Türkiyənin 81 vilayətində eyni vaxtda “İstiqlal marşı” oxunub
Mayın 19-da Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunub. Türkiyədə 1919-cu ilin 19 mayında Mustafa Kamal Atatürkün öndərliyi ilə milli qurtuluş mübarizəsinin başlanması günü kimi tarixən yazılan bayram artıq ikinci ildir pandemiya şəraitində keçirilir.
Bu səbəbdən kütləvi tədbirlər təşkil olunmasa da, küçə və meydanlar bayramsayağı bəzədilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bayram münasibətilə ölkə ictimaiyyətinə təbrik ünvanlayıb.
Dövlət başçısının gənclərlə görüşü olub. Prezident Administrasiyasında keçirilən görüşdə həmçinin Türkiyə Radio və Televiziya Təşkilatının (TRT) “TRT Spor Yıldız” telekanalının təqdimat mərasimi keçirilib. “TRT Spor Yıldız” indiyə qədər fəaliyyət göstərən “TRT Spor 2” kanalının əsasında yayımlanacaq. Ölkə gəncliyinə xitab edən Ərdoğan bildirib ki, Türkiyə indiyə qədər olduğu kimi, bundan sonra da haqqın və ədalətin yanında olacaq. Bu mübarizədə Türkiyə gəncliyinin üzərinə şərəfli məsuliyyət düşür.
Gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlunun rəhbərliyi ilə ölkə gənclərinin heyəti Anıtqəbirə gələrək Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün məzarını ziyarət edib. Anıtqəbir önünə əklil qoyulub, Türkiyənin Dövlət Himni – “İstiqlal marşı” ifa edilib.
Qeyd edək ki, milli bayram münasibətilə Türkiyənin 81 vilayətində eyni vaxtda “İstiqlal marşı” səslənib. Yerli vaxtla saat 19:19-da vətəndaşlar evlərinin balkon və pəncərələrindən əllərində Türk bayraqları ilə “İstiqlal marşı”nı oxuyublar. Televiziyaların canlı yayımladığı mərasimə Prezident Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündən qatılıb.
Mehparə SULTANOVA
Ankara