İyunun 18-20-də Türkiyənin Antalya şəhərində Antalya Diplomatiya Forumu (ADF) keçiriləcək.

Türkiyə Xarici İşlər Nazirliyinin  İnformasiya şöbəsinin müdiri, ADF-nin koordinatoru, səfir Murat Karagözün verdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəçiliyi və iştirakı ilə gerçəkləşəcək tədbirə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da qatılacaq.

M.Karagöz deyib ki, “Yenilikçi diplomatiya: yeni dövr, yeni yanaşmalar” adı altında keçiriləcək foruma dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın diplomat dəvət olunub. 

ADF-də 15-dək mövzuda panellərin nəzərdə tutulduğunu bildirən M.Karagöz “Cənubi Qafqaz. Regional sülh və əməkdaşlıq üçün yeni fürsətlər” mövzusunda müzakirələrin olacağını da qeyd edib.

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında 2020-ci ilin 10 noyabrında imzalanan Birgə Bəyannamədən sonra yeni bir mərhələyə qədəm qoyub.  Bu uzlaşma bölgədə əməkdaşlığı canlandıra və əlaqə qura bilən davamlı sülh və sabitliyə yol açmaqdadır. Bununla birlikdə, otuzillik münaqişədən sonra  ölkə daxilində öz yurdlarından didərgin düşən məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıdışı, Qarabağın hərtərəfli olaraq yenidən qurulması, regionda davamlı iqtisadi və sosial bərpa,  uzunmüddətli normallaşmanı asanlaşdırmaq üçün təcili olaraq həll edilməsi lazım olan məsələlər var. İclasda bu məsələlər, regionda rol oynayan qüvvələrin əməkdaşlığı, problemlərin həll yolları müzakirə olunacaq”, – deyə diplomat bildirib.

Mehparə SULTANOVA
Ankara