Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi gözəl” adlı virtual sərgi keçirilib.
Sərgidə Azərbaycan rəssamlarının 50-yə yaxın əsəri nümayiş olunub. Sevgi, bahar və Nizami dühası mövzularında təqdim olunan əsərlərdə müəlliflərin sənət aləmi, Nizami dünyasına baxışı, qadın gözəlliyi və qadın qəlbinin hərarətini necə hiss etməsi əksini tapıb.
Sərgi rəssamlıq sənətinə marağı artırmaq, cəmiyyətdə qadının roluna diqqət çəkmək, onların ölkənin mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə təşkil olunub. Nümayiş olunan əsərlər sırasında müxtəlif üslub və texnikalarla işlənmiş rəngkarlıq, natürmort, peyzaj, eləcə də kiçik heykəltəraşlıq nümunələri yer alıb.
Virtual sərgidə Fərəh Babayevanın “Yeddi gözəl”, Afaq Kərimovanın “Xosrov və Şirin”, “Xəmsə”, Kəmalə Musanın “Muğam dərgahında”, İsgəndər Məmmədovun “Fitnə” kimi əsərləri izləyiciyə Nizami mövzusunun rəssamlıqda bədii-estetik məziyyətlərini çatdırır. Afaq Kərimova, Elçin Hüseyn, Yusif Mirzə, İlham Mirzəyev, Elminaz, Nigar Əliyeva və digər gənc rəssamların əsərlərinin hər birində Nizami idealları əks olunub.
Hər bir rəssam Nizaminin ölməz süjetlərinə yeni baxış, yeni yanaşma ortaya qoyub. Mövzusu Nizami, bahar və qadın olan sərgidə rəng bolluğunda işıq və sevgi mesajı verilir desək, yanılmarıq. Bahar qoxulu gül kompozisiyaları, təbiət və insan ruhlu rəsmlər bir-birini əvəzləyir. Sərginin virtual ekspozisiyasında bu sevgini hiss etmək elə də çətin deyil.
Virtual sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə yayımlanıb.
LALƏ