Biz bir durna qatarıyıq. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunları kimi səf-səf düzülüb havaya qalxmışıq. Düz otuz ildir ki, uçuruq. Aramızda Elşad Həsənov, Bəhruzər Rüstəmov kimi dövlət məmurları da var, Afaq Məsud, Flora Sadıqlı kimi yazıçılar da. Tofiq Yusifov kimi professor da var, Şamil Abdullayev kimi iş adamı da. Gövhər Rzayeva kimi polis mayoru da var, Abdulla Məcidov, Elmira Mehdiyeva, Habil Ələkbərov, Həqiqət Cabbarlı, Rəhman Həsənov, Zemfira Ələkbərova, İsaməddin Əhmədov kimi qələm sahibləri də...
Bizim durna qatarında - tələbə yoldaşlarım arasında şairimiz daha çox idi. Nəslimizin yarpaq tökümü də elə onlardan başlandı. Əzrayıl əvvəlcə Qismətin şeirlərini oxudu. Xoşu gəldi, özü ilə apardı. Sonra Ağalar Mirzəni aramızdan qopardı. Ötən həftə eşitdik ki, durna qatarımız Əli Səfəroğlusuz qaldı...
Ucardan gəlib xoşbəxtliyi Bakıda axtaran Fərəcov Əli Səfər oğlu ilk gündən hamımızın qəlbinə yol tapmış, qrupumuzun liderinə, ağsaqqalına çevrilmişdi. Onun özünəməxsus zarafatları, qara bığları, yerişi, gülüşü, oturuşu, duruşu o qədər səmimiydi ki, müəllimləri də əfsunlamışdı: o qədər də dərs oxuyan olmasa da qiymət sarıdan çətinliyə düşməzdi. Bir dəfə müəllimlərimdən biri Əliyə demişdi ki, sənin qiymətini Allah verib, mən onu necə kəsə bilərəm.
Əli Səfəroğlu, doğrudan da, Allahın sevib-seçdiyi bəndələrdən idi. Əlinin neçə kitabı çıxıb, hansına baxırsan, vərəqləri saralıb, cırılıb, nimdaş əskiyə dönüb. Çünki bu kitablar heç vaxt rəflərin bəzəyinə çevrilməyib, əllərdə gəzib, vərəqlənib, oxunub.
Şair üçün bundan da böyük xoşbəxtlik ola bilərmi?
Tələbəlik dostlarının bütün həyatı Əli Səfəroğlunun şeirlərindədir. O, bizim görə bilmədiyimizi görürdü, duya bilmədiyimizi duyurdu, yaza bilmədiyimizi yazırdı. Əlinin şerləri məclislərin bəzəyidir, aşıqların, xanəndələrin dilinin əzbəridir. Həmişə belə olacaq, onu sevəcəklər, xatırlayacaqlar. Bizim kimi - unudulmaz Əli Səfəroğlunun sədaqətli tələbə yoldaşları kimi...
Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. Hə, Əlini başqalarından fərqləndirən bir cəhət də var idi. O, bizim durna qatarından qopacağı günü görürdü. İnanmırsınız? Onda Əli Səfəroğlunun şerlərini oxuyun...
Məzahir Süleymanzadə
MƏNİ
Əziz qohumum Familə
Şair ürəklilər kövrək olurlar,
Yoxdur bir həmdəmim kiridə məni.
Canımın ağrısı şiddət edəndə
İncidir Allahın yeli də məni.
Bu dünya həmişə xətrimə dəymiş,
Bəlalar göndərib, qəddimi əymiş,
Yəqin ilahinin hökmü beləymiş,
Fələk kəməndində sürüdə məni.
Viranə qalıbdır ömür bağım da,
Min cürə sirlər var sinə dağımda,
Bir kəsim yoxdur ki, qoca çağımda,
Qolumdan yapışıb, yeridə məni.
Bu dərdi göz yaşı tökənlər bilər,
Həsrətlə boynunu bükənlər bilər,
Bu, elə dərddir ki, çəkənlər bilər,
Anlamaz çəkməyən iri də məni.
Əli Səfəroğlu, edir yır-yığış,
Ömür yollarını yaman aldı qış,
Əzrayıl da nizəsini tuşlamış
İstəyir topaqda çürüdə məni.
GÜLÜM, SƏNSİZ YAMAN QƏRİBSƏMİŞƏM
Ömür yoldaşıma
Bilirsən, sevirəm candan, ürəkdən,
Səni soruşuram əsən küləkdən,
Yenə də ayrılıq gəldi fələkdən,
Yenə də qəribə işə düşmüşəm.
Gülüm, sənsiz yaman qəribsəmişəm.
Gör neçə gündür ki, sənsiz qalmışam,
Qanadları sınıq, aciz bir quşam,
Vallah, gülməyi də yadırğamışam,
Elə xəyallara dalmaqdır peşəm,
Gülüm, səninsiz yaman qəribsəmişəm.
Bilmədim qədrini ötən illərin,
Qaldım ağuşunda dumanın, çənin,
Gündüz həsrətinlə yaşayıb sənin,
Gecə yuxuda da səni görmüşəm,
Gülüm, sənsiz yaman qəribsəmişəm.
Görən, incidirmi uşaqlar səni?
Təşnə tək çağırır dodaqlar səni,
Ruhum da, cismim də soraqlar səni,
Elə bil təzədən eşqə düşmüşəm,
Gülüm, sənsiz yaman qəribsəmişəm.
Daha qayaların yeli deyiləm,
Dərin dəryaların ləli deyiləm,
Haman Səfəroğlu Əli deyiləm,
Bu iki həftədə çox dəyişmişəm,
Vallah, sənsiz yaman qəribsəmişəm.
İyun, 2005
AY HƏKİM
Həkim, sənə qurban olum,
Bir bəridən gəl, ay həkim.
Əllərimi al əlinə,
Göz yaşımı sil, ay həkim.
Dost-tanışım aralanıb,
Ürək yaman yaralanıb,
Ömür bağım uralanıb,
Bükülübdür bel, ay həkim.
Neçə-neçə yollar keçdim,
Eşqin şərbətindən içdim,
Bir sağalmaz dərdə düşdüm,
Oldu başa kül, ay həkim.
Bu dərdə düşdüyüm günnən
Dolanırsan niyə gennən?
Görən deyir «hayıf sənnən»,
Qəbrə gedir yol, ay həkim.
Səfəroğlu bezib cannan,
Əl çəkib şöhrətdən, şannan,
Kömək yoxdursa dərmannan,
Barı, danış, gül, ay həkim.
Yanvar, 2007
MƏNİM
Ömür yarılanıb, yarıdan keçib,
Yamanca əyilib tərəzim mənim.
Əsir başım üstən qocalıq yeli,
Gündən-günə artır mərəzim mənim.
Uşaqlıq çağımdan gözlərim nəmdir,
Taleyim atəşdir, ürəyim şəmdir,
Yediyim qüssədir, içdiyim qəmdir,
Üstündən dərd olur çərəzim mənim.
Səfəroğlu haqqa salıbdır meyil,
Əsrə bərabərdir hər ötüşən il,
Mənim bəlalarım Allahlıq deyil,
Zalım fələklədir qərəzim mənim.
Aprel, 2007
BƏD XƏBƏR
Dünyanı yaradan belə yaradıb,
Baxmır yalvarışa, sözə bəd xəbər,
Harada gizlənsən, harada olsan,
Düşür dalımızca izə bəd xəbər.
Vədəsin gözləyir, uzaqdan baxır,
Gələndə adamı yandırıb-yaxır,
Qəfil şimşək kimi qəfildən çıxır,
Dumanlar gətirir gözə, bəd xəbər.
Baxmaz vəzifəyə, nökərə, bəyə,
Vay-şivən saldırar gəldiyi öyə.
Əli Səfəroğlu əl açır göyə:
Yarəbb, yetişməsin bizə bəd xəbər!..
Oktyabr, 2004