“Pandemiya şəraiti imkan versə, iyunda Azərbaycanda “Türkiyə həftəsi” keçirməyi planlaşdırırıq”
Xəbər verdiyimiz kimi, fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş”i təsdiq edib. Saziş 2018-ci ilin 25 aprel tarixində Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası zamanı imzalanıb və Azərbaycan tərəfdən elə həmin il təsdiqlənib.
Sazişin müvafiq bəndində qeyd edilir ki, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzi bu ölkədəki səfirliyimizin nəzdində fəaliyyət göstərəcək. Azərbaycanda Türkiyə Mədəniyyət Mərkəzi funksiyasını isə baş ofisi Ankarada yerləşən Yunus Əmrə Fondu (Yunus Emre Vakfı) tərəfindən təsis olunan Bakıdakı Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi yerinə yetirəcək. Qeyd edək ki, sözügedən mərkəz Yunus Əmrə İnstitutu adı altında paytaxtımızda bir neçə ildir fəaliyyət göstərir.
Bu və digər mövzularla bağlı Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıçla görüşdük. Səlçuk bəy əvvəlcə bütün oxucularımızı torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik etdi. Bu Qələbənin illərdir yaşadığımız faciələrin ağrısının azadılması baxımından da böyük bir hadisə olduğunu dedi, şəhid ailələrinə səbir, yaralılara şəfa dilədi.
– Səlçuk bəy, rəhbərlik etdiyiniz qurumun fəaliyyət istiqamətləri oxucularımız üçün də maraqlı olardı.
– Ötən ilin noyabr ayında Azərbaycanın mədəniyyət naziri cənab Anar Kərimovla görüşümüzdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə töhfə olaraq ölkə daxilində və xaricində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsində Yunus Əmrə İnstitutunun təcrübəsindən istifadə edilməsi ilə bağlı fikir mübadiləsi aparmışdıq. Bu, Türkiyənin digər ölkələrlə mədəni mübadiləsini artırmaq və dostluğunu inkişaf etdirmək məqsədilə 2007-ci ildə Türkiyə dövləti tərəfindən qurulmuş bir ictimai fonddur. Yunus Əmrə Fondu Türkiyəni, türk dilini, tarixini, mədəniyyətini və sənətini tanıtmaq, bununla əlaqədar məlumat və sənədləri dünyanın istifadəsinə təqdim etmək, həmçinin türk dili, mədəniyyəti və sənəti sahələrində təhsil almaq istəyənlərə yurd xaricində xidmət göstərmək məqsədilə yaradılıb. Fond büdcəsini dövlətdən alan özəl qurumdur. Dövlət bizim fəaliyyətə birbaşa qarışmır, lakin bəzi əsas müddəalar var. Bura Türkiyənin xarici siyasətini, mədəni və elmi fəaliyyəti dəstəkləmək və s. daxildir.
Yunus Əmrə İnstitutu isə vəqfə bağlı bir quruluş olaraq xaricdə ölkəmizin təqdimatı məqsədilə mədəniyyət və sənət fəaliyyətləri icra edir, həmçinin elmi araşdırmalara dəstək verir. Eyni zamanda bu ölkələrdəki elm adamlarını Türkiyəyə dəvət edir, onların fəaliyyətinə dəstək olur. Qeyd edim ki, bu fəaliyyət ölkələrə görə də dəyişə bilir. Məsələn, Almaniya ilə Avstraliyadakı mərkəzlərimiz eyni işi, eyni siyasəti yürütmür. Almaniyada 3 milyon yarım türk var, bizim onlara yönəlmiş proqramımız və ayrıca alman xalqına dair proqramımız mövcuddur. Mərkəzlərimiz əsasən paytaxtlarda fəaliyyət göstərir. Mövcud olduğumuz ölkələrin elm adamları, ziyalıları ilə əməkdaşlıq da əsas istiqamətlərdəndir. Hazırda Yunus Əmrə İnstitutunun xaricdə 58 mədəniyyət mərkəzi var. Məqsədimiz dünyanın hər yerində Türkiyə ilə əlaqə quran və Türkiyəyə dost olan insanların sayını artırmaqdır.
– Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiq etdiyi sazişin qüvvəyə minməsindən sonra fəaliyyətinizdə hansısa yeniliklər olacaqmı?
– Əslində, bu qanunların qarşılıqlı təsdiqlənməsi fəaliyyətimizi daha da asanlaşdırdı və genişlənməsinə şərait yaratdı. Lakin pandemiya səbəbindən biz elə də gözəçarpan işlər həyata keçirə bilmirik. Çünki işbirliyi qurduğumuz təşkilatlar hazırda pandemiya üzündən fəaliyyətini normal qura bilmir. Biz də onlayn rejimdə fəaliyyət göstəririk. Amma biz bu pandemiya şərtlərinə rəğmən Türkiyə və Azərbaycandakı universitetlər arasında onlayn görüşlər keçirməyə, qarşılıqlı anlaşma imzalamağa, Azərbaycan Milli Kitabxanası ilə Türkiyə Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığı artırmağa çalışdıq.
– Hazırkı Yunus Əmrə İnstitutu ilə Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin işində bir fərqlilik olacaqmı?
– Heç bir fərqlilik yoxdur. Zatən ilk sazişdə də eyni müddəalar, yəni hazırkı fəaliyyətimiz nəzərdə tutulub. Ad fərqliliyi Türkiyədəki qanundan qaynaqlana bilir. Biz ayrı-ayrı ölkələrdə şöbələr kimi fəaliyyət göstərdiyimiz üçün özəyimiz mərkəz, şöbələr isə institut hesab olunur.
– 2021-ci il Türkiyədə bir sıra tarixi-mədəni hadisələrin əlamətdar ildönümü kimi qeyd olunacaq...
– Bəli, böyük şair və mütəfəkkir, türk dili və mədəniyyətinin görkəmli nümayəndəsi Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Bizim Yunus” və türkcənin “dünya dili” kimi təbliğ edilməsi ili elan olunub. Bu il həmçinin Türkiyə Cümhuriyyətinin “İstiqlal Marşı”nın 100-cü, böyük sufi mütəfəkkiri Hacı Bektaşi Vəlinin vəfatının 750-ci ildönümüdür. Bu əlamətdar tarixlər də Türkiyədə geniş şəkildə qeyd ediləcək. Bu məqsədlə televiziya layihələri etmək fikrindəyik.
Azərbaycanda bu il “Nizami ili” elan edildiyi üçün biz Nizami və Yunus Əmrəyə həsr olunan təqdimat etməyi nəzərdə tuturuq. Bununla əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyindən də təklifləri dinləmək xoş olardı. Türkcənin “dünya dili” kimi təbliğ edilməsi ilə bağlı telelayihə hazırlayırıq. Əlavə olaraq bir sərgi də nəzərdə tutulub. Bir sıra layihələr isə pandemiya vəziyyətinin dəyişməsinə bağlıdır. Onu da qeyd edim ki, iyun ayında Türkiyənin milli futbol komandası Avropa liqası üzrə iki oyunu Azərbaycanda oynayacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın da bu oyunlarla əlaqədar Bakıya gəlişi gözlənilir. Əgər ənənəvi tədbirlərə icazə verilərsə, həmin dönəmdə yazarlar, sənətçilər, elm adamlarının bir araya gələcəyi “Türkiyə həftəsi” keçirməyi planlaşdırırıq.
– Müsahibəyə görə təşəkkür edirəm.
– Sağ olun. Mən də qəzetinizə uğurlar arzu edirəm.
Söhbətləşdi: Lalə AZƏRİ