2020-ci il Vətən müharibəsində şəhid olan Türkiyənin Balıkesir Universitetinin tələbəsi Məmmədağa Səfərovun adı ali təhsil müəssisəsində əbədiləşdirilib. Şəhidin adı universitetin konfrans salonlarından birinə verilib. Məmmədağa Səfərovun adının əbədiləşdirilməsi universitet rəhbərliyi və təhsil aldığı Mühəndislik fakültəsinin təşəbbüsü ilə reallaşıb.

Bu münasibətlə Balıkesir Universitetində keçirilən mərasimdə şəhidin ailə üzvləri, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, universitetin əməkdaşları iştirak ediblər.

Tədbirdən əvvəl şəhidin ailə üzvləri ilə görüş keçirilib.

Səfir Xəzər İbrahim Vətən uğrunda canını fəda edən gəncin ailəsinə başsağlığı verib. Universitetin rəhbərliyinə də minnətdarlığını ifadə edən səfir ailədən başlanan Vətən sevgisinin insanların qəlbində əbədiləşdirilməsi üçün təhsil müəssisələrinin böyük rolu olduğunu vurğulayıb: “Universitetdə təhsil zamanı Türkiyə-Azərbaycan arasında münasibətləri tələbələrə aşıladığınız üçün sizə minnətdarıq. Ailəsinin də dediyi kimi, Məmmədağa yalnız Azərbaycan deyil, həm də bir Türkiyə sevdalısı idi. Bu gün iki qardaş dövlət prezidentlərinin liderliyi və xalqlarımızın birliyi ilə irəliyə doğru hərəkət edir. Təhsil Türkiyə-Azərbaycan qardaşlığının inkişaf etdirilməsində ən vacib sahələrdən biridir”.

Qeyd edək ki, Türkiyədə təhsilinə fasilə verərək hərbi xidmətə yollanan Məmmədağa Səfərov Vətən müharibəsində Xocavənd, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 21-də Xocavənd uğrunda döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılması və vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölkə başçının 2020-ci il 15 dekabr tarixli sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Mehparə SULTANOVA
Ankara