Birinci pərdə, ilk səhnənin sonuncu mizanı
İstədim bu dəfə belə başlıq qoyum. Özümü də, onları da, necə deyərlər, motivasiya edim. Zarafat deyil, düz 1 il 2 aydır ki, teatrın da, onların çıxardıqları oyunun da tamarzısıyıq. Bu zülmkar pandemiya onların da yubileylərini it-bata, yox e, qarışıqlığa saldı. Sosial şəbəkələrdə təbriklərə cavab smaylikləri ilə, “Yel qayadan heç nə aparmır” ovqatlı fotolarıyla yüzün yarısını səssiz-səmirsiz yola verdilər.
Bu günlərdə Teatr Xadimləri İttifaqı bir neçə teatr təmsilçisi ilə birlikdə onları da təltif etdi və sükut pozuldu. Mən də fürsəti fövtə verməyib onların ikisini birdən söhbətə çəkmək istədim. Aktyor-aktrisa, tərəf-müqabil, teatrın kulis arxası söhbətlərini eşitmək üçün bundan yaxşı fürsətmi tapacaqdım?
Vədələşdiyimiz kimi redaksiyada görüşdük. İki səhnədaşla söhbətimiz xeyli çəkdi. Qəşş eləyənədək güldülər də, qəhərlənib gözlərini sildilər də. Arabir üstüörtülü gileylərini, indi əlçatmaz görünən xəyallarını da masaya tökdülər. Yumor dolu söhbətə cüzi əl gəzdirməklə sizi də ümumi ovqata kökləməyə çalışacağam...
Beləliklə, həmsöhbətlərim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları, Əməkdar artistlər Gülər Nəbiyeva və İlham Əsədovdur.
– Bu dəfə də ənənəvi başlayım da... 50 yaşlı adama heç oxşamırsız?
Gülər Nəbiyeva: – İnsan hansı yaşında qalıbsa, elə o yaşındadır.
İlham Əsədov: – Yaxşı tez-tez yadıma salıb kefimi pozursunuz e...
– Narahat olmayın, siz də dövrümüzün “50 yaşında cavan”ısız.
G.N. – Mənə elə gəlir ki, tez qocalmaq indi daha çətindir. Təbii ki, söhbət fiziki yaşdan gedirsə. İnsan əhval-ruhiyyəsini yaxşı saxlayacaqsa, cavan qalacaq. Yox, əgər həyatının ağırlığını üstünə dartsa, özü də yaşlanacaq, ruhu da. İnsan var ki, durmadan şikayət edir, dramatizm səhnələri qurur, üsyan qaldırır. İnsan da var ki, hər gününə, hətta ağrısına da, dərdinə də gülür, onunla barışmağı bacarır, mübarizəsində qalib tərəf axtarmır, sadəcə, yaşayır. Mən də o insanlardanam. Həm həyat zatən çətindir. Niyə dərd-sərimi sizin üstünüzə töküb, qanınızı qaraldım?! Bu hamıya aiddir. Həyatdan ləzzət almaq lazımdır.
İ.Ə. – Şikayət etməklə həm itirirsən, həm də düşməni sevindirirsən.
– Yaman düşməni çox olan adamlar kimi danışdınız. Bir yana baxanda haqlısınız. Siz də “Ay dost, vay düşmən” deyirsiniz həmişə?
G.N. – Dost var sözün düzünü deyib səni yanlışdan çəkindirir, dost da var... Düşünürəm ki, düşməni də sevməlisən. O sənə hər şeyin həqiqətini deyir. Ümumən düşmənim yoxdur və kimisə özümə düşmən hesab eləmirəm. Bu mənim xasiyyətimdə də yoxdur.
İ.Ə. – Nə bilim, vallah, sənətdə düşmənçilik də siz deyən qədər dərin və amansız olmur. Sadəcə, arabir çəkişmə yaşanır da. Hamısı da rola görə, teatra, səhnəyə görədir. Düşmənim yoxdur, amma qısqanclıqlar olur və çoxları bunu düşmənçiliyə gətirib çıxara bilirlər. Sənətdə, aktyorluqda düşmənçilik yalnız irəli getmək üçün olur. Əslində, bu, rəqabətdir və bəzən onun həddini gözləməyənlər üçün düşmənçiliyə çevrilir. Söhbət yaxşı mənada rəqabətdən gedir və təəssüf ki, indi bu, demək olar ki, yoxdur.
Bu və əvvəlki iki sualımda da İlham Əsədov danışmağa başladıqca Gülər Nəbiyevanın müdaxilələri ilə sözünü kəsib həmkarına qıyqacı baxmaqla kifayətlənirdi. Deyəsən, o da bunun fərqinə vardı və söhbəti özünəməxsus emosiyası ilə dəyişdi.
G.N. – Vallah, pandemiyadan əvvəl çoxdanışan deyildim. Evdə qalandan ağzım da açılıb elə bil. Durmadan danışıram, kimi tapıramsa söhbətə tuturam. Yəqin evdə qalmaqdan, səhnəyə çıxmamaqdan, içimdəki emosiyaların qalaqlanmasındandır...
İ.Ə. – Əslində, sən heç əvvəl də az danışan deyildin. Düz deyirsən, pandemiya sənə də düşmədi, danışmağa aman vermirsən...
Gülürük və mən yenidən sözü İlham Əsədova verirəm.
İ.Ə. – Yox-yox, Gülər danışdı hamısını, əslində, düşündüyümü dedi. Təkrar edim?
– Yox, sadəcə bilin ki, oxucu sizin müsahibəni həm də təsdiq və inkar nidaları ilə xatırlayacaq.
İ.Ə. – Nə danışırsınız, yox, elə şey eləməyin. Axı danışmağa imkan vermir. Söz verirəm, o danışıb qurtaran kimi mikrofonu mən alacam (gülürük).
– Sənətin özünəməxsus çılğınlıqları olur və aktyorlar bunu xarakterlərinə də yansıda bilirlər. Ümumən, insan anadangəlmə artist olur, yoxsa?
İ.Ə. – Anadangəlmə artist olur. Bu, birmənalı belədir. Sonra püxtələşir. Əslində, mən bu sənətə gələrkən çox utancaq, müxtəlif kompleksləri olan adam idim. Sonra sənət sayəsində özümü ifadə edə bildim.
– Hər ikinizin oyun üslubuna baxarkən keçdiyiniz məktəb, yetişdirən müəllimlərinizin üslubunu da asanlıqla göstərirsiniz. Kamera və Miniatür teatrları, iki müxtəlif üslublu teatr olmaqla yanaşı, həm də aktyor, insan kimi xarakterinizə yön verib. Yanılmıram ki?
G.N. – Əlbəttə, bu olmalıdır. Bilirsiniz, rejissor müəllim, aktyor müəllim, pedaqoq müəllim var. Bu üçünün tələbələr yetirməsi, aktyorla iş üsulları çox müxtəlifdir. Bizdə bunların hər üçü var idi. Beləcə, onların əsəri kimi çox fərqlənirdik. Bircə oxşar cəhətimiz sənəti sevməyimiz idi.
İ.Ə. – Mən də “İlham” Miniatür Teatrından gəldim və istər-istəməz üslubu, o teatrın ifadə formalarını oyunumda bu teatra da gətirə bildim. Bütün hallarda biz gələn kimi bir orqanizmə çevrilib, o teatrın mərkəzinə düşə bildik. Sevgimiz teatrdır, səhnədir.
– Üç teatrın birləşmə dövrünü siz necə keçdiniz, o bir qazanda qaynamaq məqamında hamı bişə bildi?
G.N. – Müəyyən zamanlar bu fərqlilik daha qabarıq hiss olunsa da, öz həllini tapdı. Teatr sevgisi olanlar buna daha tez alışdı və teatrın üzvünə çevrilə bildi.
İ.Ə. – Normal düşüncəli insan, bacarıqlı aktyor öz üzərində işləyərkən həm də teatrının mənafeyini, maraqlarını güdməlidir. Bir teatrın aktyor potensialı nə qədər geniş olarsa, truppa bir o qədər yaxşı işlərə imza ata bilər. Həm də biz bir-birimizi teatrlar birləşənədək də tanıyıb, dostluq edirdiksə, niyə bir truppada toplaşandan sonra düşmən olaq? Teatr orada çalışan heç kəsin şəxsi malı deyil ki? Bir səhnədən yüzlərlə aktyor keçir. Yadda qalanlar istedadlı və bacarıqlıları, sənətə peşəkar yanaşanları olur. Söz-söhbət, münaqişə sabun köpüyü kimi bir şeydir.
G.N. – Hər aktyor öz potensialına, imkanlarına, üslubuna, ifa maneralarına uyğun rolları arzulasa və ona təqdim olunan, rejissorun onda gördüyü rolu ustalıqla ifa edə bilsə, siz deyən hallar da yaşanmaz. İnsan gərək kənardan özünə baxa bilsin. Mən indi istəsəm də, 18-20 yaşlı gənc qızın obrazını canlandıra bilmərəm. Etsəm də, gülməli alınar. Buna görə dava eləməyim də absurd alınar. Lap elə götürək Kamera Teatrında çalışdığım vaxtları. O teatrda əksər gənc qadın qəhrəmanlarını, baş rolları mən oynayırdım. Durub burada da köhnə yaşımın davasını edim? Öz həddimi bilirəm və özümü rejissordan da əvvəl səhnədə görürəm. Artıq mənim sənətdəki o yerim keçib yaşlı obraza – anaya, xalaya, nənəyə.
– Yeri gəlmişkən, o yaş səddini, yaşlanmağı qəbul etmək baryerini asan keçdiniz? Təbii ki, söhbət səhnə yaşından gedir...
G.N. – Vallah, mən hələ də elə bilirəm 18 yaşındayam.
İ.Ə. – Mən əslində 50 yaşdan çox qorxurdum. Ümumən qocalmaqdan çox qorxurdum. Gənclik illərimdə oturub 50 yaşımı, ondan sonrakı dövrü təsəvvür edəndə vahimə basırdı. Bilsəydim 50 yaşında da belə qalacam heç dərdə düşüb, fikirdən özümə xəstəliklər yığmazdım. İndi özümü daha xoşbəxt sayıram və bu yaşı yaşamağı mənə qismət etdiyinə görə Rəbbimə təşəkkür edirəm.
– Deyir, insan yaşlandıqca kamilləşir. Emosionallıq, aktyorlara xas çılğınlıq da 50 yaş qapıdan girən kimi çıxdı?
İ.Ə. – Hə, sorğu-sualsız (gülür). Hiss edirəm, kamilləşirəm, ağırlaşıram. Əvvəl çox çılğın, emosional idim. İndi xeyli sakit olmuşam. Düzdü, səhnədə çılğınlıq qalıb və yaxşı aktyorun səhnə işartısı çılğınlığıdır. Amma həyatda, yox, artıq özümə nəzarəti saxlaya bilirəm.
G.N. – Siz deyən o çılğınlığı çox vaxt həyatda da edirəm və birdən özümə kənardan baxıb “Yox, Gülər, bir az yavaş, sən 20 yaşında deyilsən” deyirəm. Düzdü, arada daxildəki çılğın Gülərlə xaricdəki qadın arasında söz-söhbət olur, sonra razılığa gəlirik.
İ.Ə. – İndi heç əvvəlki qocalıq da yoxdur indi. Nə əvvəlki nənələr, nə babalar, nə qırışmış üzlər, nə ağarmış saçlar var...
– Siz deyən cavanlığı kosmetik-cərrahi müdaxilələr həll edir, mən ürəyin yaşından danışıram. Məncə, aktyorları ruhən daha çox son bir il – teatrsızlıq, səhnədən uzaq olmaq qocaltdı. Sizi bilmirəm, mənə çətin gəlir.
İ.Ə. – Görün, biz nə həyəcan keçirdirik. Haqlısınız, çox uzun fasilə oldu və əksəriyyətimiz formasını itirdi. Adlarını çəkməyəcəm, bir neçə aktyor var ki, konkret olaraq repertuardakı bir neçə tamaşada oynayırdı və onlar indi elə yaşlanıb, elə formadan düşüblər ki, çətin həmin rolları ifa edə bilsinlər. Sizə zarafat gəlməsin, biz aktyorlar teatrların mövsümdən mövsümə keçidini çətin adlayırdıq, nəinki belə uzun fasiləni.
– Yaxşı məqama toxundunuz. Ümumən aktyor plastilin kimidir və yaxşı rejissorun əlində universal, mükəmməl formalı fiqura çevrilə bilir, deyirlər. Necə düşünürsünüz, hər plastilindən, işlənmədikcə daşlaşan materialdan da yaxşı fiqur alınar?
G.N. – Aktyor həmişə formada olmalıdır və təhsili, yüksək peşəkarlığı, illərinin təcrübəsi ilə kifayətlənməməlidir. Bütün bunları özü üçün həll edən aktyorun sonrakı məsuliyyəti rejissorun üzərindədir. Rejissor istəsə, ondan möhtəşəm əsər də yaradar, yaxud əksinə.
– Düşünürəm ki, rejissora haqsızlıq edirsiniz və aktyorun yükünü də onun üzərinə yıxırsınız. Bizdə zatən oturuşmuş düşüncə var: pis tamaşa rejissorun, yaxşı tamaşa aktyorun əsəridir.
G.N. – Aktyor hazır olmasa, rejissor istəsə də ondan heç nə yarada bilməz.
İ.Ə. – Yox, vallah, elə hər zaman yükün ağırlığı aktyorun üzərində olur. Yaxşı tamaşa alınırsa rejissora təriflər yağır, pis tamaşa alınırsa aktyorlar qınanıb, bacarıqsız hesab olunur. Rejissor onsuz da bir bəhanə tapıb özünü təmizə çıxardacaq. Yük yenə də yazıq aktyorun çiynində qalacaq. Təbii ki, istisnalar da olur.
– Tamaşanın hakimi-mütləqi rejissordur və rol bölgüsünü də əsas etibarilə o edir. Bu, öz yerində. Bir də aktyorun özünü o obrazda görüb-görməməyi var.
İ.Ə. – Siz deyən məsuliyyətli aktyordur və onun bu etirafını da heç də hər rejissor anlamır. Mən əvvəllər, teatra yeni gələndə ciddi rollardan qorxurdum və bunu hiss etdirməsəm də, çətinliklə öhdəsindən gəlirdim. Roldan imtinanı isə daha çox televiziya seriallarında edirəm. Bəzən elə rollar təklif olunur ki, orada görünüb populyarlaşmaqdansa, elə evimdə oturmaq daha yaxşıdır. Bu yaşdan sonra özümü gözdən sala bilmərəm. Həm mən heç əvvəldən baş rolda oynamağı sevməmişəm. Elə bir ehtirasım yoxdur. Yaxşı aktyor kimi ikinci, üçüncü dərəcəli rolu da ifa edəndə tamaşaçı sənə baxır.
G.N. – Aktyorun potensialını duyan rejissor heç vaxt yanılmır. Üstəlik, vacib məqam baş rolun, əsas qəhrəmanın kölgəsində gizlənmək deyil. Yaxşı aktyor xarakterik obrazı təqdim edəndir.
– 50 yaşınızı necə qeyd elədiniz?
G.N. – Pandemiyadan sonra özümü yazı-pozuya vermişdim. Xeyli esse yazdım. Onlardan da bir neçəsi tamaşalarımla, teatrla bağlı idi. Sırf yubileyimə oynadığım qəhrəmanların iştirakı ilə bir səhnələşdirmə də qurdum. Elə bu günlərdə daha iki essemi yazdım. Hətta evdəki əşyaların köməyi ilə mizan da qurub, tərtibat da verdim. Teatr ehtiyacımı belə ödəməyə çalışdım.
Gülər xanım cavabını esselərinin bir neçəsini səsləndirməklə, şeir deməklə genişləndirdikcə tərəf-müqabil yenidən narahat olmağa başladı və öz cavab nitqini deməyə çalışdı. Emosional xanım bu dəfə də onun arzusunu ürəyində qoydu.
İ.Ə. – Mən də özüm üçün yubileyimə hazırlaşmışdım. Müharibə, şəhidlərimiz məni başqa ovqata köklədi. Ordumuza, Ali Baş Komandanımıza təşəkkür edirəm, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onlar bizim başımızı ucaltdı, sınmış qürurumuzu bərpa etdi.
G.N. – Bizim ən böyük hədiyyəmizi ordumuz, Ali Baş Komandanımız verdi, biz qalib olduq. Hə, yaxşı yadıma düşdü, bir essemi də Suqovuşana aid yazdım. Qoyun, bir neçə cümləsini oxuyum. Bilirsiniz, nə qədər qeydlər eləmişəm. Durmadan yazıram.
İ.Ə. – Hə? Yəqin sən çox bekarsan. Sənin başqa işin-gücün yoxdur (gülür)?
– Deyəsən, İlham müəllim artıq əsəbiləşir.
İ.Ə. – Yox, əksinə, xoşuma gəlir. Qoy oxucular da bilsinlər ki, biz kişilər qadınlardan nə çəkirik. Yaxşı oldu, Gülər danışdı, mən istirahət elədim. Siz imkan olsa, onun dediklərindən bir-ikisini də mənim adıma yazarsınız, rahatlaşarıq (gülürük).
G.N. – İlham, pandemiya vaxtı bir neçə serialda, sosial layihədə çəkildim, bekar olmadım. Sadəcə, mən də belə dincəlirəm də.
İ.Ə. – Pandemiyada fürsət tapıb mən də bir neçə serialda oynadım. Bu mənada pandemiyaya o qədər də acıqlı deyiləm. Bir növ bəxtim açıldı (gülür), televiziya ekranlarında daha çox görünməyə başladım.
– Vaxtilə kinomuzun qızıl dövrü illərlə səhnədə külüng çalsa da, kütləvi tanınmayan aktyorlarımızı da bir-iki filmlə məşhur etdi. İndi də aktyorları televiziya məşhurlaşdırır...
İ.Ə. – Burada kəmiyyətlə keyfiyyət məsələsi arabir uzlaşmır. İndi kanallar çox olsa da, tanınmaq çətindir. Bu tanınmaq istəyi də qəribədir, vallah. Elə gənc aktyorlar var ki, tanınmaq istəmirlər və tanınırlar. Məndə isə, əksinə. Ömrü boyu məşhur olmaq istəmişəm və təəssüf ki, hələ buna nail olmamışam.
G.N. – Əsas enerji mübadiləsidir. İstər səhnədə, istərsə də ekranda tamaşaçı ilə aktyor arasında rabitə yaranmalıdır. Olmasa, çətin.
İ.Ə. – Tamamilə düzdür. Biz aktyorlar səhnəyə tamaşaçı üçün çıxırıq, onlardan ilham alırıq. Ona görə də tamaşaçı az gələndə gözümüz zaldakı boş yerlərə ilişib qalır, bütün enerjimiz tükənir. Doğrudur, 10 nəfər tamaşaçı gəlsə də, biz onlar üçün oynamalıyıq. Amma, dolu zal, diqqətlə sənin hər hərəkətini izləyən tamaşaçı daha gözəldir.
G.N. – Ən zəif aktyoru da səhnədə qiymətləndirmək lazımdır. Burada həmkarların bir-birinə münasibətindən söhbət gedir. Çünki sən onunla birlikdə o səhnənin tozunu udur, o tamaşaçının yaddaşında qalırsan.
Teatr, tamaşaçının ona münasibətindən səhnə arxasına keçidə qədər daha bir neçə mizanlıq söhbətimizi səhnədə görüşmək həvəsi ilə bitirdik. Son tamaşaları və yarımçıq məşqlərindən də bir-birinə aman vermədən, uşaq həyəcanı ilə danışdılar 50-ni adlamış gənclər...
Həmidə NİZAMİQIZI