Mayın 24-də Ankara şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Hərtərəfli Artım üçün Çempion Bələdiyyə Başqanları Koalisiyasının tədbiri keçirildi.

OECD (Organisation for Economic Co-operation and Development) – demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini əsas götürən inkişaf etmiş ölkələrin beynəlxalq iqtisadi təşkilatıdır. 1948-ci ildə ABŞ-ın Avropaya “Marşal planı” yardımı çərçivəsində layihələrin koordinasiyası məqsədilə qurulan təşkilat daha sonra sıralarına Asiya və Amerika qitələrinin bəzi ölkələrinin (Yaponiya, Cənubi Koreya, Kanada, Meksika, Kolumbiya), habelə Avstraliya və Yeni Zelandiyanın qatılması ilə coğrafiyasını genişləndirib. Hazırda təşkilata 38 ölkə daxildir. Təşkilatın nəzdində 2016-cı ildə qurulan və sosial-iqtisadi qeyri-bərabərliyi yerli hakimiyyətlər vasitəsilə aradan qaldırmaq məqsədi daşıyan Hərtərəfli Artım üçün Çempion Bələdiyyə Başqanları Koalisiyasında hazırda dünya üzrə 60 bələdiyyə təmsil olunur. Türkiyədən bu koalisiyaya ilk dəfə Qaziantepin bələdiyyə başqanı Fatma Şahin daxil olub.

Bununla əlaqədar Ankarada Qaziantep Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi düzənlənən tədbirə Türkiyə Böyük Millət Məclisinin (TBMM) başqanı Mustafa Şentop, TBMM-in keçmiş başqanı və AKP başqanının müavini Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Abdulhamit Gül, Avropa İttifaqının Türkiyədəki nümayəndəliyinin rəhbəri Nikolaus Meyer-Landrut, millət vəkilləri, OECD-yə üzv 36 ölkənin səfirləri, Ankara və Qaziantep valiləri, çox sayda qonaqlar qatılmışdı.

Tədbirdə çıxış edən Mustafa Şentop bildirdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan (90-cı illərdə İstanbulun bələdiyyə başqanı olub – red.) bələdiyyə anlayışını daha sonra ölkənin hər yerində nümunəvi bir məktəbə çevirib və Fatma Şahin bu məktəbin ən uğurlu fəaliyyət göstərən nümayəndələrindəndir. TBMM başqanı  Fatma Şahinin OECD nəzdindəki təsisatda yer almasının Türkiyənin beynəlxalq bələdiyyə təşkilatında gücünü göstərmək baxımından olduqca əhəmiyyətli hesab etdiyini vurğuladı. Qeyd etdi ki, koronovirus pandemiyası ilə mübarizə çərçivəsində Türkiyənin dünya ölkələrinə verdiyi dəstək sırasında Qaziantep Böyükşəhər Bələdiyyəsi də 140 ölkəyə yardım göndərib.

Nazirlər Mövlud Çavuşoğlu, Abdulhamit Gül və digər çıxışçılar da Qaziantep Böyükşəhər Bələdiyyəsinin sözügedən qurumda təmsil olunmasının Türkiyənin  dünya üzrə yerli idarəetmədə rolunu ifadə etmək baxımdan əhəmiyyətini qiymətləndirdilər.

Tədbirdə çıxış edən Fatma Şahin bildirdi ki, “İnsanı yaşat ki, dövlət yaşasın” anlayışını ehtiva edən qədim bir sivilizasiyanın təmsilçiləri olaraq həyata keçirdiyimiz işlər ilə, beynəlxalq arenada olduğu kimi, milli arenada da diqqət çəkirik: “Bir çox sivilizasiyalara ev sahibliyi edən Qaziantep qədim yaşayış məskənlərindən biridir. Bu şəhərin dinamikasını, insanlarını, həyatını və mədəniyyətini anlayaraq yolumuza tərəfsiz, əlçatan, şəffaf və məhsuldar idarəetmə yanaşması ilə davam edirik. Qaziantep Böyükşəhər Bələdiyyəsinin başqanı olaraq bu vacib quruma seçilməyim, əslində, “bəhanələr deyil, həll yolları tapmalıyıq”' deyən xalqımın mənə verdiyi missiyanın nəticəsidir. Məni dəstəkləyən və bu uğura layiq bilən hər kəsə təşəkkür edirəm”.

Tədbir Qaziantep ənənəvi mətbəxinin qonaqlara təqdim edilməsi ilə başa çatdı.

Mehparə SULTANOVA
Ankara