“Microsoft” kompaniyasının yaradıcısı Bill Qeyts koronavirus pandemiyasının bitmə vaxtı ilə bağlı yeni proqnozunu açıqlayıb. Bill Qeytsin fikrincə, dünya 2022-ci ilə qədər “normal vəziyyətə” qayıda bilər. “Problem ondadır ki, biz pandemiyanın bitməsi üçün yetəri qədər səy göstərmirik”, – deyə o bildirib.
Milyarderin sözlərinə görə, ABŞ artıq payız aylarında demək olar ki, normal vəziyyətə qayıdacaq. Bu zamana qədər bütün məktəblər açılacaq, restoranlar fəaliyyətini qismən bərpa edəcək və idman tədbirləri keçiriləcək. Lakin pandemiya üzərində yekun qələbə qazanmaq üçün vaksinasiya məsələsində “bütün dünyaya yardım etmək” lazımdır.
Bill Qeyts hələ ki, koronavirus əleyhinə preparatların yalnız varlı ölkələr üçün əlçatan olduğunu deyib. Milyarder qurucusu olduğu fondun (“Gates Foundation”) vaksin istehsalının artırılması üçün əlavə müəssisələrin tikilməsi ilə məşğul olacağını qeyd edib.