Yeddi ay öncə Azərbaycan Ordusu işğalçı qüvvələrin istehkam xətlərini yararaq Qarabağın azadlığına yol açmışdı

Yüz minlərlə soydaşımızın yurd, torpaq həsrətinə son qoyan Vətən müharibəsinin başlamasının yeddi ayı tamam oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə işğalçı Ermənistan qüvvələrini torpaqlarımızdan qovub çıxaran Azərbaycan Ordusu Qarabağı azadlığa qovuşdurdu. Azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri başlanıb, yollar çəkilir, digər infrastruktur layihələri icra olunur. Otuz ilə yaxın torpaqlarından didərgin düşən insanlar ata-baba yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyir. Bu yaz günlərində laləzara çevrilən torpaqlar da doğma sakinlərini, əkilib-becəriləcəyi günü gözləyir.

Aprelin 26-da o günü tezləşdirəcək daha bir əlamətdar hadisə baş verdi. Zəngilan rayonunda bərpa olunacaq – daha doğrusu, yenidən inşa olunacaq ilk kəndin təməli qoyuldu. Qədim yurd yerində ən qabaqcıl dünya standartlarında, XXI əsrin kəndi salınacaq. Bu həm də Qarabağa Böyük Qayıdışın ilk təməli, başlanğıcıdır...

 

“Cəbrayıla xoş gəlmişsiniz!”

 

Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Dövlətimizin başçısı, birinci xanım və qızları Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhənin qarşısına gəliblər. Bu torpağın bar-bərəkətini simvolizə edən bu metal stela-dirək vaxtilə Cəbrayıla gələnləri salamlayırdı. 1993-cü ildə rayonun işğalından sonra o da düşmən tərəfindən sökülmüş, metal parçaları pas atmışdı. 27 il sonra – 2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu buradan – Cəbrayıl-Füzuli istiqamətindən işğalçı qüvvələrin istehkam xətlərini yararaq Qarabağın azadlığına yol açdı.

Prezident İlham Əliyev: “Cəbrayıl rayonuna gəlmişik. Vaxtilə Cəbrayıl rayonunun girişində ucaldılmış lövhəni biz indi yenidən qurduq və eyni formada, eyni dizaynla... Cəbrayıl rayonunun girişində yerləşən bu “Xoş gəlmişsiniz!” lövhəsini, abidəni biz yenidən bərpa etdik. Azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bütün şəhərləri, kəndləri bərpa edəcəyik”.

Sonra dövlət başçısı Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edib. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev pilotsuz uçuş aparatları barədə məlumat verib. Vətən müharibəsi vaxtı “Harop” pilotsuz uçuş aparatları ilə düşmənin hərbi texnikasına zərbələr endirilməsini əks etdirən görüntülər nümayiş olunub. İlham Əliyev yeni hərbi maşınlarla tanış olub və onlardan birini idarə edib.

Hərbi hissədə yaradılan şəraitlə tanışlıqdan sonra Ali Baş Komandan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları qarşısında çıxış edib.

“Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi tam bərpa edilib, işğal altında olmuş 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Bu hərbi hissənin fəaliyyətə başlaması bunun bariz nümunəsidir. Bütün sərhəd boyunca – həm Azərbaycan-İran, həm Azərbaycan-Ermənistan sərhədləri boyunca lazımi işlər aparılır”, – deyə İlham Əliyev bildirib.

Dövlət başçısı diqqətə çatdırıb ki, yaxınlıqda yerləşən Xudafərin körpüsü Müstəqillik Günündə – 2020-ci il oktyabrın 18-də düşməndən azad edilib. Bu ərazinin düşməndən azad edilməsində sərhədçilər xüsusi rol oynayıb: “Bu gün müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Eyni zamanda, sərhədçilərimiz hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur. Bu sərhəd də bərpa edilib və sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır, bütün texnika səfərbər edilib”.

 

“Bu, sonuncu xəbərdarlıqdır”

 

Azərbaycan Prezidenti 44 günlük müharibədən dərs almayan Ermənistandakı bəzi qüvvələrə də  xəbərdarlıq edib: “Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlilik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq”.

***

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva daha sonra Zəngilan rayonunun Ağalı kəndinə gəliblər. İşğaldan azad olunmuş ərazilərdəki yaşayış məntəqələrinin bərpası prosesi məhz buradan başlanacaq. Özü də çağdaş zamanın ən son texnoloji yenilikləri – “Ağıllı kənd” konsepsiyası əsasında.

Kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verib ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası beş əsas komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

Dövlət başçısı xarici şirkət nümayəndələri ilə videoformatda söhbət edib. Türkiyə şirkətinin əməkdaşı bərpaedilən enerji qurğusu – “Arximed” sistemi, Çinin “Huayvey” şirkətinin təmsilçisi,  “Huayvey-Azərbaycan”ın baş meneceri “Ağıllı kənd” rəqəmsal texnologiyası, İtaliya və İsrail şirkətlərinin əməkdaşları ərazidə müasir camış fermasının qurulması və məşhur “motsarella” pendirinin istehsalı layihələri barədə təqdimat ediblər.

 

Ağalı kəndi “ağıllı kənd” olacaq 

 

Prezident qeyd edib ki, bu, işğaldan azad edilmiş ərazilərdə ilk pilot layihədir. Ona görə də biz buna xüsusi diqqət yetiririk: “Bu layihənin uğurlu icrası, sözsüz ki, bizim əraziləri mümkün qədər tez bir zamanda dirçəltmək və bərpa etməklə bağlı güclü iradəmizi nümayiş etdirəcək. Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir. Bu, həqiqətən də, yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu, sadəcə olaraq, ilk addımdır. Bu layihənin uğurlu icrası sözsüz, bizə imkan verəcək ki, bu təcrübədən Qarabağın digər yerlərində istifadə edək. Çünki biz yüzlərlə kənd, qəsəbə və şəhərləri bərpa etməliyik”.

Dövlət başçısı Zəngilan rayonunun sakinləri ilə görüşüb. “Burada 200-dən çox ev, məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq. Bu gün mənə verilən təqdimatda göstərilir ki, böyük ferma - camış ferması yaradılacaq, pendir istehsal ediləcək, burada əkin sahələri nəzərdə tutulub, su elektrik stansiyası olacaq, yəni, bütün şərait. Burada yaşamaq üçün nə lazımdırsa olacaq. Burada tətbiq olunacaq texnologiyaların bir çoxu Azərbaycanda yoxdur. Bu, birinci layihədir, pilot layihədir və əminəm ki, maksimum gələn ilin əvvəlində bütün işlər hazır olacaq. Evlər tikilməlidir, kommunikasiyalar tikilməlidir, ondan sonra iş yerləri yaradılmalıdır, əkin yerləri olmalıdır və burada yaşayacaq insanların hər biri işlə təmin edilməlidir”, – deyə İlham Əliyev bildirib.

Prezident Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub. Xatirə şəkilləri çəkdirilib. İlham Əliyev: “Gələn ilin əvvəlində, inşallah, bir də görüşəcəyik, Ağalı kəndinin bütün camaatı ilə”.

***

Daha sonra Prezident İlham Əliyev Zəngilanda hava limanının təməlini qoyub. Dövlət başçısı qeyd edib ki, beynəlxalq hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacaq: “Azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verilibdir. Artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla gedir. Bu il hava limanının uçuş-enmə zolağı istismara veriləcəkdir. Beləliklə, biz bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik.

Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar, təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır”.

 

Zəfərdən sonra quruculuq missiyası

 

Prezident onu da qeyd edib ki, Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri 2020-ci il oktyabrın 28-də işğalçılardan azad edilib və altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu: “Böyük qayıdış başlayıb. Bu gün burada təməl daşını qoyduğum hava limanı da dövlətimizin gücünü göstərir. Bir qədər bundan aralıda yeni Horadiz-Zəngilan avtomagistral yolunun təməli də qoyulacaq. Mövcud yola paralel olan 4-6 zolaqlı bu yol geniş imkanlar açacaq. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti vardır” .

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidinə gəliblər. Məlumat verilib ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət olan komissiya məscidin mövcud binasını qiymətləndirib, konservasiya və bərpa ilə bağlı təkliflər hazırlanır. Dövlətimizin başçısı və birinci xanım məscidin divarına daş hörüblər.

“Bu məscid mənfur düşmən tərəfindən dağıdılmışdır. Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu məscidi deyil. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb”, – deyə İlham Əliyev vurğulayıb.

Prezident qeyd edib ki, bu, bütün müsəlman aləminə qarşı cinayətdir, İslam dininə qarşı cinayətdir: “Bütün müsəlman dövlətləri bunu görməlidir və biz bu həqiqətləri bütün müsəlman ölkələrinin rəhbərlərinin diqqətinə çatdırırıq. Azad edilmiş torpaqlara bu gün gələn xarici qonaqlar erməni vəhşiliyini öz gözləri ilə görürlər. Bu yaxınlarda Azərbaycanda səfərdə olmuş İslam Əməkdaşlıq Təşkilatının Baş katibi öz etiraz səsini ucaltmışdır. İCESCO-nun Baş direktoru azad edilmiş torpaqlarda olub, dağıdılmış Ağdam məscidini görüb və erməni vəhşiliyi haqqında artıq bütün müsəlman ölkələrini məlumatlandırır. Biz də bu işdə fəal olmalıyıq. Bütün dövlət qurumlarına göstəriş verildi, ictimai təşkilatlardan xahiş edildi ki, bütün beynəlxalq qurumlarda erməni vəhşiliyi haqqında məlumatlar verilsin – faktlarla, sübutlarla, şəkillərlə.

Ermənilər tərəfindən dağıdılmış və təhqir edilmiş bütün dini məbədlərimizin əvvəlki görüntüləri və işğaldan sonrakı görüntüləri tərtib edilir və dünya birliyinin diqqətinə çatdırılır. Bu gün ermənilərin mədəni irsi ilə əlaqədar öz narahatlığını ifadə edən bəzi xarici nümayəndələr, bax, bunu görsünlər, Zəngilan məscidinin qalıqlarını görsünlər, Şuşa məscidlərinin qalıqlarını görsünlər və görsünlər ki, Ermənistan dövləti bizə qarşı mədəni soyqırımı da törədib. Biz isə bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik”.