Rusiyalı politoloq ermənilərin viran qoyduğu Ağdamdan fotoşəkillər paylaşıb

“Qarabağ. Ağdam. Çörək muzeyi. Ağdam bütünlüklə dağıdılıb”. Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Ağdama səfərdən sonra bu sözləri özünün “Facebook” səhifəsində yazıb.

“Fikrimcə, gözəl freskalara görə məhz bu bina Ağdamın tam bərpasından sonra belə vəziyyətdə vandalizm və vəhşilik abidəsi qismində qalacaq. Xirosimada dağıdılmış bir bina qaldığı kimi” – rusiyalı politoloq Ağdamda ermənilər tərəfindən viran qoyulan Çörək muzeyinin binasının şəklini bu qeydlə paylaşıb.

S.Markov heyrətlə bildirib ki, bəzi insanlar ermənilərin Qarabağda vəhşi hərəkətlərini ört-basdır edərək, onları müdafiə etməyə çalışırlar. O yazıb: “Bəziləri məni bu vəhşilik barədə yazmaqda və fotolar paylamaqda qınayırlar. Mənə isə elə gəlir ki, məhz susmaq yolu ilə barbarlığın müdafiə edilməsi – millətlərarası ədavətin qızışdırılması və gələcəkdə baş verəcək qarşılıqlı cinayətlərə yol açılmasıdır. Sülhə aparan yol törədilmiş cinayətin etiraf edilməsindən keçir”.

Politoloq Ağdamdakı Mədəniyyət sarayının xarabalıqlarının fotoşəkillərini də paylaşıb: “Burada törədilmiş vəhşilik insanı çox sarsıdır. İnsanlığa ümidsiz baxmağa başlayırsan. Ümidvarıq ki, sivilizasiya tezliklə Ağdama qayıdacaq”.

S.Markov sosial şəbəkə izləyicilərinə işğalçıların Qarabağ torpağında qoyub getdikləri minalanmış ərazilərdən söhbət açıb: “Neytral zolaqda isə qeyri-adi gözəllikdə çiçəklər bitir. Vladimir Vısotski bir mahnısında oxuduğu kimi. Bu çiçəklər isə Ağdam yaxınlığında Qarabağda keçmiş neytral zolaqdakı minalanmış ərazilərdə bitir. Bu çiçəklərə baxıb zövq ala bilərsiniz. Lakin onları dərmək olmaz. Çünki minada partlamaq təhlükəsi var”.