Milli İncəsənət Muzeyində sərgilənən əsərlər əsl bayram əhvalı yaradır

Yazın gəlişi ilə üfüqdə yüksələn Günəş hərarətini bir qədər artıraraq təbiəti oyadır, canlandırır. Novruz soraqlı bu günlərdə xalqımız əziz bayramına qovuşmağın sevincini yaşayır.

El dilindən və el məişətindən süzülüb gələn zəngin Novruz adətləri zaman-zaman Azərbaycan rəssamlarının yaradıcılığında maraqlı biçimdə əksini tapıb. Baharın qədəmlərini daha yaxından duymaq, zövq almaq üçün Azərbaycan Milli İncəsənət Muzeyi martın 16-dan “Novruz ahəngi” adlı sərgini təqdim edir.

Milli İncəsənət Muzeyində saxlanılan  Novruz mövzulu tablolar sırasında Xalq rəssamları Əzim Əzimzadənin “Tonqal üstündən tullanmaq”, “Kos-kosa”, Elmira Şahtaxtinskayanın “Novruz bayramı  ərəfəsində”, “Qutablar”, Səttar Bəhlulzadənin “Bahar nəğməsi”, “Xonça”, “Torpağın arzusu”, “Azərbaycan nağılı”, Xalidə Səfərovanın “Novruz”, “Çövkən”, “Çövkənçilər”, Elbəy Rzaquliyevin “Novruz bayramı”, Altay Hacıyevin “Novruz sandığı” kimi nümunələr var. Bundan əlavə, Əməkdar rəssamlar Ələkbər Rzaquliyevin “Gəlinə hədiyyə ilə”, Arif Ələsgərovun “Novruz”, “Kəndirbazlar”, Mahmud Tağıyevin “Gül açan bağ”, “Bağçada yaz gülləri”, habelə tanınmış rəssamlar Həsən Haqverdiyevin “Bahar”, Sara Namitokova-Manafovanın “Novruz”, Orxan Hüseynovun “İçərişəhərdə bayram” və s. əsərləri də bayram əhvalının bədii təcəssümüdür.

Dağ çiçəklərinin ətri hopmuş Səttar Bəhlulzadə tabloları, Əzim Əzimzadənin qrafik rəsmlərindən boylanan Novruz adətləri, unudulan və hazırda yaşadılan ənənələr tamaşaçıların marağına səbəb olacaq.

S.Bəhlulzadənin “Azərbaycan nağılı” əsərində əzəmətli dağlar fonunda, göl kənarında əks etdirilən dairəvi iri xonçalar və xonçaların içərisindəki Azərbaycan nemətləri, çiçəkləmiş ağaclar, gözəl güllər o qədər ustalıqla təsvir edilib ki. Digər rəssamların əsərlərində də xalqımızın etnoqrafik yaddaşına böyük ustalıqla işıq salınıb. Bu təsvirlərdə nələr yoxdur: Novruz ərəfəsində bayram şirniyyatları ilə dolu xonça ilə qız evinə tələsən ailə, insanları həyəcanlandıran kəndirbazlar, Novruzun əsas atributları... Bütün bu səhnələrin bədii əksi əsl bayram əhvalı yaradır.

Sərgidə ziyarətçilər bədii metal, zərif işləmələr və milli geyimlərlə də tanış ola bilərlər. Bundan əlavə, Xalq rəssamı Bədurə Əfqanlının Dövlət Mahnı və Rəqs Ansamblı üçün hazırladığı milli geyim eskizləri də sərgidə nümayiş olunur.

“Novruz ahəngi” sərgisi martın sonuna qədər davam edəcək.

Lalə AZƏRİ