Yetmiş iki il səhnə-ekran səltənətimizin bənzərsiz sənət məharəti...
Səksən səkkiz sənəlik həyatı ilə şəcərəsinin şəxsiyyət fəxarəti, cürbəcür siyasətlər yaşatdırılmış xalqının əhval-ruhiyyə məlahəti...
“Sənət və Xalq” tandemində ən kütləvi, ən munis, ən doğma sevgi-rəğbət banisi...
Millətin fitri istedad bağrından qopmuş halal-doğal Xalq artisti...
Tamamən gerçək, büsbütün real ki, bu dünyada qədri gurdan gur və ehtimal ki, o dünyada qəbri nurdan nur – Nəsibə xanım Zeynalova...
Bəs bu sayaq bir BÜTÖV haqda nə yazasan ki, üstəgəl olsun?...
Belə bir korifey barədə nə deyəsən ki... (xəyali “müdaxilə”sini eşidirəm) “trofey” kimi çıxmasın?...
Əslində, belə bir məşhurdan-məşhur, aydından-aydın sənətkarın yaratdığı obrazlar haqda danışmağa nə ehtiyac? Ancaq, hər halda...
Bəlkə xəyalatımı buraxım başlı-başına – başına nə gələr-gələr, – necə ki, bir vaxt belə bir hal yaşamış ədiblərimizdən biri deyib; “Darıxma, ey kədər! O mövzu doğmadırsa, qayıdıb gələr”...
Şairlərimizdən biri isə buyurub: “Ölüm sevinməsin qoy...”
Aha, bu deyim mənimçün verimli oldu; –
Qoy Ölüm də sevinsin...
Güdüyündə olduğum bu nüansla bağlı bir az “dolangəl”lik...
Belə ki, axı bu zalım Ölüm olayının özü də, gözəlimiz Olum kimi, Allah əmri! Onun yaratdığı bu kainatdasa, heç nə “elə-belə”dən deyil! Hələ məsələnin bu üzü də var ki, əgər canlılar əbədi yaşayardısa, sığışardımı bu əbədi dünyaya?! Bu halda nədən axı, elə bir “nizamçı”nın heç olmasa, “qanuni”ləri də sevinməsin? Bu “iş”də söhbət yalnız ondan gedə bilər ki, hər şeyin SONu olan bu olayın da sevinməsi üçün necə yaşayıb-yaratmalı?...
Hə, elə bayaqdan “aranı dağa, dağı arana” daşıyan fikir-xəyalımın məqsəd-məramı da məhz gəlib bu suala çıxmaq idi: “necə yaşayıb-yaratmalı?”. Cavab: Ölümü ilə tarixi-ənənəvi dəfn mərasimini – vay-şivən ritualını belə rövnəqləndirib “toy-nişan”laşdıran Zeynalova Nəsibə Cahangir qızı kimi!...
O dəfndəki alqış-əlçalmaları mərhumun yaşı ilə (“əşi, yaşını yaşayıb, dövranını sürmüşdü də”) əlaqələndirənlərin məntiqinisə, başqa bir şairimizin (R.Rza) tele-çıxış zamanı toxunduğu (o çağ “nekroloq”larındakı “vaxtsız ölüm” ritorikası ilə bağlı) bir qənaətlə təkzib edim: “Heç kim vaxtında ölmür; yüz bir il yaşamış insan yüz ikinci ilin bir gününü də yaşamaq istərdi”...
Nəysə...
“Qocamanlar” dövranı söhbətindən keçirəm “yeddi-səkkiz yaşlılar” aləminə.
Öncə –
Bu qız kimin qızı?
Azərbaycan milli realist aktyor məktəbi yaradıcısı, yazılarımdan birində “kültür qaranlığında tacir aydınlığı”, “milli mədəniyyət mərdi” kimi təqdim etdiyim Cahangir Zeynalovun!
Deməli, ata – sənət məktəbi banisi, övlad – büsbütün ümumxalq məhəbbəti banisi!
Hə, “ixtisas”ca ticarətçi olmuş o ata, müasir tacirlərin qulaqlarından iraq, qazancının əksər faizini (öz zehni, canı-qanıyla birgə) sənətə sərf edib. 1916-cı il aprelin 20-də doğulan bu yeganə övladı ilə bağlı yaxın ətrafına söylədiyi özünəməxsus “monoloq”unu isə belə bitirib: “Bu qız mənim sənət yolumu davam etdirməlidir...”.
Ancaq, qızının iki yaşını qeyd etməyə hazırlaşırkən, ermənilərin Bakıda törətdiyi kütləvi qırğınlar ucbatından, ailəsilə İrana getməli olub.
Bir azdan “sakit-samitlik” xəbərləri eşidən bu “zorənmühacir”də hər şeydən çox “səhnə xiffəti” baş qaldırıb və qayıtmaq qərarına gəlib.
Yazda gedib, payızda dönməli olan bu mədəniyyət xadimi çirkab dolu gəmidə yatalaq xəstəliyinə tutulur. Erməni talanlarından viranəyə çevrilmiş Bakını görəndə isə tam sarsılır. Ailəsinin başsız qalacağı, qızının teatr peşinə qoşula bilməyəcəyi fikirlərindən üzülür və az müddət keçmiş dünyasını dəyişir...
Bu “sənətkar ata-övlad” haqda oxuduqlarım, müasirlərindən eşitdiklərim iri bir kitablıq, bu yazı isə bir qəzet səhifəsində müəyyən bir guşəlik. Bu səbəbdən, keçirəm, bir vaxtlar bu övladın 72 yaşının tamamı münasibətilə hazırladığım birsaatlıq tele-verilişin çəkilişi zamanı gözlənilmədən baş verən bir epizoda.
Sözümə həmin o epizodadaxil yeddi-səkkiz yaşlı bir qızın dediyi (əslində, Nəsibə Zeynalova fenomeninə məxsus “Qayınana Obrazı” ecazının dedirtdiyi!) bir cümləlik dastanın son kəlmələrilə başlayıram: –
“...yaxci gəlin olacağam!”
...Hə, bu Sənət Xanımının ad günü ilə bağlı veriliş üçün küçələrdə statik “natura-plan”lar çəkirik. Operatorumuz kadra müdaxilə edən “kənar şəxslər” əlindən lazımi planlar çəkməyə macal, Nəsibə xanım isə – “əlçəkməzlər” əlindən, kamera qarşısında həyati bir sir-sifət nümayiş etdirməyə (özü demişkən) mafal tapa bilmir. İnadcıllıqla anasının əlindən yapışmış həmin o yeddi-səkkiz yaşlı qızcığazsa, yorulub-usanmadan bizim arxamızca gəlməkdə (sonradan öyrənəcəyik ki, hər dəfə Nəsibə xanımı tele-kinoekranlarda görəndə “mənim bu yazıq nənəyə bir sözüm var” deyər, “nə sözdü o elə” kimi suallara cavabındasa söylərmiş: “özünü görəndə özünə deyəcəm”). Nəhayət, qızcığaz fürsət edib, Nəsibə xanıma yaxınlaşır və həyəcanla deyir: “Nəsibə nənə, ay Nəsibə nənə, vallah mən... mən... böyüyəndə yaxci gəlin olacağam!...”.
Bu ümumxalq Nənənin “yad” nəvələrindən biriylə bağlı bu epizod ardınca doğma nəvəsi (və adaşı) Nəsibə xanımın müsahibələrin birində: “-Yəqin ki, tez-tez uşaqlarınıza nənənizin şan-şöhrəti, necə məşhurluğu haqda da danışırsız” sualına verdiyi cavabı xatırladım: “Məncə, buna ehtiyac yoxdur. Hər dəfə adı çəkiləndə (yaxud, onun nəvəsi olduğumu biləndə) insanların üz-gözündəki sevinci, işıltı-parıltını uşaqlarım da görür və bilirlər ki, kimin nəticəsidirlər! Və təbii ki, özlərini bu kimlik daşıyıcısına layiq aparmağa çalışırlar...”.
Və... –
Ay səni, tale!
Bu nidam yubilyarımızın yeddi-səkkiz yaşıyla bağlı bir xatirəsindən yanadır: “Mənim yeddi-səkkiz yaşım vardı, evimizdə isə sandıq kimi qocaman bir qutu – içərisində də atamın proqramları, afişaları, məktubları... Bir gün qohum-əqrəba arasındakı xoflular gəlib onları yandırdılar, söyə-söylənə də bildirdilər ki, bəs, bunlar ələ keçsə, sizdi-bizdi hamını Sibirə sürəllər!...
Nəysə, bir gün də “axtaranlar” gəldilər, evimizi ələk-vələk elədilər, siqaret çəkməyə çıxanda, xalaqızı Leyla ilə o “qutu”dan 5-10 proqram “oğurladıq”. “Gələcək” üçün yox aa, qız uşağıydıq də; öyrənmişdik ki, onları suya qoyanda kraxmalı gedir, içindən də əl yaylığı tikməsiyçün təmiz “batis” çıxır. Sonralar, anamın qorxusundan, heç onları da ortalığa çıxara bilmədik...”.
Kaş, o qızlar o vaxt tək elə o “batis”i yox, bolşeviklərin bais olduğu milli-mədəni keçmişimizə dair daha bir nümunə olası o sənət sənədlərini də “oğurlamış” olaydılar. Ki… onlar, otuz-qırx il öncələrədək çağdaşlarının minbir hekayətlə xatırladığı Cahangir Zeynalovun fədakarlığına, sənət təəssübkeşliyinə dilsiz şahidlik edəydilər…
Bu ümumxəlqi sevgi öndərinin 105 yaş qutlanışı günündə bunu da xatırlayıram ki; –
Bir kərə
yığcam bir yığıncaqda yüksək elmi titullu bir qadın böyük ictimai-siyasi tutumlu bir yubilyar haqda çox səmimi sözlər dedikdən sonra, “çox-çox təəssüflər ki, Sizin kimi bir insan haqda bəd-niyabət danışanlar da var...” – deyib, susdu və məclisin də ağır bir sükuta qərqindən kövrəlib, ağladı. Səbəbkar isə (dodağında süslənən təbii bir təbəssümlə): “Professor, professor! – dedi. – Siz bu adi məsələyə bu qədər təəccüb-təəssüfkeşliklə baxırsızsa, bəs onda məni sevənlər içərisindəki sadədillər neyləsinlər? Xahiş edirəm, özünüzü ələ alın. Mən pul deyiləm ki, hamı sevsin”...
Bəli, bu dünyada puldan savay heç nə birmənalı qarşılanmır...
Ancaq, axı, Nəsibə xanımı (sağlıq çağlarındakı paxıl həmkarları istisna) hamı sevib, sevir və sevəcək!...
Özü də kimi, kimi, – bütün yaradıcılığı boyu əksərən mənfi obrazlar yaratmış bir artisti!
Və indi necədir (xalqımızın dünən-srağagünkü mental münasibətinə rəğmən) desəm ki, adam bu “artist” ifadəsini Nəsibə xanıma yansıtmaqda çətinlik çəkir (axı, bu Xanım o qədər təbii, oxəntərə doğal, oğədə özgür idi!)...
Deyim ki, bu Xanıma qədər də xalq içərisindən “təbii seçmə yolu”yla çıxmış aktyorlarımız az olmayıb. Lakin o xoflu dövrün susdurulan elitarlarıyla coşdurulan proletarları arasındakı təbii və süni zövq (sənətə baxış) fərqlərinin azaldılması məsələsində Nəsibə Zeynalova istedadında ikinci bir aktyor olmayıb, zənnimcə. Xüsusən, əlahəzrət sənətin ömürartıran, qəşşetdirən, hərdənbir də qırmanclayan gür-gülüş motiv-müstəvisində!
Bu ovqat mücəsəməsinin –
şəxsi həyat “marşrut”larında da təbəssümləndirici dayanacaqlar var ki, biri də orta məktəbdə rəqqasəlik etməsi...
Təsəvvür edirsizmi, Nəsibə xanım hansısa rola girmədən, hansısa bir obrazı oynamadan – rəqqasəlik edir! Yəni, bu qədər istedadlı, bacarıqlı, qabiliyyətli adam və adicə rəqs?! Kimisə yamsılamadan, hansısa tipoloji rəqqasəninsə şəbehini çıxarmadan?! Amma bu balaca qızın böyük teatr-kino azmanı Rza Təhmasibin dram dərnəyinə böyük məmnuniyyətlə üzv edilməsinin özü də xoş nüanslı bir təbəssüm doğurur.
Beş il sonra adıgülməli bir teatrda (“Kolxoz və Sovxoz Teatrı”) peşəkar aktrisa kimi işə başlayan Nəsibə doqquz ay keçməmiş, yenicə yaranan Musiqili Komediya Teatrına “birinci dərəcəli aktrisa” götürülür. Kim? İnstitut-universitetlər bitirmiş bir çox “zorəntəb”lilərlə müqayisədə adi bir təhsil ocağını – Bakı Teatr Məktəbini bitirmiş bir gənc! Hələ tələbə ikən ona çox ciddi rollar üçün ehtiyac duyulur və dərslərdən çox, ağır-ağır rol mətnləri oxumalı olur bu yeniyetmə.
Bu an ozamanlarkı “peşəkar dialoqlar”dan:
– “Şıltaq qızın yumşaldılması”... Peşəkarların belə dad döydüyü dəymədüşər Katarina roluna kimi?..
– Əlbəttə, tələbə Nəsibəni!
– Bəyəm o hazırda Şillerin “Mariya Stüart”ında Yelizavetanı oynamır?
– Elədir, amma tələsmək lazımdır; onu “Don Juan”ndakı Elvira roluna da dəvət edəcəklər!...”.
Hələ ilk gəncliyində ona “ayrıca” diqqət yetirilir, onun müəllimi olmaq fəxarəti yaşanırmış. Qeyri-adi qabiliyyətinə təəccüb etməmələrinin səbəbi isə, təbii, bu qızın, yaxşı tanıdıqları bir atanın varisi olmasıyla bağlıymış.
Deməli, onların söhbətlərindəki: –
“Ay səni, istedad!”
kimi nidalar hər iki dünyaya aid imiş; biri – canlı alqışlar hədəfi Nəsibə Zeynalovanın, o biri – məhəbbət və xiffət dolu rəhmətlərlə yad edilən Cahangir Zeynalovun simasında.
Bəs sonralar tək elə Cahangir kişinin yox, bütün Azərbaycan cahanının övladı hesab edilən bu fenomenin yaratdığı obrazlardan hansı birindən daha çox, daha məxsusi bəhs etməli? Axı onların “ən yaxşı”, “ən əla” olmayanı yoxdur. Hansı daha zəifdir ki, buna göz yumub, keçəsən o birinə?
Hələ sanballarını demirəm, sayını dəqiq bilən varmı? “Ögey ana”dakı “...soyuqdəyməni bıçaq pendiri kəsən kimi xırrıpıt kəsir!” sözlərinin ifadəsi zamanı onun dil-üslub və sir-sifət sinxronizmini xatırlayırsızmı? Yaxud, “Həmişəxanım” komediyasında yaratdığı özündənrazı xanımların müştəbehlik portreti! “Dörd divar arası” teatrdan fərqli (ümumauditorial) kinodakı (“Ulduz”da Züleyxa, “Bizim Cəbiş müəllim”də möhtəkir və s.) təkrarsız obrazlarından əhatəli danışıb, bütün millətin yekdil fikrini təkrarlamağa, büsbütün mənfi, “küpəgirən”, qəbahət-qərəmətli obrazlar “oyunçusu”na bu dərəcəli tamaşaçı məhəbbəti, bu miqyaslı ümumxalq vurğunluğu həqiqətini dübarələməyə nə ehtiyac?...
Bir az da –
“Rəsmi” sevgidən
“Xalq artisti”...
Yaxın keçmişin mətbu, xəlqi-ictimai müzakirə (hətta rəsmi müşavirə) mövzusu olmuş və ən azı “ikili” münasibət bəslənmiş bir məsələ. “Niyə Avropada, Amerikada belə adlar, titullar yoxdur, bəyəm Tom Cons, Çelentano, Jerar Depardye, Al Paçino... xalq artistləridir?!” kimi xitablar...
Çox söz deyilir, əmma-dilemmalar qurulur, ancaq bunun bir vaxtlar “yuxarı” Politbüronun “aşağı” proletarla qaynayıb-qarışma qurğularından biri olduğu barədə danışılmırdı. Yeri gəlmişkən, yaxşı ki danışılmırdı. Nədən ki, bu ad, zaman-zaman, bir çox daşıyıcılarında xalqın nəfinə, ovqatına işləyib. Hələ o rəhmətlik sovetin “ruhu”na alqışlar ki, bunlara “Sosializm artisti”, “Bolşevik incəsənət xadimi” kimi yarlıqlar yapışdırmayıb...
Və hələ bu da var ki, kim bilir, bu xalqın ayrı-ayrı oğul-qızlarına ərməğan etdiyi təntənəli “ad”larla bahəm, bütöv millətin başına olmazın “iş”lər açan o hökumət gəlməsəydi, Nəsibə xanım Zeynalova bu kimi adi yazıların növbəti, Azərbaycan mədəniyyətininsə əbədi Qəhrəmanı olaraq yaşayacaqdı, ya növbəti bir real gəlin-Afət, yaxud həyati bir qayınana-Cənnət olaraq?...
Bir daha –
Xəlqi sevgidən
Yəqin ki, kimsə hansı aktrisanısa Nəsibə xanıma nisbətdə daha çox sevir. Olsun. Amma məncə, hamı tərəfindən sevilmək məsələsində bu son dərəcə kolorital, bütün keçənəklər qədər qədimi, gələnəklər qədər müasir, hər kəsimizə doğma anası, bacısı, qızı qədər yaxın, bu dünyada necə yaşamaq gərəkliyini əla dərk, sənət zirvələrinin intəhazsızslığını öz təvazö-mütəvazölüyü ilə görk edən bu sənətkarın “dublyor”u yox...
Tahir ABBASLI