Osmanlı Sultanı Süleyman Qanuninin portreti İngiltərədə hərracda satılıb. İlkin məbləğ olaraq 60 min funt-sterlinqə satışa çıxarılan portret 350 min funt-sterlinqə (təxminən 830 min manat) satılıb. Alıcı vergilərlə birlikdə portretə 438 min funt sterlinq ödəyəcək.

XVI əsrin sonu – XVII əsrin əvvəllərində çəkildiyi ehtimal edilən və çox nadir bir əsər hesab olunan portret mis çərçivəsi ilə birlikdə 44.5x39.8 santimetr ölçüdədir. Portretin Sultan Süleymanın təxminən 43 yaşında Preveze dəniz döyüşündə səlib donanmasını məğlub etdikdən sonra gücünün zirvəsində olduğu bir dövrdə çəkildiyi irəli sürülür.

Portret XIX əsrdən bəri bir fransız ailəsinin xüsusi kolleksiyasında saxlanılıb. “İslam dünyası və Hindistan sənətləri” mövzulu hərraca ümumilikdə 183 əsər təqdim edilib.

Hərracda Sultan Süleymanın qızı Mihrimah sultanın XVII əsrə aid portreti, müxtəlif dövrlərə aid müqəddəs “Qurani-Kərim” və səhifələri, Osmanlı zamanına aid müxtəlif kilim növləri və xalçalar da satılıb.