Azərbaycanın tarixində elm, mədəniyyət, incəsənət sahəsində yüzlərlə parlaq şəxsiyyətimiz olub. Onların hər birinin həyatı, yaradıcılıq yolu, əldə etdikləri nailiyyətlər Azərbaycan elminə, təhsilinə, mədəniyyətinə verdikləri töhfələr bugünkü nəslə örnəkdir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası öz auditoriyasını, xüsusilə gəncləri görkəmli elm xadimləri ilə tanış etmək məqsədilə “Azərbaycan elminin inciləri” layihəsini təqdim edir. Layihə çərçivəsində kitabxana əməkdaşları tərəfindən Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi, ölkəmizdə tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri Mustafa bəy Topçubaşov (1895-1981) haqqında virtual sərgi hazırlanıb. Azərbaycan və rus dillərində görkəmli alim və cərrahın həyat və fəaliyyəti, elm sahəsində qazandığı uğurlar və Azərbaycan elminə bəxş etdiyi töhfələr haqqında məlumat verilir.

Mustafa bəy Topçubaşov dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu (inyeksion efir-yağ narkozu) – analgeziya üsulunu kəşf edib, 200-dən artıq elmi işin, o cümlədən 5 cildlik “Xüsusi cərrahiyyə” əsərinin, 7 monoqrafiyanın, kəşf və ixtiraların müəllifi olub. Onun məsləhətçiliyi və elmi rəhbərliyi altında 8 doktorluq və 16 namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə edilib.

Virtual sərgidə alimin 5 hissəli “Xüsusi cərrahlıq”,  “Cərrahlıq terminləri lüğəti” və s. əsərlərinin biblioqrafik təsvirləri verilib. Sərgidə həmçinin tibb xadiminin ailə şəkilləri, aldığı elmi adlar, layiq görüldüyü mükafatlar, orden və medallar haqqında məlumat, müəllifi olduğu və haqqında yazılan kitablar da öz əksini tapıb.

“Azərbaycan elminin inciləri” layihəsi çərçivəsində M.Topçubaşov haqqında virtual sərgini kitabxananın sosial şəbəkə hesabları, o cümlədən “Youtube” kanalı (https://www.youtube.com/watch?v=WWnx1eM35mM) vasitəsilə də izləmək olar.