Dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı səkkiz əsrdir insanları düşündürür. Sözün əsl mənasında, sirlər xəzinəsi olan Nizami irsi Şərq və Qərb poetik-fəlsəfi fikrinin inkişafına təkan verib. Sairin bəşəriyyəti sülhə, səadətə, humanizmə çağıran ideyaları beş poema-məsnəvi – “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” vasitəsilə bizlərə gəlib çatıb. Nizaminin “Xəmsə”si Azərbaycan mədəniyyətinin elçisi kimi dünya mədəni irsinin zənginləşməsinə töhfə olub, eyni zamanda ölkəmizdə və xaricdə elm, ədəbiyyat və mədəniyyət xadimlərinin yaradıcılığını genişləndirib.
Nizami mövzuları Azərbaycan musiqisində də şedevr əsərlərin yaranmasına vəsilə olub. Bunlardan biri də görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun şairin “Yeddi gözəl” poeması əsasında yazdığı “Xeyir və Şər” baletidir. Musiqişünas Nərgiz Qulamova ilə əsərin ideya-sənətkarlıq xüsusiyyətləri haqqında həmsöhbət olduq.
– Nərgiz xanım, xeyir və şər məfhumları bəşəriyyətin əbədi, əzəli mövzularıdır. Dahi Nizaminin də bu ənənəvi mövzuya məxsusi baxışı var. Bəs Tofiq Bakıxanov bu problemi baletdə necə qoyur?
– Xeyir və Şər mövzusunu Nizaminin yaradıcılığında aparıcı mövzulardan hesab etmək olar. Əslində, bu mövzunun kökləri çox dərindir. Xeyirlə şərin qarşıdurmasını şifahi xalq ədəbiyyatından, nağıllardan, dastanlardan, hətta dini rəvayətlərdən bilirik. Nizami bu mövzunu yüksək poetik dillə, yüksək sənətkarlıqla qələmə alıb. “Xeyir və Şər” “Yeddi gözəl” poemasında Çin gözəlinin Bəhram şaha söylədiyi nağıl-rəvayətlərdən biridir. Müəllif burada Şərin müvəqqəti qələbəsindən sonra, yenə axırda Xeyirin təntənəsini göstərir. Bu hekayətdən çıxarılan məntiqi nəticə budur: Şər – haqsızlıq nə qədər hökm edirsə-etsin, Xeyir – həqiqət axırda ona qalib gələcək.
Tofiq Bakıxanovun yaradıcılığında “Xəzər balladası”, “Şərq poeması” baletləri ilə yanaşı, “Xeyir və Şər” baleti də özünəməxsus yer tutur. Bir cəhəti xüsusi vurğulamaq istərdim ki, Tofiq Bakıxanov balet yaradıcılığında öz müəllimi, böyük bəstəkar Qara Qarayev ənənələrinin davamçısı kimi çıxış edir. Diqqəti cəlb edən cəhətlərdən biri də odur ki, Q.Qarayev Nizaminin “Yeddi gözəl” poemasına müraciət edərək ümumiləşmiş planda böyük bir musiqili-xoreoqrafik dram yaratmışdısa, T.Bakıxanov bu poemadan yalnız bir gözəlin – Çin gözəlinin hekayəsi əsasında dərin məzmunlu, emosional əsər bəstələyib.
“Xeyir və Şər” baleti 1991-ci ildə, Nizami Gəncəvinin 850 illik yubileyi ərəfəsində yazılıb və yubiley münasibətilə Mədəniyyət Nazirliyinin Bəstəkarlar İttifaqı ilə birgə keçirdiyi müsabiqədə mükafata layiq görülüb. Baletin musiqisi ilk dəfə 1992-ci ildə keçirilən Azərbaycan bəstəkarlarının simfonik musiqi plenumunda İsmayıl Hacıyevin dirijorluğu ilə Azərbaycan Dövlət Filarmoniyasında ifa olunub.
– Bildiyim qədər, balet uzun illər səhnələşdirilməyib...
– Əsər Akademik Opera və Balet Teatrında dinlənilib qəbul olunsa da, ilk dəfə kiçik səhnədə – Şövkət Məmmədova adına Opera studiyasının səhnəsində Bakı Xoreoqrafiya Məktəbinin müəllim-tələbə kollektivinin iştirakı ilə tamaşaya qoyulmuşdu. Tamaşanın musiqi rəhbəri Yaşar İmanov idi, əsər Azərbaycan Televiziyası və Radiosunun simfonik orkestrinin müşayiəti ilə oynanılırdı. Bu tamaşa Azərbaycan Televiziyasında da nümayiş olunub. Balet 16 ildən sonra, 2008-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilib və repertuara daxil edilib. “Xeyir və Şər” baletinin libretto müəllifi baletmeyster Rəşid Əhmədov, quruluşçu xoreoqrafı Tamilla Şirəliyeva, quruluşçu rəssamı Tahir Tahirov, musiqi rəhbəri Cavanşir Cəfərov idi. Rollarda balet truppasının aparıcı artistləri – Rimma İsgəndərova, Gülağası Mirzəyev və başqaları çıxış etmişdilər.
– Həmin vaxt tamaşa necə qarşılanmışdı?
– “Xeyir və Şər” də musiqi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış, dövri mətbuat səhifələrində musiqişünasların rəyləri çap olunmuşdu. 2020-ci ildə, bəstəkarın 90 illik yubileyi ərəfəsində Bəstəkarlar İttifaqı tərəfindən nəşr olunmuş “Tofiq Bakıxanovun baletləri” kitabında (Bakı, 2020, tərtibçi Günay Məmmədova, redaktor Rafael Hüseynov) həmin məqalələr toplanaraq işıq üzü görüb.
Balet Xeyirlə Şər arasındakı əbədi mübarizədən – fəlsəfi və həyat həqiqətindən bəhs edir. Əsərin iştirakçıları mərhəmətli Xeyir, qəzəbli Şər, qızlar, quşlar, simvolik güllərdir. Bu personajlar baletin dramaturji konfliktinin əsas cəhətləridir. Əsərdə qarşı-qarşıya qoyulmuş məhəbbət və nifrət, mərdlik və xəyanət sonda Xeyirin qələbəsi ilə tamamlanır. Göründüyü kimi, baletin musiqi və libretto müəllifləri Nizaminin poemasından əsas ideyanı – Xeyir və Şər qüvvələrin qarşıdurmasını götürərək, onu özünəməxsus, müasir tərzdə, musiqi və rəqs dilinə çevirərək simvolik obrazlar vasitəsilə tərənnüm ediblər.
Bəstəkar eyni zamanda Xeyirlə Şərin mübarizəsini daha dolğun təcəssüm etdirmək üçün baletə yeni personajlar əlavə edib. Məsələn, Lian oazisinin sahibəsi Gültəkin, həyat ağacı Kök-saqqız və s. baletin məzmununa rəngarənglik qatır.
– Baletin musiqi dili barədə də fikirlərinizi bölüşərdiniz.
– Baletin musiqisi 17 nömrədən ibarətdir. Nömrəli quruluşa baxmayaraq, balet vahid simfonik inkişafa əsaslanır və tam vəhdət halında qəbul olunur. Bütün nömrələrin məzmunundan görünür ki, baletin musiqisi bir-biri ilə təzad təşkil edən, lakin vahid kompozisiya şəklində üç səhnədə birləşdirilib: Proloq – “İntrada”, “Səhra” - “Oazis”, Epiloq – “Xeyirin qələbəsi”. Bunlar həm də baletin süjet xəttini xarakterizə edən dramaturji düyün nöqtələridir. Məhz bu səhnələrdə baletin obrazları qarşılaşdırılır və inkişafa təkan verən hadisələr öz əksini tapır. Göründüyü kimi, biraktlı baletin quruluşunda özünü göstərən üç mərhələ özlüyündə dramaturgiyanın inkişafından irəli gəlir.
Balet İntrada ilə başlanır. Burada baletin bütün personajlarının ilkin təqdimatı – ekspozisiyası təqdim olunur. Eyni zamanda Xeyir və Şərin konfliktinin ilk sədaları da girişdə özünü göstərir. Əzəmətli şeypur səslərindən sonra əlvan boyalı, aram rəqsdə Xeyir və Şər ulduzunun bərq vurması öz ifadəsini tapır. Səyyahlar – Xeyir və Şər yola çıxırlar. Addım-addım irəliləyən qəhrəmanları müşayiət edən musiqidə hadisələrin fəlakətə doğru gedişi duyulur... Əsərin kulminasiya səhnəsi olan “Səhra”da bütün personajlar yenidən qarşı-qarşıya qoyulur. Bu səhnədə dəvələrin zəng səsləri, aramlı hərəkətləri, qızmar günəşin yaxıb-yandırması gözümüz qarşısında canlanır. Səhranın ortasındakı “Oazis” səhnəsi isə gərgin yolçuluqdan sonra yolçuların dincəlməsini təsvir edir. Səhra və Oazis hadisələrin cərəyan etdiyi əsas məkana çevrilir. Burada “Şərin təntənəsi” hazırlanır. Ehtiyatsız Xeyir öz dostu Şərin xəyanətini ağlına gətirmir. Dramaturji gərginliyin daha da artırılması məqsədilə müəllif kulminasiyanı bir qədər də geri çəkir. “Gültəkinlə Xeyirin dueti” ənənəvi balet adajiosu olub, lirik hisslər aləmini təcəssüm etdirir.
Kulminasiyada əsas dramatik personajların bir-biri ilə toqquşması və şər qüvvələrin qabarıq təsviri önə çıxır. Əsərin növbəti emosional zirvəsi “Səhrada döyüş”dür. Bu səhnə əsasən Gültəkin obrazı ətrafında cərəyan edir. Sevgilisini xilas etməyə çalışan fədakar Gültəkin ağır yaralanır. Onun portretini səciyyələndirən melodiya öz incəliyi və cəsurluğu ilə diqqəti cəlb edir. “Taleyin qisməti”, “Qəhrəmanların iztirabı” kədərli hissləri dərinləşdirir. “Şər qüvvələrin toplanması” səhnəsində Şər Xeyirin sevgilisi Gültəkini oğurlamaq istəyir, lakin bütün canlı-cansız təbiəti təmsil edən personajlar ona mane olur...
Baletin son epizodu – final səhnəsi Xeyirin qələbəsi ilə bitir. Təntənəli final əsl bayram yürüşünü xatırladır. Xeyirin qalibiyyəti parlaq surətdə, möhtəşəm musiqi ilə tərənnüm olunur.
– Baletin musiqi məzmununda hansı janrlar əhatə olunub?
– Musiqi məzmununda bəstəkar öz yaradıcılıq üslubuna sadiq qalaraq muğamlardan, ənənəvi musiqinin digər janrlarından yaradıcı şəkildə istifadə edib. Burada “Humayun”, “Bayatı-Şiraz”, “Şur”, “Segah”, “Çahargah” muğamlarının melodik intonasiya xüsusiyyətləri özünü qabarıq göstərir. Bir sözlə, əsərin musiqi məzmunu muğamvarı melodiyalara əsaslanır.
Hər bir muğamdan istifadə müəyyən emosional təsir qüvvəsini açıqlayır. Baletin finalında “Çahargah”dan istifadə edilməsi özünəməxsus məna yükü daşıyır. Belə ki, muğamın ehtiraslı, həyəcanlı xarakteri səhnənin ümumi ruhunu və parlaq qalibiyyət məzmununu tərənnüm etdirir.
Muğam melodiyaları ilə yanaşı, bəstəkar xalq rəqs melodiyalarından da istifadə edib, bu baxımdan, “Uzundərə” rəqsinin intonasiyaları Xeyirlə Gültəkinin səhnəsində təravətli səslənir. Ümumiyyətlə, baletin musiqi dili T.Bakıxanovun yaradıcılıq üslubunun yüksək professional səviyyəsini nümayiş etdirir.
Beləliklə, Nizami mövzularının bəstəkar Tofiq Bakıxanovun yaradıcılığında musiqi və rəqs ifadə vasitələri ilə yeni yozumda təcəssüm olunduğunu qeyd etməliyik. Nizami bu gün də bizə musiqi dili ilə Xeyir və Şər həqiqətlərini anlatmağa davam edir...
Lalə AZƏRİ