Səbinə Şıxlinskayanın rəsm və instalyasiya sərgisi
Bakı Müasir İncəsənət Muzeyində Bakı Höte Mərkəzi (Goethe-Zentrum Baku), Latviya Respublikasının və İsveç Krallığının ölkəmizdəki səfirlikləri və “Platform Art” təşkilatının birgə dəstəyi ilə Əməkdar rəssam Səbinə Şıxlinskayanın “Yaxından” adlı fərdi sərgisinin açılışı olub.
Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinov tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib və Səbinə Şıxlinskayanın yaradıcılığından söhbət açıb. “Səbinə Şıxlinskaya rəssamlıqda öz üslubu ilə seçilir. Biz şadıq ki, bu gün onun burada sərgisi açılır”, – deyə o bildirib.
Səbinə Şıxlinskaya Müasir İncəsənət Muzeyinin direktoruna, muzeyin əməkdaşlarına və sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib: “Bu gün mən şadam ki, siz bu sərgidə iştirak edirsiniz. Mən bugünkü sərgini tək Azərbaycan deyil, bütün dünya neftçilərinə həsr etmişəm”.
İsveçrənin Azərbaycandakı səfiri Müriel Peneveyre çıxış edərək bildirib ki, pandemiya şəraitində belə bir sərginin açılışı heç də asan deyil. Neft həyatımızın mühüm hissəsini təşkil etdiyindən bu sərgiyə maraq olduqca böyükdür.
Tədbirdə çıxış edən Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançs, İsveç səfiri Kristian Kamill rəssamın peşəkarlığını vurğulayaraq sərgini təqdir ediblər.
Sonra qonaqlar nümayiş olunan əsərlərlə tanış olublar.
“Yaxından” layihəsi müasir incəsənət əsərlərinin multimedia sərgisidir. Sərginin əsas mövzusu neft sahəsinə və neftçilərin həyatına həsr olunub. Sərgidə monumental rəsm əsərləri, video və səs instalyasiyaları təqdim olunub.
Sərgi iyulun 27-dək davam edəcək.