Son illər Oğuz rayonunda turizmin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının Oğuza səfəri zamanı bölgədə turizmin inkişafı ilə bağlı verdiyi tövsiyələr yerli iş adamlarının, sahibkarların bu sahəyə marağını daha da artırıb. Oğuz rayonunun gözəl təbiəti, iqlimi turizm üçün əlverişli şərait yaradır.
   
   Rayon İcra Hakimiyyətindən verilən xəbərə görə, tezliklə Oğuz şəhərinin girişində smeta dəyəri 8 milyon manat təşkil edəcək 90 çarpayılıq yeni sağlamlıq mərkəzinin tikintisinə başlanılması nəzərdə tutulur. Tikintinin aparılması üçün artıq ilkin hazırlıq işləri başa çatdırılıb. Mərkəzin tikintisinə bu ilin sentyabrında başlanılacaq.
   Bundan əlavə, hazırda Oğuz şəhərində, habelə rayonun Calud və Xalxal kəndləri ərazisində yeni turizm obyektlərinin tikintisi davam etdirilir. Bu obyektlərin tikintisinə ümumilikdə 15 milyon manata yaxın sərmayə qoyulması nəzərdə tutulur. Eyni zamanda, “Qoşabulaq” adlanan ərazidə 2007-ci ildə tikintisinə başlanılan və smeta dəyəri 2 milyon manat olan yeni turizm obyektinin, habelə “Azərbaycan-60” adlanan ərazidə smeta dəyəri 6 milyon manat olan ala balıqların bəslənmə mərkəzinin tikintisi də davam etdirilir. Mərkəzdə həm də turizm obyektləri fəaliyyət göstərəcək.
   
   Fəxriyyə Abdullayeva