Ermənilər tarixin müxtəlif dövrlərində xalqımıza qarşı kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçiriblər. Bu cinayət əməllərinin miqyasına və nəticələrinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, bu soyqırımı aktları beynəlxalq hüquq normaları ilə təsbit olunmuş konvensiyalara əsasən, insanlığa qarşı cinayətdir.
Bu fikir martın 31-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı təşkil olunan videokonfransda səsləndirilib.
Konfransı açan Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, XX əsrdə ermənilərin xalqımıza qarşı belə terror aktlarının, milli-etnik zəmində qətliamlarının və soyqırımı cinayətlərinin nümunələri çoxdur. Bunlardan biri 1918-ci ilin Mart qırğınıdır. Sıralarında çoxlu sayda erməni millətçilərinin cəmləşdiyi Bakı Kommunası “əks-inqilabçılara qarşı mübarizə” şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasını həyata keçiriblər. Soyqırımı Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə də həyata keçirilib.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq fərmanda 1918-ci ildə baş verən soyqırımı hadisəsinə siyasi-hüquqi qiymət verilib. Prezident İlham Əliyev 2018-ci ildə imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında sərəncamına əsasən, erməni-bolşevik silahlı dəstələrinin yüz il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib.
Videokonfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, tarixçi Anar İsgəndərov “1918-ci ildə azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımı və onun acı nəticələri” mövzusunda çıxış edib. Bildirib ki, 1918-ci il martın 30-dan aprelin 2-dək Bakı və onun ətraf kəndlərində müsəlman əhalisi məqsədli şəkildə soyqırımına və talanlara məruz qalaraq, 11 mindən artıq günahsız insan qətlə yetirilib.
Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Qərbi Azərbaycanda azərbaycanlı əhaliyə qarşı genosid siyasəti” mövzusunda çıxış edib. “Tarixdə çox az fakt tapmaq mümkündür ki, bir əsrdə bir xalq digər xalqı etnik və dini mənsubiyyətinə görə, ən azı dörd dəfə soyqırımı və deportasiyaya məruz qoysun və buna görə də heç bir hüquqi və siyasi məsuliyyət daşımasın. Bəli, ermənilər XX əsrdə xalqımıza qarşı dörd dəfə belə vandalizm aktları törədiblər: 1905-1906-cı illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-ci ildən 2020-ci ilə qədər”, – deyə o qeyd edib.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, professor Vaqif Abışov “Gəncə quberniyası, Qarabağ və Güney Azərbaycanda azərbaycanlıların soyqırımı” mövzusunda çıxış edib. O deyib ki, ermənilər dinc insanlara qarşı soyqırımı həyata keçirərkən nəinki azərbaycanlılara qarşı, eləcə də Azərbaycanda yaşayan qeyri-azərbaycanlı əhaliyə qarşı da kütləvi qətliamlar, qarətlər, dağıntılar törədiblər.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində Bakı quberniyasının bir çox qəzalarında soyqırımı, qarət və yanğınlar zamanı zərər çəkmiş qeyri-müsəlmanların şahid ifadələri ermənilərin cinayətkar əməllərinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. 1918-ci ilin avqustundan 1920-ci ilin aprelinədək fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının Bakı, Şamaxı, Quba, Zəngəzur, Şuşa və Azərbaycanın digər şəhər və kəndlərində erməni silahlı dəstələrinin dinc azərbaycanlılara qarşı törədikləri kütləvi qırğınları xalqımıza və o cümlədən dünya ictimaiyyətinə çatdırmaq üçün topladığı sənədlər 36 cild və 3500 vərəqdən ibarətdir.