İyunun 2-də İçərişəhərdəki “Art Tower” qalereyasının qarşısında “Simurq” uşaq musiqi festivalının açılış mərasimi keçirilib. Festival “Arts Council Azerbaijan”ın layihəsi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Paşa Holdinq” və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə reallaşır.

Qonaqlara bol enerji, rəngarəng təəssürat bəxş edən festivalın açılış mərasimində tədbirin layihə rəhbəri, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə jurnalistlərin suallarını cavablandırıb.

Bildirib ki, ilk festival 2019-cu ildə keçirilib. Tanınmış sənət adamlarının qatıldığı festival P.İ.Çaykovski adına Moskva Konservatoriyasının nəzdində musiqi məktəbinin də iştirakı ilə reallaşmışdı.

Səidə Tağızadə qeyd edib ki, ötən il pandemiya səbəbindən festivalı keçirmək mümkün olmadı: “Bu il isə biz festivalın qaydalarında müəyyən dəyişikliklər etdik. Proqramı genişləndirdik. Fortepianodan əlavə, proqrama simli, nəfəs alətləri, hətta vokal ifaları da daxil etdik. Festivala seçimləri həmçinin Azərbaycanın regionlarında – Gəncə, Sumqayıt və Qəbələdə də keçirməyə qərar verdik. Bu ildən festival təkcə konsertlərlə deyil, həm də təhsil və tədris yönlü layihələr də həyata keçirir. Festival çərçivəsində bu il eyni zamanda uşaqların rəsmlərindən ibarət sərgilər də təşkil ediləcək. Məqsəd istedadlı uşaqları festivala cəlb etməkdir”.

Festivalın ilk günü təqdim edilən konsert proqramında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Fikrət Əmirov adına 6 nömrəli Uşaq incəsənət məktəbi, Niyazi adına 22 nömrəli Musiqi məktəbi, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin ifaları təqdim olunub.

Qeyd edək ki, həmin gün İçərişəhərdə yerləşən “Art Tower” qalereyasında “Simurq” festivalı çərçivəsində “Bolqarıstan uşaqların gözü ilə” adlı rəsm sərgisi də açılıb. Sərgi Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin yaranmasının 29-cu ildönümünə həsr edilib.

Sərginin açılışında çıxış edən Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov bildirib ki, iki ölkə arasında münasibətlər bütün sahələrdə dinamik inkişaf edir. “Bu inkişafda mədəniyyət sahəsi tarixin, adət-ənənələrin, mədəni mirasın tanıtımı baxımından xüsusi əhəmiyyət daşıyır. Sərgi ölkələrimizin dostluq münasibətlərini gözəl şəkildə nümayiş etdirən bir hadisədir”, - deyə diplomat bildirib.

Xatırladaq ki, “Simurq” festivalının məqsədi Azərbaycanın istedadlı uşaq və gənc musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.

Lalə AZƏRİ