Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi İndoneziyadakı səfirliyimizin təşəbbüsü ilə poçt markası nəşr edilib.

İndoneziya Poçt Dövlət Şirkəti tərəfindən buraxılan markanın üzərində İndoneziya dilində “Nizami Gəncəvi ili 2021 – Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi - 880 / 1141-1290” qeydi, həmçinin şairin Gəncədə yerləşən məqbərəsinin və Bakıdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fotoları yer alıb.

İndoneziya Poçt Dövlət Şirkəti ilə Azərbaycan Səfirliyi arasında əldə olunmuş razılığa əsasən, həmin marka may ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyədə olacaq. Poçt markası indoneziyalı filatelistlər tərəfindən böyük maraqla qarşılanıb.