Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Muhammed Lou Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna qırğız ədəbiyyatı və incəsənətinə aid kitablar bağışlayıb.
Fonddan bildirilib ki, hədiyyə edilən kitabların sırasında türk dünyasının qəhrəmanlıq dastanlarından olan “Manas”, “Semetei” eposları, Qırğızıstanın şair və yazıçılarının əsərləri yer alır.
Günay Əfəndiyeva diplomata təşəkkür edərək Qırğızıstanın mədəni, mənəvi, tarixi dəyərlərini ehtiva edən kitabların rəhbəri olduğu qurum üçün xüsusi önəm daşıdığını vurğulayıb.
Qırğız diplomat türkdilli xalqların mədəni irsinin araşdırılması, qorunması və beynəlxalq aləmdə tanıdılması istiqamətində Fondun təqdirəlayiq işlər gördüyünü qeyd edərək ölkəsinin bundan sonra da təşkilata dəstək göstərəcəyini bildirib.