Azərbaycan Prezidenti tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də mütəfəkkir şairin həyat və yaradıcılığına həsr olunan tədbirlər planlaşdırıb. Bu çərçivədə Daşkənd şəhərindəki bir sıra təhsil ocaqlarında Nizami Gəncəviyə həsr olunmuş açıq dərslər də təşkil olunacaq.

Bu silsilədən ilk tədbir kimi Daşkənd şəhərindəki 48 və 147 saylı məktəblərin şagirdləri üçün AMM-yə ekskursiya təşkil edilib. Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında məlumat verib, şairin əsərlərindən söhbət açıb.

Məktəblilər Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilinə tərcümə edilmiş və nəfis tərtibatda çap edilmiş Nizami Gəncəvinin “Xəmsə”si ilə də tanış olublar. Həmçinin AMM-dəki muzey-guşələrə (Heydər Əliyev muzeyi, Azərbaycan dövlətçilik tarixi muzeyi, Xalça muzeyi) və mərkəzin kitabxanasına baxıb, foyedə təşkil olunan kitab, foto və suvenirlərdən ibarət sərgiyə tamaşa ediblər.