Azərbaycanda hotellərin təsnifatına başlanılıb

Martın 11-də Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən ulduz təsnifatı üçün müraciət edən hotellərdə qiymətləndirmə keçirilib.

Bu məqsədlə paytaxtın bir neçə hotelinə mediatur təşkil edilib, onların ulduzlaşmaya görə təyin edilən standartlara uyğunluğu yoxlanılıb və hotellərə baxış keçirilib. Mediatur çərçivəsində jurnalistlər üçün mətbuat konfransı təşkil edilib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ulduz təsnifatının hotelçiliyin inkişafı üçün mühüm amil olduğunu və bu addımın ölkənin qonaqpərvərlik sənayesinə müsbət təsir edəcəyinə, eləcə də turistlərə daha keyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaradacağını deyib.

“Əsas məqsədimiz üç istiqamət üzrə yönəlib. Birincisi, hotellərin təbliğatı, ikincisi, keyfiyyəti artırmaq və üçüncüsü, rəqabətqabiliyyətliliyi artırmaqdır”, – deyə Florian Zenqstşmid vurğulayıb.

Azərbaycan Hotel Assosiasiyasının baş icraçı katibi Günay Sağlam Milli Hotel Ulduz Təsnifat Sisteminin Avropa Mehmanxanalar Assosiasiyasının – “Hotelstars Union”un təsnifat meyarları əsasında hazırlandığını deyib. O, indiyədək 40 hotelin müraciət etdiyini, 24 hoteldə auditin keçirildiyini qeyd edib. Baş icrası katib hotellərə ulduz təsnifatının 3 illik verildiyini, bu müddət başa çatdıqdan sonra yenidən yoxlamaların aparılacağını bildirib.

Günay Sağlam assosiasiya tərəfindən pandemiya müddətində karantin üçün istifadə olunan hotellərə milli hotel ulduz təsnifatının ödənişsiz edildiyini bildirib. Ümumilikdə isə  hotellərə ulduz verilməsinə görə rüsum 800 manatdan başlayır.

Bildirilib ki, indiyədək müraciət etmiş hotellərə ulduzların verilməsi aprel ayında aparılan qiymətləndirmə nəticəsinə və komissiyanın rəyinə əsasən həyata keçiriləcək və onlara uyğunluq sertifikatı və lövhə təqdim ediləcək.

Mətbuat konfransında məlumat verilib ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana təxminən 72 min xarici vətəndaş gəlib.

Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadənin sözlərinə görə, onlardan 36 mini yanvarda, 36 mini isə fevralda gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 faiz azdır. “Hazırda xarici ölkələrə gediş-gəliş var, bunun üçün xüsusi reyslər var. Amma bu o demək deyil ki, bu, turizm vəziyyəti kimi dəyərləndirilə bilər. İlin ikinci yarısı ilə bağlı ümidlərimiz var”, – deyə o bildirib.