Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və “RÄNG” leyblının tərəfdaşlığı, “GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə “Səhnədə” müsabiqəsi elan olunur.

Müsabiqənin məqsədi paytaxt və regionlarda xüsusi istedada malik olan gənc ifaçıları aşkar etmək, onların qabiliyyətlərinin inkişafı və sənətdə öz yerini tapmasına dəstək göstərməkdir. Azərbaycan Televiziyasında (AzTV) teleşou formatında yayımlanacaq müsabiqə vasitəsilə 16-25 yaş arasındakı gənclər özlərinin ifaçılıq sahəsində olan bacarıqlarını nümayiş etdirəcəklər.

Müraciət etmək istəyən istedadlı gənclər www.gencistedad.az saytı vasitəsilə qeydiyyatdan keçə bilər. Daxil olan müraciətlərin dəyərləndirilməsindən sonra uğurlu hesab edilən iştirakçılar Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Lənkəran və Bərdə şəhərlərində keçiriləcək kastinqlərə dəvət olunacaqlar.

Kastinqlər nəticəsində müəyyənləşən 10 finalçı Bakı şəhərində keçiriləcək möhtəşəm konsert proqramında iştirak edəcək və münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalib olaraq seçilən 3 ifaçı “RÄNG” leyblı ilə birillik əməkdaşlıq müqaviləsi imzalamaq şansı əldə edəcək.

Qeyd edək ki, müsabiqənin münsiflər heyəti musiqi sahəsində tanınan və peşəkar simalar olan Sevda Ələkbərzadə, Pərviz İsaqov və digər ulduzlardan ibarətdir.

İstedadlı gənclər üçün “Səhnədə” parlamaq imkanı yaradılır.

Müraciət üçün son tarix 10 iyun 2021-ci ildir.