Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə həyata keçirdiyi “Digitalart-lab” layihəsi davam edir. Mayın 16-da saat 21:00-da layihə çərçivəsində qrafik dizayner, rəssam Rəsul Həsənin ustad dərsi təşkil olunacaq.

Ustad dərsi rəqəmsal incəsənət sahəsində yeniliklərin, tətbiq edilən metodların öyrənilməsi, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək və onları bir araya toplamaq məqsədilə keçiriləcək.

Rəsul Həsən 2004-cü ildən vizual incəsənətlə məşğul olur. 2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “dizayn” ixtisası üzrə təhsil alıb. “PeopleBrands”, “McCann Baku”, “Cool Agency”, “Meteor” kimi yerli reklam agentliklərində qrafik dizayner olaraq çalışıb. 2012-2014-cü illərdə “Netty” və “MilliNet” mükafatlarına layiq görülüb. 2015 və 2018-ci illərdə rəqəmsal portretlərdən ibarət fərdi sərgiləri təşkil edilib. O, həmçinin 2015-ci ildən keçirilən "Azerbaijan Design Forum"unun təşkilatçısı, brendinqdən bəhs edən "Bir brendin hekayəsi" kitabının müəllifidir. Hazırda "Futura School" yaradıcılıq məktəbində qrafik dizayn üzrə dərs deyir. 

Ustad dərsi “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştrakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçiriləcək.

Görüşə qoşulmaq istəyənlər Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkələrdəki hesabları və layihənin “İnstagram” səhifəsindəki (@digitalart.lab) hesabından məlumat əldə edə bilərlər.