“YARAT” Müasir İncəsənət Məkanı 1-ci Beynəlxalq Bakı Küçə Fotoqrafiyası Festivalını (BKFF) təqdim edir. BKFF – küçə fotoqrafiyası janrında ən yaxşı əsərləri bir araya gətirən beynəlxalq festivaldır.

Festival müsabiqəsinin mövzusu “Küçələr fokusda” seçilib. Ağac yarpaqlarında işıq oyunu, təsadüfi keçən insanların simaları, sənaye landşaftları sizi valeh edirsə, əgər hər hansı hekayəni fotoqrafiya vasitəsilə çatdıra bilirsinizsə və ya sadəcə, anları bir kadrla tutmağı sevirsinizsə, o zaman bu festivalda iştirak edə bilərsiniz. Festival “YARAT” Müasir İncəsənət Məkanı (Azərbaycan) və fotoqraf, səyyah Andrey Qlazkovun (Rusiya) təşəbbüsü ilə təşkil olunub.

Festival bir-birini tamamlayan müsabiqə və təhsil proqramından ibarət olacaq. Layihənin əsas məqsədi gənc fotoqraflara özünütəsdiq üçün əlverişli şərait yaratmaqdır. Azərbaycan, Rusiya, Gürcüstan, İtaliya və ABŞ-dan peşəkar fotoqraflar “Zoom” konfransları və “İnstagram” efirləri formatında gənc fotoqraflarla ünsiyyət quraraq öz bacarıqlarını, təcrübələrini bölüşəcəklər. Festival çərçivəsində sərgilər, kitab təqdimatları, diskussiyalar və portfoliolara baxışlar keçiriləcək.

“Küçələr fokusda” müsabiqəsinə 14 yaşdan yuxarı fotoqraflar dəvət olunur. Münsiflər heyəti qalibləri 4 nominasiyada (“Bir kadr”, “Silsilə”, “Mobil telefon fotosu” və “Analoq fotoqrafiyası”) mükafatlandıracaq. Ərizələrin təqdim edilməsi üçün son tarix: 25 iyul.

İştirak qaydaları, festival proqramı və tədbirlər haqqında ətraflı məlumatlar www.bakustreetphoto.az saytında təqdim olunacaq.