“Müstəmləkələrdən gətirilmiş artefaktları geri qaytarmağa hazırıq”
Niderland hökuməti vaxtilə keçmiş müstəmləkələrdən qarət edilərək gətirilmiş artefaktları geri qaytarmağa qərar verib. Bu qərar ölkənin muzey işçilərindən ibarət komissiyanın tövsiyəsi əsasında verilsə də, onun qəbulunda postkolonializm siyasətinin də rolu var.
“The Art Newspaper” xəbər verir ki, Niderland hökumətinin hazırladığı reqlamentə görə, keçmiş müstəmləkələrdən metropoliyaya gətirilmiş və muzeylərə verilmiş bütün eksponatlar geri qaytarılacaq. Hökumətə hələ ötən ilin oktyabrında ölkənin aparıcı muzey ekspertlərindən ibarət komissiya tərəfindən belə tövsiyə verilmişdi.
Muzey işçiləri həmin sənəddə “keçmiş müstəmləkə ərazilərindən mədəni sərvətlərin yerli əhalinin iradəsinə zidd olaraq aparılmasını onlara qarşı ədalətsizliyi etiraf etməyə” çağırır və həmin artefaktları öz sahiblərinə qaytarmağı təklif edirlər.
İndən belə, hökumətin yaradacağı müstəqil komitə hər tələbnaməni ayrı-ayrılıqda araşdıracaq və obyektin mənşəyi ilə bağlı – onun pulla alındığı və ya qarət edildiyinə dair muzeylərə məsləhət verəcək. Niderland hökuməti bu barədə bəyanatında etiraf edir ki, “müstəmləkəçilik dövründə hakimiyyət disbalansı üzündən mədəni sərvətlər demək olar ki, oğurlanıb. Əgər predmetin həqiqətən keçmiş Hollandiya müstəmləkəsindən oğurlandığı müəyyən edilərsə, o, qeyd-şərtsiz geri qaytarılacaq. Digər ölkənin keçmiş müstəmləkəsindən oğurlanmış, yaxud ölkə üçün xüsusi mədəni, tarixi və ya dini əhəmiyyətə malik mədəni irs obyektləri də geri qaytarıla bilər”.
Söhbət Asiya, Afrika, Şimali və Cənubi Amerikadakı holland missiyaları tərəfindən qarət edilərək gətirilmiş muzey eksponatlarından gedir. Dəyişiklik Leydendəki, Amsterdamdakı Tropik muzeyləri və Berq-an-Dalda yerləşən Afrika muzeyinin kuratoru olan Hollandiya Dünya Mədəniyyəti Milli Muzeyinə də təsirsiz ötüşməyəcək. Məsələ ondadır ki, bu kolleksiyalardakı 450 minə yaxın eksponatın 40 faizindən çoxu Hollandiya müstəmləkələrindən gətirilib ki, həmin ölkələr onları geri istəyə bilərlər.
2019-cu ilin dekabrında muzey hansı obyektlərin müstəmləkəçilik dövründə oğurlandığını müəyyən etmək üçün 4,5 milyon avro dəyərində dördillik tədqiqatın başladığını elan etmişdi. Niderlandın təhsil, mədəniyyət və elm naziri İnqrid van Engelsoven deyir: “Müstəmləkə keçmişi indiyədək bir çoxlarını şəxsən narahat edən mövzudur. Buna görə də biz müstəmləkə kolleksiyalarına böyük həssaslıqla yanaşmalıyıq. Hollandiya dövlət kolleksiyasında oğurluq mədəni irs obyektlərinə yer yoxdur. Əgər ölkə onları geri istəyərsə, – biz qaytararıq”.
GÜLCAHAN