Əlilliyi olan şəxslərin iştirakı ilə musiqi albomu hazırlanıb
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və təşviqi məqsədilə ötən ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Qəlbin nəğməsi” adlı musiqi albomu hazırlanıb.
Albomda istedadı və gözəl səsi olan görmə, hərəkət və əqli məhdudiyyətli şəxslər, eləcə də Qarabağ müharibəsi zamanı əlil olan insanlarla bərabər tanınmış müğənnilərin ifaları da yer alıb.
Keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan” kanalı əməkdaşlıq çərçivəsində “Bərabərik” layihəsini təqdim edib. Layihənin birinci mövsümündə Azərbaycanın tanınmış müğənniləri, musiqişünasları, musiqi məktəblərinin müəllimləri iştirak ediblər.
İndi isə “Bərabərik” layihəsinin ikinci mövsümünə start verilir. Yeni mövsümdə musiqi sahəsi ilə yanaşı, teatr və idman sahələrindən də iştirakçılar olacaq.
Xatırladaq ki, efirdə hər bir ifa canlıdır və fonoqramdan istifadə olunmur. Bunun üçün layihə çərçivəsində silsilə proqramlarda iştirak edən əlilliyi olan hər bir şəxs üçün musiqi ansamblının müşayiəti ilə professional səsyazma studiyalarında davamlı məşqlər keçirilir.
“Bərabərik” layihəsində adından da göründüyü kimi, əlilliyi olan şəxslərlə yanaşı, Azərbaycanın tanınmış müğənnilərinin dueti səhnədə canlı şəkildə nümayiş etdirilir. Hər bir iştirakçının həyat hekayəsi haqqında videosüjet hazırlanaraq tamaşaçılara təqdim olunur. Həmçinin onların ifa etdikləri 5 duetin mahnılarının tarixçəsi də maraqlı şəkildə tamaşaçılara nümayiş etdirilir.
Layihənin müəllifləri bununla göstərmək istəyirlər ki, əlilliyi olan istedadlı şəxslər Azərbaycan cəmiyyətində bərabər üzv kimi qəbul edilir və onlar sağlam istedadlı şəxslərlə birlikdə eyni səhnəyə çıxıb öz bacarıqlarını nümayiş etdirə bilərlər. Əlbəttə ki, bu da gələcəkdə həmin istedadlı gənclərin peşəkar səhnəyə rahatlıqla çıxmasına imkan yaradacaq. Bu, bir daha təsdiq edir ki, əlillik qüsur deyil, o, yaratmaq və özünü inkişaf etdirmək üçün maneə ola bilməz.