Hikmət Çətin: “Şuşanı ziyarət etməyi çox arzulamışam, indi bu xəyalım ən qısa zamanda həyata keçəcək”
Hikmət Çətin 1956-cı ildən bəri aktiv siyasətlə məşğul olan və Türkiyənin xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin sədri, Baş nazirin müavini kimi mühüm vəzifələr tutmuş təcrübəli dövlət xadimidir. Müxtəlif vəzifələrdə olarkən dəfələrlə Azərbaycana gəlib, bu gün də ölkəmizlə əlaqələrini kəsmir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Hikmət Çətin beynəlxalq arenada Azərbaycanla bağlı baş verən hadisələrə daima münasibət bildirir. Ötən ilin noyabrında, Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərindən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevə məktub yazaraq təbriklərini, çatdırıb. Hikmət bəylə söhbətə də bu mövzudan körpü saldıq.
– Vətən müharibəsi ilə Qarabağın 30 illik işğalı başa çatdı, torpaqlarımız azad edildi. 44 günlük müharibəni siz də izlədiniz. Qələbədən sonra ürək sözlərinizi ifadə etdiniz...
– Qarabağ münaqişəsi ilə bağlı illərlə davam edən prosesi mən də zaman-zaman yaxından izləmişəm. Təəssüf ki, bu münaqişəni sülh yolu ilə həll etmək mümkün olmadı. Münaqişənin həlli üçün 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradıldı. Amma 30 ilə yaxın müddətdə real bir addım atılmadı. Mərhum Prezident Heydər Əliyev, daha sonra İlham Əliyev səbirlə bu məsələni sülh yolu ilə həll etmək üçün çox çalışdılar. Bir sıra addımlar da atıldı. Heydər Əliyevin zamanında atəşkəs razılaşması əldə edildi. Fəqət bütün səylərə rəğmən sülh əldə edilmədi. Sülh əldə edilməyincə zaman-zaman ermənilərin hücumları davam etdi. Türkiyə olaraq, xüsusilə prezidentlər Turqut Özalın, Süleyman Dəmirəlin dönəmində Azərbaycanla bir araya gəldik, danışıqlar apardıq. Azərbaycanın güclü ordu quraraq Ermənistanla baş edə biləcək bir nöqtəyə gəlməsi lazım idi. Türkiyə bu işdə Azərbaycana yardımını əsirgəmədi, Azərbaycan Silahlı Qüvvələrinin təliminə, formalaşmasına böyük töhfələr verdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu gücünü, qüdrətini göstərdi. Bu, çox önəmli, tarixi bir Zəfərdir. Bununla Azərbaycan xalqına yeni güvən, həyəcan gəldi. Bu, Azərbaycan üçün son dərəcə önəmlidir. Azərbaycan öz müdafiəsini təmin etdi, torpaqlarını işğaldan azad etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük Zəfər qazandı. Bu, türk dünyasına, hər kəsə böyük mənəvi ruh verdi. Türkiyə başlanğıcdan bəri Azərbaycana mənəvi və siyasi dəstək göstərdi. Azərbaycanın yanında olduğunu bütün dünyaya elan etdi.
Zəfər günlərini televiziya kanallarından izlədim, Azərbaycan xalqının küçələrə axışaraq bu qalibiyyəti qeyd etməsini gördüm. Başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını bir daha təbrik edirəm. Böyük Zəfərin qazanılmasında həyatlarını itirən şəhidlərimizi rəhmətlə anıram, onların ailəsinə, yaxınlarına, Azərbaycan xalqına başsağlığı verirəm. Böyük şairimizin dediyi kimi, torpaq, uğrunda ölən varsa, Vətəndir!
– Hikmət bəy, Qarabağın azad edilməsi Türk dünyasının əməkdaşlığı üçün hansı yeni imkanlar açır? Hazırda Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir. Bu dəhlizin əhəmiyyəti barədə nə deyə bilərsiniz?
– Qeyd etdiyim kimi, Qarabağ Zəfəri Türk dünyası üçün də önəmlidir, Türk dünyasına mənəvi ruh verdi. Bu, həmçinin vacib işbirliyinə yol açır. Türkiyə, bundan əvvəl də söylədiyim kimi, hər zaman qardaş Azərbaycanın yanındadır. Qələbə Türk dünyasının birləşməsi və dünya ilə əlaqələrinin güclənməsi baxımından da əhəmiyyətlidir. Zəngəzur tarixi Azərbaycan torpağıdır. Zəngəzur dəhlizi sadəcə, Azərbaycan üçün deyil, Türk dünyası üçün də çox mühümdür və yeni fürsətlər, yeni imkanlar yaradacaq. Müharibə başa çatdıqdan və zəfər əldə edildikdən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan bu istiqamətdə işlərə başladı. Türk dünyası coğrafi olaraq parçalanmışdır. Bu dəhliz Türk dünyasını birləşdirici rol oynayacaqdır. Dəhlizlə nəqliyyat, kommunikasiya layihələrinin həyata keçiriləcəyinə inanıram. Qalıcı sülhdən sonra Ermənistan üçün də bunun bir fürsət olacağına əminəm. Ermənistanın nə Rusiya, nə də İranla dəmiryolu bağlantısı var. Bu dəhliz onlara da Azərbaycan vasitəsilə belə bir bağlantı yaratmağa imkan verəcək. Bundan əlavə, dəhliz bütün Qafqaz bölgəsi, Orta Asiya üçün də mühüm əhəmiyyətə malikdir və Orta Asiyanın Avropa ilə birləşməsi məsələsində böyük töhfə verəcək. Mənə görə Zəngəzur dəhlizi tarixi dəhlizdir. Mən İlham Əliyevin bu tarixi vəzifəni yerinə yetirəcəyinə inanıram.
– Qarabağı və Şuşanı ziyarət etmək istərdinizmi?
– Azərbaycan mənim ikinci Vətənimdir. 1991-ci ildən etibarən bəlkə də Azərbaycanı ən çox ziyarət edən şəxs olmuşam. Bir çox yerlərində olmuşam. Qarabağı və tarixi-mədəni şəhər olan Şuşanı ziyarət etmək ən böyük arzumdur. Pandemiya bitdikdən sonra Azərbaycana getsəm, ilk olaraq Qarabağı, Şuşanı ziyarət etməyi düşünürəm. Deyim ki, ötən illərdə bir gün bu arzumun həyata keçəcəyinə həmişə inanmışam. İndi bu xəyalım, hesab edirəm ki, ən qısa zamanda həyata keçmiş olacaq. Bu, mənim üçün böyük bir şərəf olacaqdır. Qarabağ Azərbaycanın, ümumilikdə Cənubi Qafqazın ən gözəl bölgəsidir. Həmin torpaqlar çox səmərəli olmaqla yanaşı, eyni zamanda, tarixi kənd və şəhərlərin olduğu bölgədir.
Şuşa mədəniyyət baxımından çox önəmli bir şəhərdir. Azərbaycana gələn bir çox turistlərin o bölgəyə gedəcəyinə əminəm. Dediyim kimi, Azərbaycanda olmaqdan hər zaman qürur duydum, hər getdiyimdə Azərbaycanın tanınmayacaq dərəcədə dəyişdiyini gördüm. Bu inkişaf tək Bakıda deyil, regionlarda da gedir. Prezident İlham Əliyevlə bir dəfə görüş zamanı, “görəsən, Bakıdan kənar ərazilər necədir” dedim. Prezident isə “mütləq oralara da getməlisiniz” bildirdi. İnkişafın Azərbaycanın hər yerində surətlə getdiyinin şahidi oldum. Sevinirəm ki, Bakıya budəfəki gedişimdə Zəfər ruhlu azərbaycanlı qardaşlarımızı görməkdən çox məmnun olacağam. Azərbaycan-Türkiyə münasibətlərini Heydər Əliyev kimi heç kim tək bir cümlə ilə belə gözəl ifadə etməyib: “Bir millət, iki dövlət”. Bunu heç bir azərbaycanlı və türk ağlından çıxarmamalıdır. Dövlətlərimiz tarix boyunca bu şüarla, işbirliyi və qardaşlıq ilə yola davam edəcəklər.
Mehparə SULTANOVA
Ankara