Avstraliyanın Kvinslend ştatının hökuməti turizm sektorunda çalışmaq üçün buraya gələnlərə əlavə əməkhaqqı və digər güzəştlər təklif edir.
Bu barədə müraciətlə ştatın hökumət başçısı Anastasiya Palaşuk çıxış edib. Baş nazir bildirib ki, həmin region dünyanın ən gözəl məkanlarından biridir və hazırda karantindən sonra burada bərpa işləri sürətlə aparılır. Lakin regionun turizm sektorunda kəskin işçi qüvvəsi çatışmazlığı özünü göstərir.
“Dostlarınızı götürərək turist şirkətlərinə işləməyə gəlin və cənnətdə yaşayın”, - deyə o bildirib.
İyulun 1-dən başlayacaq “Cənnətdə iş” adlı layihə çərçivəsində başqa yerlərdən gələnlərə 1165 ABŞ dolları məbləğində yerləşmə vəsaiti və 195 dollar yol xərci ödəniləcək. Həmin şəxslərə çox da baha olmayan yaşayış yerləri təqdim ediləcək.
Ştat hökumətinin bu layihəyə ümumilikdə 7,5 milyon dollar vəsait ayırdığı bildirilir.