“Səmada keçən illərin xoş xatirələrində yenə xəyalən göylərə qalxıram...”

Maraqlı, cazibədar, asan, asan göründüyü qədər də mürəkkəb fəaliyyət, xidmət sahələri var. Düşünürəm ki, onlardan biri də təyyarə bələdçisi (stüardessa) xidmətidir. İlk baxışdan sadə bir iş kimi görünür: biçimli bədən quruluşuna malik, səliqəli uniformalı, şirindil qızlar sərnişinlərə xidmət göstərir, onların təyyarədə keçən vaxtlarında yanlarında olurlar.

Amma ömrünün ən gözəl illərini bu işə sərf edən təyyarə bələdçisi ilə söhbətdə hər şeyin göründüyü kimi olmadığını anlayır,  zahirən hətta romantik təəssürat yaradan işin real çətinliklərini başa düşürsən. Yaxşı bort bələdçisi ona təyin olunan bənzətmənin – “səma mələyi” statusunun haqqını verə bilməlidir...

Səbir, əzm və dözüm tələb edən, zəriflərin çiynindəki bu işin ölkəmizdə ilk icraçılarından biri, daha dəqiqi, ilk azərbaycanlı təyyarə bələdçisi ilə tanış olaq. Zemfira Məmmədəliyeva. Onunla səmalarda, “dəmir quş”un qanadlarında keçən illərə bir də ömrün ahıl çağında, yerdən boylandıq.

Zemfira xanımı ötən illərə aparmaq elə də çətin olmadı. Hələ də xoş təbəssümü, ahəstə səsi və şux baxışlarını gənclik təravətində saxlayan qadın 1966-cı ilə belə boylandı:

– O illərə qayıtmaq, gəncliyimin ən qaynar dövrünü xatırlamaq məni həmişə belə həyəcanlandırır. 1966-cı il idi. Bakıda köhnə aerokassanın yanında hədiyyələr mağazasında satıcı işləyirdim. Çox gənc idim. Yadımdadır, o vaxt təyyarə, qatar, gəmi bələdçilərinin böyük bir toplantısı keçirilirdi. Aeroportda işləyən qohumumuz məni də oraya aparmışdı. Orda daha çox təyyarə bələdçilərinə baxırdım. Boy-buxunları, səliqəli saç düzümləri, ələlxüsus da geyimləri diqqətimi cəlb elədi. O gündən qərarımı verdim ki, mən də stüardessa olacağam. Hava limanında işləyən qohumumuza niyyətimi dedim. Bir müddətdən sonra mənə hava limanının məlumat bürosuna işçi axtarıldığını dedi. Razılaşdım və gedib işə düzəldim. Sevincimdən uçurdum, elə bilirdim həmən bələdçilik edəcəm. Amma yanılmışdım. Məni baqajı təhvil verən şöbədə işə götürdülər. Çarəsiz razılaşdım. Bilirdim ki, bu, ilk mərhələdir. Müvafiq formanı geyinən kimi artıq göyün yeddinci qatında idim.

Hər iş günümdə özümü bələdçi kimi təsəvvür edir, limana, təyyarəyə yaxınlaşarkən həyəcanlanırdım. Aradan bir müddət keçdi və qohumum təyyarə bələdçisi üçün seçim aparıldığını dedi. Bilirdim ki, seçim çətin olacaq, 30-40 nəfər qızdan bir, uzağı ikisini seçirdilər. Amma qərarlı idim. İdarəyə girdim, hara gedəcəyimi bilməyib bir küncdə dayandım. Düzü, özümü itirdim də. Boy-buxunlu, qəşəng qızlar sıralanmışdı. Çoxu da sarışın, ağbəniz. Öz-özümə “çətin məni seçərlər” deyib lap küncə çəkildim.

Kömürçü meydanında böyüyən qarayanız, bəstəboy iddialı qızın hava bələdçiliyi yolundakı bələdçisi, yolgöstərəni ilə tanışlıq tarixçəsi də maraqlıdır. Deyir insanın istəkləri, arzuları ilə yanaşı alın yazısı, tale yolu da var ki, gərək həm də ona inanasan:

– Bir xeyli dayandım. Bu vaxt ərzində qızlar da seçimdən keçirdilər. Yaman kövrəlmişdim. Az qala ağlayacaqdım. Bu vaxt qarşımdakı iri pilləkənlərdən enən ucaboylu, yaraşıqlı kişi diqqətimi cəlb elədi. Geyimindən pilot olduğunu zənn edib həsədlə ona baxırdım. O an onun da mənə tərəf gəldiyini görüb duruxdum. Lap yaxınıma gəlib asta səslə “Qızım, burda niyə dayanmısan” sualını verdi. İşə düzəlmək, stüardessa olmaq istədiyimi deyib susdum, sonra nə düşündümsə küskün halda “Yəqin məni götürməzlər, görün orda nə qədər qəşəng qız var” deyib yandakı namizədləri göstərdim. Gülümsündü və qəti səslə “Sağdan ikinci qapıya yaxınlaş, orda Məşədi Məmmədov var, onun yanına keçib Nurəddin Məcidoviç göndərib denən. İşə götürsün və tibbi baxışdan keçirsin” deyib getdi.

Mən də bilmirəm, tanımıram hələ onu. Amma əminəm ki, kimdirsə, sözü ötgün adamdır. Tez dediyini elədim. Elə həmin gün də işə götürüldüm. Sonra bildim ki, məni təqdim edən o ucaboy kişi SSRİ-nin Əməkdar təyyarəçisi, Stalinqrad döyüşündə faşist təyyarələrinə qarşı vuruşan Azərbaycan Mülki Aviasiya İdarəsinin rəisi, polkovnik Nurəddin Əliyevdir. Beləcə, mənim təyyarə bələdçiliyi yolum başladı.

Zemfira xanım ilk uçuşunu da dünənki kimi xatırlayır. Bakılı qızın Odessa səfərini ən xoş xatirə kimi danışır:

– Bir aydan sonra ilk uçuşa çıxdım. Təbii ki, ilk təcrübə kimi peşəkar stüardessa ilə uçmalı idim. Formamı verdilər, həyəcanla evimizə gəldim. Valideynlərimə əsl sürpriz oldu. Axı onlar məni baqaj daşıyan zənn edirdilər. Əvvəl bir az duruxdular. O vaxtlar azərbaycanlı qızların təyyarə bələdçisi olmağı adi qarşılanmırdı. Amma mən qərarlı idim və bu işə başladım. Əvvəllər mənim valideynlərim də bu düşüncənin təsirinə düşdülər. Sonra anladılar ki, istənilən fəaliyyət sahəsi insanın xarakter bütövlüyündən asılıdır.  

İlk uçuşlarımda pilotların da, sərnişinlərin də mənə heyrətlə baxdıqlarını görəndə utandım. Bir az da ilk olmağın sevincini yaşadım. Sonralar hər uçuşlarımda məndən azərbaycanlı olduğumu soruşanlara “Bəli, özü də tər-təmiz” cavabını verib gülürdüm.

Müsahibimin daha bir ilkliyi də var. O həm də Azərbaycan dilində məlumat səsləndirən ilk bort bələdçisi olub.

– Bu barədə ilk gündən düşünürdüm. Mənə qəribə gəlirdi ki, təyyarə Azərbaycandan uçur, amma məlumatlar rus dilində deyilir. Qonşu ölkələrə səfərləri anlamaq olardı, amma ölkədaxili uçuşlarda da məlumatlar rus dilində səsləndirilirdi. Bir-iki ay belə dava edəndən sonra heç rəhbərlikdən icazə almadan məlumatları öz dilimizdə səsləndirməyə başladım. Ardınca da rus dilində dedim. Hamı elə bilirdi ki, təlimatı pozduğuma görə töhmət alacam, yaxud işdən çıxarılacam. Amma əksinə oldu. Nurəddin Əliyev məlumatların azərbaycanca da səsləndirilməsi barədə təlimat verdi. O vaxt bunu qələbə kimi qeyd edirdim.

Maraqlı, ekstremal anlarla yadda qalan bələdçilik dönəmi Zemfira xanımın hərbçi ilə ailə qurması ilə bitir. Ondan sonra hərbçi həyat yoldaşı kimi şəhər-şəhər gəzir. İndi 1969-1976-cı illər onun üçün ən xoş xatirəyə çevrilib. Deyir işimi çox sevirdim və heç vaxt uçuşdan qorxmurdum, yorulmurdum, bezmirdim: “Qəribədir ki, təyyarədə qorxu hissim olmasa da, indi üçüncü mərtəbədən artıq yüksəkliyə çıxanda həyəcanlanıram, qorxuram”.

Yaxşı təyyarə bələdçisi olmağın sirrini sadəcə insanları sevmək və səmimiyyətdə görən Zemfira xanım “Bu peşədə işləmək üçün əsas təmkin, dözüm tələb olunur” deyir. Bu sahədə azərbaycanlı qızların sayının artmağından ayrı bir şövqlə danışan həmsöhbətimdən indi təyyarəyə minərkən hansı hissləri keçirdiyini də soruşdum:

– Kövrəlirəm. Nə yalan deyim, gənc qızlara baxıb həsəd aparıram. Sonra da səmada keçən illərin xoş xatirələrində yenə göylərə qalxıram...

HƏMİDƏ