Azərbaycan

20 may 1883 – Xalq artisti, vokalçı Konstantin Lvoviç Knijnikov (1883-1952) anadan olub. Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

20 may 1888 – Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 9.7.1835 – 1888) vəfat edib. Doğma şəhəri Şamaxıda dəfn olunub.

20 may 1884 – Ədəbiyyatşünas və şair Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov; 1884-1941) Şəkidə anadan olub. Klassik ədiblərimizin əlyazmalarını toplayıb. “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabını yazıb.

20 may 1907 – Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Əli qızı Rzayeva (1907 – 2.8.1969) Lənkəranda doğulub. Opera və Balet Teatrının solisti olub, filmlərdə (“Ögey ana”) çəkilib.

20 may 1920 – Tanınmış filosof, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Bahadur oğlu Göyüşov (1920-1984) Ağdam rayonunun Boyəhmədli kəndində anadan olub.

20 may 1929 – Folklorşünas alim Mürsəl İsmayıl oğlu Həkimov (1929-2006) Qazax rayonunun Kəmərli kəndində doğulub.

20 may 1940 – Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Atakişiyev (1940-2012) Füzuli rayonunda anadan olub. Musiqili Komediya, Ağdam, Gəncə teatrlarında çalışıb.

 

21 may 1922 – Şairə, dramaturq Cahan Hüseyn qızı Əfruz (Dilanova; 1922-1984) Tovuz rayonunda doğulub.

 

22 may 1888 – Yazıçı, maarif xadimi Qantəmir (Qafur Sədrəddin oğlu Əfəndiyev; 1888 – 28.1.1944) Göyçay mahalının Potu kəndində anadan olub. 1939-cu ildə Orta Asiyaya sürgün edilib, orada dünyasını dəyişib.

22 may 1918 – SSRİ Xalq artisti, görkəmli rejissor, teatrşünas, professor, Dövlət mükafatı laureatı Mehdi Əsədulla oğlu Məmmədov (1918 – 28.1.1985) Şuşada doğulub. Gəncə Dram, Akademik Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor işləyib. Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri İttifaqı) sədri olub.

22 may 1928 – Xalq rəssamı Nadir Sadıq oğlu Qasımov (1928 – 10.3.2000) Bakıda anadan olub.

22 may 1937 – Bəstəkar, Xalq artisti Aqşin Əliqulu oğlu Əlizadə (1937 – 3.5.2014) Bakıda anadan olub. “Babək”, “Qafqaza səyahət” baletləri, kantata, simfoniya və digər janrlarda əsərlərin müəllifidir. Filmlərə (“Tütək səsi”, “Sizi dünyalar qədər sevirdim”) musiqi yazıb.

 

23 may 1524 – Azərbaycan Səfəvilər dövlətinin banisi, böyük sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 – 1524) vəfat edib. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.

23 may 1905 – Əməkdar artist, rejissor Heydər Məşədi Aslan oğlu Şəmsizadə (1905-1981) Şuşada doğulub. Ağdam Dövlət Dram Teatrında çalışıb, Aşqabaddakı Azərbaycan teatrında tamaşalar qoyub.

23 may 1919 – Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimov (1919 – 10.4.2008) Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində doğulub. “Bahar yağışı”, “Qu quşları öləndə oxuyurlar” və s. kitabların müəllifidir.

23 may 1959 – Əməkdar incəsənət xadimi, pianoçu İbrahim Hacıbaba oğlu Quliyev (1959 – 16.1.2010) anadan olub. Beynəlxalq Muğam Mərkəzinin direktoru (2009-2010) işləyib.

23 may 1961 – Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Ağabala qızı Mirməmmədli (1961 – 4.1.2021) Bakıda anadan olub. Xalq mahnılarını xor üçün işləyib, filmlərə musiqi yazıb.

23 may 1986 – Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23.2.1911 – 1986) vəfat edib.

 

24 may 1874 – Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874-1918) Şamaxıda anadan olub. Rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edərək “Məğrib günəşləri” toplusunu (1912) nəşr etdirib.

24 may 1893 – İlk azərbaycanlı qadın pianoçulardan olan Xədicə Qayıbova (1893 – 27.10.1938) Tiflisdə doğulub.

24 may 1898 – Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından biri, publisist, dramaturq, tərcüməçi Mirzə Bala Məmmədzadə (1898 – 8.3.1959) Bakının Zirə kəndində doğulub. 1924-cü ildən Türkiyədə yaşayıb.

24 may 1899 – Şairə Ümgülsüm Sadıqzadə (1899-1944) Bakının Novxanı kəndində doğulub. 1937-ci ildə həyat yoldaşı, yazıçı Seyid Hüseyn repressiya edilərək güllələnib, Ü.Sadıqzadə Mordoviya həbs düşərgəsinə göndərilib. 1944-cü ildə həbsdən azad edilib, az sonra vəfat edib.

24 may 1913 – Aşıq Ağalar (Ağalar Bilal oğlu Mikayılov; 1913-1988) Ağsu rayonunda Qəşəd kəndində doğulub.

24 may 1925 – Ədəbiyyatşünas, türkoloq Cavad Heyət (1925 – 12.8.2014) Təbrizdə doğulub. “Türklərin tarix və mədəniyyətinə bir baxış” və s. əsərlərin müəllifidir. Azərbaycan dilində “Varlıq” jurnalını nəşr etdirib.

24 may 1930 - Şair, tərcüməçi Əli Səngərli (Məmmədov; 1930 – 23.4.2009) Borçalı bölgəsinin Faxralı kəndində anadan olub.

24 may 1948 – Xalq artisti Fuad Ağarəhim oğlu Poladov (1948 – 5.5.2018) Bakıda doğulub. Akademik Milli Dram, Rus Dram teatrlarında çalışıb. Kinoda (“Güllələnmə təxirə salınır!”, “Ovsunçu” və s.), televiziya tamaşalarında xarakterik obrazlar yaradıb.

24 may 1967 – Ədəbiyyatşünas, yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (16.8.1925 – 1967) vəfat edib. “Əcəb işə düşdük”, “Milyonçunun dilənçi oğlu” və s. pyeslərin müəllifidir.

24 may 1984 – Əməkdar artist, xanəndə Haşım Səmədbəy oğlu Kələntərli (1899–1984) vəfat edib. Opera və Balet Teatrında çalışıb.

 

Dünya 

20 may 1799 – Fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 1799 – 18.8.1850) anadan olub.

20 may 1882 – Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1928) laureatı Siqrid Unset (Sigrid Undset; 1882-1949) anadan olub.

20 may 1923 – Cənubi Afrika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1991) laureatı Nadin Qordimer (Nadine Gordimer; 1923 – 13.7.2014) anadan olub.

 

21 may Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Günüdür (World Day for Cultural Diversity for Dialogue and Development). BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə qeyd olunur.

 

21 may 1471 – Alman boyakarı, qravüraçı və incəsənət nəzəriyyəçisi, İntibah dövrünün məşhur rəssamı Albrext Dürer (Albrecht Dürer; 1471-1528) anadan olub.

 

22 may 1813 – Alman bəstəkarı, dramaturq Rixard Vaqner (Wilhelm Richard Wagner; 1813-1883) anadan olub. Operaları: “Tristan və İzolda”, “Nibelunqlar üzüyü” (tetralogiya).

 

23 may 1891 — İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1951) laureatı Fabian Lagerkvist (1891-1974) anadan olub. Əsərləri: “Cəllad”, “Cırtdan”, “Varavva”, “Savilla” və s.

 

24 may 1905 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965) Mixail Şoloxov (1905 - 21.2.1984) anadan olub. Əsərləri: “Sakit Don”, “Oyanmış torpaq”, “İnsanın taleyi” və s.

24 may 1940 – Rus şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1987) İosif Aleksandroviç Brodski (1940 – 26.1.1996) anadan olub.

Hazırladı:  Vüqar ORXAN