, həm də ətraf aləmə baxışları əksini tapıb.

Teatr rəssamlığı ilə də məşğul olan görkəmli sənətkar İ.Əfəndiyevin “Mənim günahım”, Z.Bağırovun “Qayınana”, İ.Kalmanın “Bayadera” və s. əsərlərin tamaşalarına maraqlı bədii tərtibat verib.

O, həmçinin  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında istedadlı gənc rəssam kadrların yetişməsinə və təsviri sənətimizin zənginləşməsinə töhfələrini əsirgəməyib.

Fırça ustasının rəssamlıq və pedaqoji fəaliyyəti yüksək dəyərləndirilərək 1960-cı ildə “Əməkdar incəsənət xadimi”, 1967-ci ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. 1966-cı ildə Üzeyir Hacıbəyli adına Dövlət mükafatı alıb. 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif olunan sənətkar həmçinin Prezident təqaüdçüsü idi.

Milli rəssamlığın zəngin ənənələrini öz yaradıcılığında böyük ustalıqla əks etdirən, özünəməxsus tərzi ilə seçilən Böyükağa Mirzəzadə 3 noyabr 2007-ci ildə vəfat edib. 2006-cı ildə “Yaddaş” studiyasında onun haqqında “Rəssam ömrünün palitrası” adlı sənədli film çəkilib. 

Savalan FƏRƏCOV