Türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən təşkil olunan səyyar fotosərginin Türkiyənin müxtəlif şəhərlərində nümayişi davam edir.
“Müstəqilliyinin 30-cu ilində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan” adlı fotosərgi martın 5-də İzmirin Seferihisar rayonunda, martın 7-də Aydın şəhərində, ayın 9-da Dənizli şəhərində təqdim olunmuşdu.
Sözügedən ölkələr təbii gözəlliklərini, tarixi-mədəni irsini, müasir inkişafını əks etdirən şəkillərdən ibarət fotosərgi martın 11-də İsparta şəhərinin Kaymakkapı meydanında açılıb. İsparta Bələdiyyəsi ilə birgə düzənlənən sərginin açılış mərasimində İsparta valisi Ömer Seymenoğlu, bələdiyyə başqanı Şükrü Başdeğirmen, TÜRKSOY-un nümayəndəsi Sancar Mülazımoğlu iştirak ediblər.
Martın 12-də Qazaxıstanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Almatı şəhərindəki A.Kasteyev adına Dövlət İncəsənət Muzeyində rəsm sərgisi açılıb. Qazaxıstanlı 85 rəssamın 200-dək əsərinin nümayiş olunduğu sərgini TÜRKSOY-un Baş katibi Düsen Kaseinov da ziyarət edib.
TÜRKSOY-un və Türkmənistan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan onlayn konsert proqramı da türkdilli dövlətlərin müstəqilliyinin 30 illiyinə həsr olunub.
Konsertə digər türkdilli xalqların musiqi kollektivləri ilə yanaşı, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri də qatılıb. Orkestrin “Bibican” türkmən xalq mahnısını özünəməxsus koloritlə ifa etdiyinə görə Türkmənistan Mədəniyyət Nazirliyi kollektivə, eləcə də bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayevə və kollektivin direktoru Əməkdar mədəniyyət işçisi Elçin Abbasova təşəkkürnamə göndərib.